Küləklər Bakını toza bürüyür...

post-img

“Xalq qəzeti”nin 31 avqust 2025-ci il tarixli sayında Əməkdar jurnalist Vaqif Bayramovun “Bakı üzərində toz dumanı” adlı araşdırma yazısını ma­raqla və ürək ağrısı ilə oxudum. Günümüzün aktual məsələsi peşəkar təh­lil süzgəcindən keçirilərək, ətraf mühit ekspertlərinin rəyləri ilə problemin kökü, fəsadları və aradan qaldırılması yolları göstərilib. Mən də bu barədə fikirlərimi bölüşmək istədim.

Məqalədə “həyəcan siqnalı” qaldı­rılaraq qeyd olunduğu kimi, Bakıda son vaxtlar havanın keyfiyyəti ilə bağlı ciddi narahatlıq yaranıb. Paytaxt sakinləri tənəf­füs çətinliyi, göz və boğazda qıcıqlanma, gündəlik həyat keyfiyyətinə təsir edən problemlərdən şikayətlənirlər. Bu, sadəcə müvəqqəti narahatlıq deyil, uzunmüddətli sağlamlıq riskləri yaradan ciddi problem­dir.

Bakı küləklər şəhəri kimi tanınsa da, bu küləklər çox vaxt təmiz havanı yox, əksinə, çirkliliyi paytaxta daşıyır. Şəhərin kənarındakı daş və qum karxanalarında ya­ranan toz güclü küləklərin təsiri ilə havaya qalxaraq mərkəzə qədər yayılır. Daşların qırılması, qumun və digər tozyaradan yük­lərin üstü örtülmədən şəhər istiqamətində daşınması zamanı yaranan toz kütlələri küləklə birlikdə yaşayış massivlərinə, park və küçələrə, məktəblərə qədər yayılır.

Məqalədə də haqlı olaraq qeyd olun­duğu kimi, məsələni ağırlaşdıran digər amil Abşeronun yarımsəhra iqlimidir. Quraqlıq, az yağıntı, yüksək buxarlanma nəticəsində torpaqların qumlaşması və şo­ranlaşması geniş vüsət alıb. Yaşıl örtüyün azalması ilə çoxlu ərazilər yarımsəhra və qumlu sahələrə çevrilib. Güclü küləklər həm bu qumlu torpaqları, həm də karxana­ların tozunu havaya qaldırır. Nəticədə Bakı sakinləri hər gün gözəgörünməz, amma sağlamlığa son dərəcə təhlükəli “toz yükü” ilə nəfəs almağa məcbur qalırlar.

Müəllifin peşəkarcasına hərtərəfli təhlili məqalənin başlıca məziyyətidir. O göstərir ki, hər gün udmalı olduğumuz tozların tərkibində müxtəlif mineral qarı­şıqlar, tikinti tullantılarından qalmış mik­rozərrəciklər, insan orqanizmi üçün digər zərərli elementlər mövcuddur. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün risk daha da yüksəkdir. Dünya təcrübəsinə istinadlar isə problemin dünyada həlli yollarına işıq salır. 

Mən ABŞ-ın Vaşinqton və Little Rosk şəhərlərində “Gənc liderlər ictimai fəaliy­yətdə və idarəçilikdə” proqramı çərçivə­sində “Gənc liderlər” kurslarında olarkən zərərverici toz dumanlarına qarşı necə ciddi tədbirlər görüldüyünə də şahidlik et­mişəm və “Xalq qəzeti”ndəki “Bakı üzə­rində toz dumanı” məqaləsində konkret yerli şərait nəzərə alınmaqla dünya təcrü­bəsindən istifadənin vacibliyinin vurğulan­masını təqdir edirəm. 

Problem artıq təkcə ekoloji yox, həm də sosial xarakter daşıyır. Karxanaların çoxu nəzarətsiz fəaliyyət göstərir, tələb olunan texnoloji tədbirlər, tozun qarşısını alan sistemlər, yolların isladılması, mate­rialların üstüörtüklü daşınması kimi həyat əhəmiyyətli tələblər çox vaxt yalnız kağız üzərində qalır.

Bir sözlə, Bakı bu gün seçim qarşısın­dadır: küləklər şəhəri olaraq qalmaq, yoxsa toz dumanı şəhərinə çevrilmək? Paytaxtın nəfəsini qorumaq üçün operativ şəkildə ciddi tədbirlər görülməli, şəhər ətrafında yaşıllaşdırma və qumlu sahələrin bərpası və artırılması son dərəcə vacibdir. Əks hal­da, hər gün aldığımız nəfəs gözlə görün­məyən, amma ölümcül təhlükə daşımaqda davam edəcək.

Sonda belə bir aktual məsələyə diqqəti çəkdiyi üçün “Xalq qəzeti”nə minnətdarlı­ğımı bildirirəm.

Samir ƏSƏDLİ,
siyasi ekspert

Sosial həyat