Naxçıvanda “Jurnalist ömrünün əbədiyyət nəğməsi” adlı kitabın təqdimatı keçirilib

post-img

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov qeyd edib ki, kitab hər bir azərbaycanlı üçün mübarizlik salnaməsidir. Hər kəsə örnək olan igid, vətənpərvər jurnalistlərimizin amalı həmişə Vətən, millət olub. Şəhid-jurnalist Məhərrəm İbrahimovun timsalında vətənpərvər övladların həyat hekayəsi bütün dünyaya Vətən sevgisinin nə olduğunu sübut etdi. Qələmini silaha dəyişən mətbuat işçiləri bu gün də vətənpərvərlik missiyalarını layiqincə yerinə yetirirlər.

Kitabın müəllifi, şəhid-jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, bu kitab yaşadığımız müstəqillik dövrünün olduqca maraqlı və yaddaqalan epizodlarını öz səhifələrində dolğun bir şəkildə canlandırır. Kitab bir reportyorun həyat hekayəsi olmaqla yanaşı, həm də geniş mənada son 20 ilin, o cümlədən 44 günlük Qarabağ savaşının mötəbər salnaməsi və Məhərrəm İbrahimovun tarixə yaradıcılıq əmanətidir. Kitabda Vətən müharibəsində qazanılan zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə dolğun materiallar əks olunub.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Sevərək yaşadı, sevilərək xatırlanır” və Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Milli mətbuatımızın şəhid jurnalistləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Məhərrəm İbrahimov İkinci Qarabağ savaşının ilk şəhid-jurnalisti olub. Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, yüksək vətənpərvərlik hissinə malik Məhərrəm 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi. O, daim qaynar nöqtələrə üz tutur, hadisələrin mərkəzinə can atırdı. 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüş jurnalistin ömür nəğməsi əbədi olaraq yaşadılacaq.

Sonra şəhid-jurnalistin ailə üzvləri, yaxınları kitab haqqında öz fikirlərini bildiriblər, şəhidlə bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda kitabın müəllifi Əsgər İbrahimov kitabxana rəhbərliyinə təşəkkürünü bildirib və iştirakçılara kitabı hədiyyə edib.

Sosial həyat