Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DQİDK sədri Ramin Məmmədov, Milli Məclisin deputatları, YAP Gəncə şəhər təşkilatının sədri, din xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanda tolerantlıq və dini müxtəlifliyə əsaslanan inklüziv cəmiyyət formalaşıb. Din xadimlərinin gənclərlə dialoq, sosial mediada maarifçilik və milli-mənəvi dəyərlərin qorunmasında rolu xüsusi qeyd olunub.
Konfrans çərçivəsində “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” və “Regionun dini-mənəvi mühiti: ənənə və müasirlik” mövzularında panel müzakirələr keçirilib.
Yekunda DQİDK sədri Ramin Məmmədov bildirib ki, tədbirin əsas məqsədi cəmiyyətdə dini dözümlülüyün, mədəni müxtəlifliyin və mənəvi dəyərlərin təşviqinə töhfə verməkdir.
Konfrans xatirə fotosu ilə başa çatıb.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri