Milli mətbuatın yubileyinə musiqi töhfəsi

post-img

Bakının Yasamal rayonunun Heydər Əliyev Mərkəzində “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş film-konsertin təqdimatı keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilmiş “Bəhram Nəsibov əsərlərdə” adlı layihədə bir neçə mövzunun vəhdətinə uğurla nail olinib. Milli mətbuatımızın yaranması, keçdiyi şərəfli yol, yetirdiyi şəxsiyyətlər, Ulu öndərin mediaya dəstəyi və bu dəstəyin bu gün də davam etdirilməsi layihədə geniş əksini tapıb. Həsən bəy Zərdabi həm maarifçi jurnalist, həm də təbiət elmləri üzrə mütəxəssis – torpaqşünas olduğu üçün film-konsertdə mətbuat və ekologiya mövzusu musiqi harmoniyasında özünün audiovizual ifadəsini tapıb.

Təqdimatda ictimai birliyin sədri Adil Nəsibov layihənin yaranma səbəbi və hazırlanması haqqında məlumat verib. Film-konsetdən fraqmentlər verilib. Kadrlarda “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun milli mətbuatımızın keçdiyi şərəfli yol, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovun ölkəmizdə təbiəti mühafizə çərçivəsində aparılan yaşıllaşdırma işləri barədə verdikləri müsahibələr maraqla qarşılanıb. Milli Konservatoriyanın baş müəllimi, dirijor Aysel Bağırova isə film-konset üçün seçilmiş tematik mahnıları peşəkarlıqla təhlil edib.

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov film-konsertin ictimai əhəmiyyəti haqqında, “Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlı, “Carçı” jurnalının təsisçisi və baş redaktoru, Yasamal rayonu üzrə Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva milli mətbuatımızın 150 illik şərəfli yolundan söz açıblar. Mərasimdə bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun mahnı və şeirləri səsləndirilib. Film-konsertdən respublika müğam müsabiqəsinin qalibi Nurlan Səfərovun ifasında “Əkinçi”, Fövqəladə Hallar Nazirliyi Akademiyasının hərbi orkestrinin solisti Anar İlhamlının ifasında isə “Jurnalist ömrü” mahnılarının verilməsi tədbirə xüsusi rəng qatıb.

XQ

Mədəniyyət