Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ABŞ-ın Çikaqo Dövlət Universitetinin Sağlamlıq Elmləri və Əczaçılıq Kollecinin professoru Nadeem Fazal ilə keçirilən görüşdə süni intellektin təbabətdə yaratdığı üstün imkanlar diqqət mərkəzində olub.
İnstitutun direktoru akademik Rasim Əliquliyev qonağı salamlayaraq ona Azərbaycanda rəqəmsal tibb sahəsində atılan addımlar, bu sahənin problemləri və prioritetləri barədə məlumat verib. Alim bildirib ki, müasir dövrdə rəqəmsal səhiyyənin inkişaf etdirilməsi dövlətin tibb sahəsində siyasətinin prioritetlərindəndir.
Söhbət zamanı rəqəmsal tibb sahəsində həyata keçirilən elmi tədqiqatlardan da söz açılıb. Bildirilib ki, elmi müəssisənin alim və mütəxəssislərinin rəqəmsal tibb sahəsində qabaqcıl texnologiyaların tətbiqi, tibbi demoqrafiyanın formalaşması ilə bağlı apardıqları araşdırmalar uğurlu nəticələr verir. Eyni zamanda, süni intellekt, data science, təbii dilin emalı, kiberfiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası istiqamətində tədqiqatlar davam etdirilir.
Sonra çıxış edən professor Nadeem Fazal iştirakçılara elmi-pedaqoji fəaliyyəti, tədris və tədqiqat sahəsindəki nailiyyətləri haqqında məlumat verib. Alim “Səhiyyənin gələcəyi: fərdiləşdirilmiş tibb” mövzusunda məruzəsini təqdim edərək müasir dünyada tibb sahəsində gedən proseslərdən söz açıb.
ABŞ alimi qeyd edib ki, tibb təhsili bu gün ənənəvi modellərlə məhdudlaşmır, bu sahədə yeni istiqamətlərin formalaşması və süni intellekt texnologiyalarının tətbiqi getdikcə daha böyük əhəmiyyət kəsb edir: “Gələcəyin həkiminin insan bilikləri ilə süni intellektin imkanlarını birləşdirəcəyi, tibbdə süni intellekt əsaslı yeni diaqnostika imkanlarının formalaşacağı proqnozlaşdırılır. Lakin dəqiq diaqnoz üçün tibbi mütəxəssisin rolu əvəzolunmaz olaraq qalacaq”.
Qabil ƏLİYEV
XQ

