Qız qalasında Vyetnam günləri

post-img

İçərişəhərin tacı olan Qız qalası meydanında xüsusi mədəni-əyləncəli proqram - Vyetnam günləri keçirilib.

Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşan tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirib.

Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənib, zəriflik və ənənənin təcəssümü sayılan ölkənin milli qadın geyimi - “Ao Zai” nümayiş olunub. Qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunub.

Vyetnam günləri Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluq tədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən qəzetimizə bildirildi ki, tamaşaçılar Vyetnam mədəniyyəti – bu ölkənin milli geyimləri, mətbəxi, təsviri sənəti ilə tanış olurlar.

Fidan SALMANOVA
XQ



Sosial həyat