Müstəqil aqrar sığorta eksperti sertifikatı almaq istəyənlər üçün imtahanlara qeydiyyat başlayıb

post-img

Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən uğurla tətbiq edilən aqrar sığorta mexanizminin ehtiyaclarını qarşılamaq məqsədilə müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması prosesi davam edir.Qanunvericiliyə əsasən müvafiq ixtisaslara malik olan şəxslər Aqrar Sığorta Fondunda keçirilən təlimlərdə iştirak edərək Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahana qatılmalıdırlar. İmtahanı uğurla başa vuran namizədlər aqrar sığorta eksperti sertifikatı alır, onların adları Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilir.Müstəqil aqrar sığorta eksperti sertifikatı almaq istəyən namizədlər üçün keçirilən növbəti test imtahanına qeydiyyat başlayıb.

XQ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qeydiyyat prosesi 1 sentyabr saat 12:00-dan 15 sentyabr saat 18:00-dək davam edəcək. İmtahan 29 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50)  kompüter vasitəsilə elektron formada keçiriləcək.

İmtahanda iştirak ödənişlidir. Şəxi kabineti olmayan namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin hesabına imtahanda iştirak üçün tələb olunan pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir. İmtahana Aqrar Sığorta Fondunun təlimlərində iştirak etmiş istənilən namizəd qatıla bilər.

Müşfiq Mirzə,
XQ

Sosial həyat