Torpaq üçün canından keçmiş, əbədi qəhrəmanlıq simvollarından birinə çevrilmiş Tərzan Həşimovun ömür yolu igidlik və şücaətlə dolu şərəfli bir həyatdır.
Tərzan Qəhrəman oğlu Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailəsi onu milli-mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda böyüdüb. Kiçik yaşlarından dürüstlüyü, cəsurluğu, məsuliyyəti və Vətən sevgisi ilə seçilib. Elə bu cəhətlərinə görə də hərbçi olmaq istəyib.
Qəhrəmanımız Tərzan Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alaraq, Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətə başlayıb. Daha sonra Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət etməyə başlayıb, peşəkar hərbçi kimi yetişib. O, rabitəçi gizir olub və bu sahədəki xüsusi bilikləri ilə seçilib. Döyüş yoldaşlarının söylədiklərinə görə, düşmənin dilini səlis bilməsi onun çox karına gəlib. Bir neçə dəfə düşmənlə rabitəyə girib, onu çaşdırıb sirrlərini alıb və əldə etdiyi zəruri məlumatlar sayəsində onların texnikasını məhv etmək imkanından yararlanıb. Bu, onun nə qədər bacarıqlı və qətiyyətli hərbçi olduğunu sübut edir.
Azərbaycan Ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin aramsız artilleriya atəşinə məruz qalması ilə başlanan 2016-cı ilin məlum aprel döyüşlərinə Tərzan Həşimov da qoşularaq, ön cəbhədə əməliyyatlarda iştirak edib. Döyüş zamanı yaralanmasına baxmayaraq, güclü iradə ilə hərəkət edərək neytral zonada həlak olmuş bir əsgərimizi çıxarıb və bununla da əsl qəhrəmanlıq nümunəsi göstərib.
Şanlı Vətən Müharibəsinə isə gizir Həşimov elə ilk gündən – 2020-ci il sentyabrın 27-dən qatılıb və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda mücadilədə ön sıralarda yer alıb. O, Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Məhz müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik istedadı və hərbi-siyasi qətiyyəti, eləcə də Tərzan Həşimov kimi igid oğulların misilsiz xidmətləri və xalq–ordu birliyi sayəsində 44 günlük müharibə Azərbaycanın hərb tarixində dönüş nöqtəsi oldu və bizi tarixi zəfərə qovuşdurdu. Qəhrəmanlarımız Vətən torpaqlarını yağı tapdağından azad etməklə xalqımıza qürur, gələcək nəsillərə isə örnək oldular.
Vətən qarşısındakı xidmətlərinə görə Tərzan Həşimov ölümündən sonra bir sıra medallarla təltif edilib. Bunlar “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, eləcə də Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medallarıdır. Təltiflərin hər biri onun Vətən naminə göstərdiyi fədakarlığın, hərbi və insani borcunu ləyaqətlə yerinə yetirməsinin təsdiqidir.
Valideynləri – atası Qəhrəman Həsən oğlu və anası Gülçöhrə Məhərəli qızı oğullarının igidliyi ilə fəxr edirlər. Tərzan Həşimov gənc ailə basşçısı kimi də hamının sevimlisi olub. Həyat yoldaşı Mətanət xanım, iki qızı – Məsumə və Hökümə onun adını böyük qürurla anırlar.
Yaxınlarının və döyüş yoldaşlarının söylədiklərinə görə, Tərzan istiqanlı, mehriban, gülərüz və həyatsevər bir insan olub. O, hər anını dəyərləndirən, çevrəsinə müsbət enerji bəxş edən bir şəxsiyyət kimi yaddaşlarda qalıb.
Tərzan Həşimovun həyat yolu və şəhidliyi Azərbaycan gəncləri üçün vətənə xidmətin, fədakarlığın, cəsarətin və qeyrətin simvoludur. Onun adı yalnız sinif otaqlarında deyil, tarix dərsliklərində, hərbi marşlarda və xalq yaddaşında daim yaşayacaq.
O, yalnız bir ailənin övladı deyil, bir millətin qəhrəmanıdır.
Bəhruz Məmmədzadə,
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü