Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında partiya veteranlarına göstərilən diqqət və ehtiram gözəl ənənəyə çevrilib. Bu dəfə həmin ənənənin davamı olaraq, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və təşkilatın əməkdaşları 90 illik ömür yolunu geridə qoyan, partiyanın fəal və sədaqətli üzvü Ramazan Abbasqulu oğlu İbrahimovun evində qonaq olublar.
Zəngin həyat və şərəfli əmək yolu keçmiş Ramazan müəllimin yubileyi münasibətilə keçirilən görüş səmimi, isti atmosferdə baş tutub. Görüş zamanı yubilyara möhkəm cansağlığı, uzun ömür, firavan və xoş günlər arzulanıb. Onun YAP sıralarında keçdiyi fəal və məhsuldar ictimai-siyasi fəaliyyət yüksək qiymətləndirilib.
Ramazan İbrahimov öz növbəsində göstərilən diqqətə görə minnətdarlığını bildirib, uzun illər Yeni Azərbaycan Partiyasının ideyalarına sədaqətlə xidmət etdiyini, Ulu Öndər Heydər Əliyev siyasətinin sadiq davamçısı olduğunu vurğulayıb. O, qeyd edib ki, gələcək nəsillərə bu siyasi irsi çatdırmaq üçün bacardığı qədər xidmət etməyə davam edəcək.
Sonda Ramazan İbrahimova Yeni Azərbaycan Partiyasının sıralarında göstərdiyi xidmətlərə, ümummilli lider Heydər Əliyev irsinin təbliğindəki fəaliyyətinə, ictimai-siyasi həyatda fəal iştirakına və 90 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Ramazan İbrahimov YAP Gəncə şəhər təşkilatının ən fəal veteranlarından biri olmaqla yanaşı, uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində Fizika və Riyaziyyat kafedrasında dosent kimi çalışaraq, elmə və təhsilə töhfələr vermişdir.
Yeni Azərbaycan Partiyası bu kimi xeyirxah təşəbbüsləri ilə cəmiyyətimizdə vəfa, sədaqət və hörmət kimi dəyərlərin yaşadılmasına töhfə verməyə davam edir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə