Xəzər dənizinin sahilboyu ərazilərində profilaktik tədbirlər aparılır

post-img

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Məlumatı DİN  mətbuat xidməti yayıb. 

Paytaxtın Xətai, Sabunçu, Səbail rayonlarında, Sumqayıt şəhərində, eləcə də respublikanın Astara və Xaçmaz rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı sularının kənara təyinatsız axıdılması, qadağan olunmuş yerlərdə tütün çəkilməsi və meşə fonduna daxil olmayan ağac və kolların zədələnməsi halları aşkar edilib. 

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 6, qadağan olunmuş yerlərdə tütün çəkən 1, ağac və kolları zədələyən 1 şəxs olmaqla ümumilikdə 18 nəfər barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Bir daha diqqətə çatdırırıq ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat