1988-ci ildə ağır yığnaqlı Zəngəzur mahalından bir karvan qalxdı. Bu nə köç karvanı idi, nə də elat karvanı. Bu karvan yurdu yağıya qalan Didərginlər karvanı idi. Bu o zamanlar idi ki, qaniçən imperiya quduzlaşmış erməni faşistlərini zəncirdən açıb üstümüzə buraxmışdı. Ona görə də silahlı quldurların qarşısında əliyalın, ac-yalavac qalan əhalinin hərəsi bir yana üz tutmuşdu.
Son mənzili bəlli olmayan həmin didərginlər karvanında bığ yeri yenicə tərləmiş Müşfiq də vardı. Heç kimin yolunun sonu bəlli olmasa da, sən demə, Müşfiqin yolu əbədiyyət yolu imiş.
Müşfiq Ağa oğlu ulu Zəngəzurun Qafan rayonunun Kirs kəndində doğulub. 1988-ci ildə qarı düşmən Qarabağı ələ keçirmək üçün ona mane olacaq qüvvəni – Qərbi azərbaycanlıları silah gücünə qovmaq qərarına gələndə Azərbaycanın o vaxtkı mağmun rəhbərliyi əhaliyə dayaq durmaq, bu yöndə ciddi ideoloji iş aparmaq əvəzinə, elatın əzəli yurd yerindən köçməsi üçün nəqliyyat vasitələri göndərdi. Beləcə soydaşlarımız pərən-pərən düşəndə 17 yaşlı Müşfiq də ata ocağından ayrılmalı oldu...
Ailəsi ilə birlikdə Azərbaycana pənah gətirən Müşfiq Bakının Nəsimi rayonundakı 19 saylı orta məktəbdə təhsilini başa vurub Sovet Ordusu sıralarında xidmətə gedib. O, hərbi qulluqdan qayıdanda isə azğın düşmən yurdumuza ayaq açmışdı. Qarabağda qanlı qırğınlar törədirdi. Buna görə də Müşfiq 1992-ci ildə ölməzliyə, əbədiyyətə aparan bir yolun yolçuluğuna başladı. Könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etdi.
Rəhmətlik atası Ağa Vəliyev deyirdi: “O bilirdi ki, o torpaqlar bizimdir, həm də özü öz dədə-baba yurdundan qovulmuşdu. Ona görə də heç tərəddüd etmədən cəbhəyə getdi. Doğulduğu bölgəyə ən yaxın olan Zəngilan rayonuna düşdü. Vətən yolunda da şəhid oldu. Mən oğlumun şərəfli yolu ilə fəxr edirəm, təki vətən sağ olsun!”
Müşfiq silah-sursatın çatışmadığı, bəzən bir neçə əsgərin növbələşib bir silahla döyüşə girdiyi vaxtlarda ruhunun, Vətən sevgisinin gücünə arxalanaraq savaşırdı. O, kəşfiyyatçı idi. Ən mühüm döyüş tapşırıqlarını yerinə yetirirdi. Düşmənin döyüş mövqeləri, şəxsi heyəti barədə məlumat gətirmək üçün daim kəşfiyyatda olurdu. Zəngilanın Şərikan, Kollu Qışlaq, Şatazır, Rəzdərə kəndlərində, Cəbrayılın müdafiəsində, Qubadlının Xanlıq kəndi ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin xeyli canlı qüv-
vəsini məhv edən Müşfiq qarşı tərəfin bir tankını, bir ədəd UAZ markalı avtomobilini və “Belarus” markalı qoşqu maşınını qənimət gətirib.
Müşfiq Zəngilanda döyüşə-döyüşə Qərbi Azərbaycandakı dədə-baba torpağına da sahiblənmək arzusu ilə alışıb-yanırdı. 1993-cü il aprelin 10-da silahdaşları ilə birlikdə qədim oğuz yurdu Qafanın 4 kəndini düşməndən təmizləyiblərmiş. Təəssüf ki, həmin vaxt Qubadlı, Cəbrayıl rayonları işğal olunduğundan Zəngilanın hər tərəflə əlaqəsi kəsilib. Oktyabrın 25-də düşmən ağır texnika ilə Qumlaq istiqamətindən hücuma keçib. İgidlərimiz düşmənlə ölüm-dirim savaşına atılıblar. Həmin gün düşmən cəbhəsinin 3 tankı yandırılıb, xeyli canlı qüvvəsi məhv edilib. Bu, Müşfiqin son döyüşü olub.
Müşfiqin anası Səkinə xala 2005-ci ildə Azərbaycan Televiziyasının “Zireh” verilişinin aparıcı müəllifinə verdiyi müsahibədə yeganə arzusunu belə ifadə etmişdi: “11 ildir Müşfiqim ölüb, hələ torpağına göz yaşı düşməyib, üstünə gül qoyulmayıb, məzarı ziyarət olunmayıb. Bircə Allahdan əhdim odur ki, İlham Əliyevə can sağlığı versin, dünya düzgünlük olsun, torpaqlarımız alınsın, Müşfiqin bacıları, anası, qardaşı qəbrinə ziyarətə getsin!”
Haşiyə: Qərbi Azərbaycanlı ananın nəşi tapılmayan oğlu Müşfiq Zəngilan rayonunda Şəhid olmuşdu. Döyüş yoldaşları meyiti atəş altından çıxara bilmədikləri üçün nişanlanmış bir ağac dibində dəfn ediblər ki, torpaqlarımız işğaldan azad olunanda gəlib tapalar. Şükür, 44 günlük Zəfər yürüşündən sonra döyüş yoldaşları Müşfiqin nəşini gətirib Zəngilan Şəhidlər Xiyabanında dəfn ediblər. O günü görmək Səkinə xanıma nəsib olmasa da, onun arzusu 15 ildən sonra çin olub.
Avqustun 9-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə Müşfiqin doğmalarının, qohumlarının və Qafan Rayon İcmasının üzvləri Zəngilan Şəhidlər Xiyabanını ziyarət ediblər. Gülövşə Məmişova qardaşının mərmər məzar daşı ilə baş-baş verərək, göz yaşı axıdıb.
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Müşfiq Vəliyevin keçdiyi şərəfli döyüş yolundan danışıb. Misir Aslanov və şair şair Ramazan Səməroğlu bu müqəddəs ziyarətin təşkilatçılarına Kirs-Kurud camaatı adından minnətdarlıqlarını bildiriblər.