Ankarada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü qeyd olunub

post-img

Oktyabrın 17-də Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyi və TADİV-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, siyasi partiyaların təmsilçiləri, alimlər, ekspertlər və iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan TADİV-in rəhbəri, professor Aygün Attar ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi bu bayramı qeyd etməsindən qürur duyduğunu bildirib. Onun sözlərinə görə, müstəqilliyin bərpa olunduğu ilk illər Azərbaycan üçün çətin keçib, lakin bu sınaqları və təhdidləri dahi lider Heydər Əliyevin istedadı və iradəsi sayəsində aşmaq mümkün olub. “Ümummilli Liderin müdrik daxili və xarici siyasəti müstəqil Azərbaycanın yolunu geridönməz edib”, – deyə o qeyd edib.

Aygün Attar vurğulayıb ki, dahi liderin layiqli davamçısı, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin strateji kursunu uğurla davam etdirir. “Müasir Azərbaycan bölgədə proseslərin gedişinə təsir göstərən lider dövlətdir”, – deyə TADİV rəhbəri qeyd edib.

O, Azərbaycanın və Türkiyənin birliyinin, həmrəyliyinin, eləcə də Türk dünyasının sıx birliyinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov çıxışında xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqdə ilk demokratik dövlət olub. “Təəssüf ki, AXC cəmi 23 ay mövcud olub. Sonrakı sovet dövründə Azərbaycan xalqı çoxsaylı təzyiq və repressiyalarla üzləşib, xalqımızın tarixini unutdurmaq üçün hər şey edilib. Lakin buna nail olunmayıb. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edib”, – deyə diplomat bildirib.

Səfirin sözlərinə görə, müstəqilliyin bərpasından qısa müddət sonra Azərbaycan xalqı onun yenidən itirilməsi təhlükəsi ilə üzləşib.“Bir tərəfdən Ermənistanın ərazi iddiaları, digər tərəfdən isə o dövrün rəhbərliyinin səriştəsizliyi ölkəni böhrana sürükləmişdi. 1993-cü ildə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində müstəqilliyi saxlamaq mümkün oldu. Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi nüfuzlu və güclü bir dövlətə çevrilib”, – deyə səfir xüsusi vurğulayıb.

Rəşad Məmmədov, həmçinin Bakı və Ankara arasında uğurlu əməkdaşlığa, çoxsaylı birgə layihələrə, qarşılıqlı investisiyaların artmasına və beynəlxalq arenada iki ölkənin yaxın münasibətlərinə diqqət çəkib.

Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da çıxışında müstəqil Azərbaycanın inkişaf mərhələlərinə toxunub. “Türkiyə–Azərbaycan münasibətlərinin bütün spektrini çatdırmaq üçün uzun saatlar gərəkdir. Bu gün hər zamankından daha çox tarixi və kökləri xatırlamaq, xalqlarımıza ölkələrimizin birliyinin əhəmiyyətini yeni nəsillərə anlatmaq vacibdir. Hər bir vətəndaş bilməlidir ki, Türk dünyası bizim ailəmizdir”, – deyə o qeyd edib və dahi Heydər Əliyevin xatirəsini ehtiramla anıb.

Digər çıxış edənlər də Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi uğurları və nailiyyətləri qürurla qeyd ediblər.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara







Sosial həyat