Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2025-ci ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, ötən illərdə olduğu kimi, 2025-ci ilin birinci yarımilində də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun, o cümlədən hərbi prokurorluğun uğurları davamlı hal alıb.
Hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 10 faiz, qeyri-hərbi cinayətlər 2,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18,6 faiz azalıb.
Eyni zamanda, 2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9, o cümlədən hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri 45,3, fərarilik cinayətləri 70, eləcə də, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 52,9, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 18,2, özünüöldürmə həddinə çatdırma cinayətləri 50 faiz azalıb, qəsdən adamöldürmə və qəsdən sağlamlığa ağır zərərvurma cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.
Sonra məruzə ətrafında çıxışlar olub.