“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb

post-img

İyulun 18-də “Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinə start verilib.

Açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, maliyyə naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, qaliblər və finalçılar iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər “Yüksəliş” müsabiqəsinin ölkədə idarəetmə potensialına malik, peşəkar və perspektivli kadrların seçilməsi və inkişafında oynadığı mühüm rolu vurğulayıblar. Qeyd edilib ki, 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Yüksəliş” müsabiqəsi bu gün artıq milli insan kapitalı siyasətinin mərkəzi alətlərindən birinə çevrilib. Bu təşəbbüs idarəetmə sahəsində davamlı inkişafa xidmət edir. Beşinci mövsümün final mərhələsi də bu konseptin davamı kimi dəyərləndirilib və müsabiqənin ölkə üçün strateji əhəmiyyəti bir daha önə çəkilib.

Müsabiqənin builki konsepti Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqələndirilib. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin beşinci ildönümü və “Yüksəliş” müsabiqəsinin beşinci mövsümü eyni ilə təsadüf edir.

Qeyd edək ki, final mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 55 ekspert cəlb edilib. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı”(Assessment Conference) metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır. Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdirəcəklər.

Üç gün davam edəcək bu mərhələdə əvvəlki dörd mərhələni uğurla tamamlayan 124 iştirakçı mübarizəyə qatılıb. Final mərhələsi iyulun 20-də başa çatacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq. Bununla da beşinci “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.

 

Son xəbərlər