Bir qəhrəmanın hekayəti...

post-img

Bir gün əvvəl vədələşmişdik. Zəng vurmuşdum. Dedi ki, kənddə təsərrüfatla məşğulam. Yaxşı olar ki, sabah görüşək. Nə deyəsiydim ki... Razılaşdım.

İstər-istəməz, neçə il qabaq atası ilə bağlı söhbətimizi xatırladım. Zəhmətkeş bir ailədə böyüməsindən qürurla söhbət açmışdı. Atası Vaqif Əliyevin ömrünün sonuna qədər əkin-biçin işləri ilə məşğul olmasından ürəkdolusu danışmışdı. Ona görə telefon danışığımda istədim soruşam ki, deyəsən, atanın yolunu davam etdirirsən? Heç nə demədim. Fikirləşdim ki, sabah görüşəndə soruşaram.

...Vədələşdiyimiz vaxt zəng vurdum. “Evdəyəm, – dedi. Ünvanı söylədi. “Yeni Balakən” qəzetinin Baş redaktoru Ramazan Abalovla deyilən ünvana yollandıq. Çöl qapısının qarşısında dayanıb gözləyirdi. Görüşdük, bizi evə dəvət elədi. Əməlli-başlı hazırlıq görüblər. Stolun üstündə Balakən nemətləri düzülüb. Həyat yoldaşı əvvəlcə çay gətirir. Görən kimi tanıyıram. Toylarında iştirak etmişəm. Onda da Ramazan mənimlə idi. Fəridin demək olar ki, bütün cəbhə yoldaşları gəlmişdi. Heç vaxt unudulmayacaq bir gün idi. Diqqətli oxucunun bəlkə yadındadır. Bu möhtəşəm toy barədə “Xalq qəzeti”ndə yazmışıq.

Fərid 1990-cı il dekabrın 7-də Balakənin Qazma kəndində doğulub. 3 qardaş olublar. Yuxarıda qeyd etdiyim kimi, atası Vaqif Əliyev təsərrüfatla məşğul olan zəhmətkeş bir insan olub. Anası Mehriban xanım isə bağçada tərbiyəçi işləyib.

Məktəbi Qazmada oxuyub. 2005–2008-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutuna daxil olub. 4 il təhsil aldıqdan sonra bir il Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində, 2013-cü ildən 2016-cı ilə qədər Goranboyda, Yuxarı Ağcakənddə taqım komandiri, “N” saylı əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölük komandiri, hərbi hissə komandirinin müavini olub.

Bu, Fəridin özünün danışdığı, qısaca da olsa, tərcümeyi-halıdır. Mehriban xanım söhbətə qoşulur. Atam nəvəsinin həkim olmağını istəyirdi. Yaxşı oxuyurdu. Əlaçı idi. Amma nə qədər etdiksə, razılaşmadı. O vaxtlar bizim tərəflərdən hərbiyə meyillilər, demək olar ki, az idi. Belə olan halda Fəriddə bu arzu necə yaranmışdı? Düzü, bilmədik.

Bəlkə, sözü indi Fəridə verək? Ona qulaq asaq. Bir dəfə görüşümüzdə mənə, qısaca da olsa, döyüş yolundan bəzi epizodları danışıb. Çox maraqlıdır. İstər-istəməz həyəcan keçirirəm. Yaxşısı budur, siz də qulaq asın...

“Döyüşə bölük komandiri kimi Murovdağ zirvəsindən başladıq”, – deyir Fərid Əliyev. – 40 nəfər idik. Oktyabr ayının 1-də ilk şəhidimizi verdik. Xızıdan idi, Natiq Verdiyev. Minaatan mərmisi düz yanımıza düşmüşdü... Təcili onu döyüş meydanından çıxarıb, quru qoşunların əsgərlərinə təhvil verdik. Məhz bundan sonra hücum istiqaməti dəyişdirildi. Bizi Suqovuşan istiqamətinə göndərdilər. Tapşırıq Suqovuşanın üstündə olan yüksəkliyi götürmək idi. Talışa qədər avtomobillə, sonra isə piyada getdik. Dəqiq yadımdadır, oktyabrın 6-sı idi. Ermənilərlə üz-üzə gəldik. Aramızdakı məsafə 100–150 metr olardı. Mənim gizirim vardı. Özü Kürdəmirdən idi. Erməni dilində təmiz bilirdi. İsrail Həbilov onlarla danışanda bilmədilər ki, biz azərbaycanlıyıq. Çəkildik təpənin arxasına. Qrup komandirinə dedim ki, uşaqlara deyin ermənilər buralardadır. Goranboylu İxtiyar İlqaroğlu yamaca tərəf gedəndə dedi ki, komandir, aşağıda gizləniblər. Baxdıq ki, quyular qazılıb, ağaclarla üstünü örtüblər. Düşündüm ki, yəqin 9-10 nəfərdirlər. Biz isə 14 nəfər idik. Onları rahatca məhv etmək olar. Mən tapşırıq verdim ki, 10 nəfər yuxarıda qalsın. Mən və 3 nəfər arxadan rahatca vura bilək.

Biz arxaya gedəndə bir də gördük ki, həmin qazılan deşiyin hər yerindən 4-5 nəfər çıxdı, yolda isə təxminən 20-25 erməni səngər qazıb uzanmışdı. Bax, beləcə, gözləmədiyimiz bir döyüşə atıldıq. Bu uğurlu döyüşdə 67 nəfəri məhv etdik. Amma çox təəssüf ki, həm kürdəmirli balası İsrail Həbilovu, həm də İxtiyar İlqaroğlunu itirdik. Mən isə ayağımdan yaralandım. Amma sən demə, ermənilər tam təmizlənməyibmiş. Günortaüstü onlar təkrar əks-hücuma keçdilər. Bu döyüşdə isə düşmən tərəfin atdığı minaatan mərmisi mənimlə yan-yana vuruşan leytenant Şükür Hacıyevin arasına düşdü”.

Arxasını danışa bilmir. Gözünü uzağa dikib. Hiss edirəm ki, qəhərlənib. Bayaqdan evdə ora-bura qaçıb, az qala söhbətimizə mane olan anasının adını verdiyi yeganə övladı Mehribanın “Ata, ata” deməsini də eşitmir. Gözləri yaşarıb. “Həmin döyüşdə 7 şəhid verdik. Gənc bir əsgərin söylədiyi son sözü unuda bilmirəm, – deyir, – “Anama deyərsiz ki...” Nə deyim, nə danışım. Bu yarımçıq sözü ilə görəsən nə demək istəyirdi?.. O gün yenə yuxuma girmişdi. Soruşdu: “Dedinizmi?”. Donub qaldım. Axı, nə deyəydim?

Hamımız kövrəlmişik. Aradan neçə gün keçib. Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyevin söhbəti yadımdan çıxmır...

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Balakən

Sosial həyat