Şairlər yurdunun Zəfər ovqatlı günləri

post-img

Qazax rayonu ölkəmizin söz sənəti mərkəzlərindən biridir. Məşhur el şairləri, həmçinin Vaqif, Vidadi, Abdulla bəy Divanbəyoğlu, Kazım ağa Salik, Hacıkərim Sanılı, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi, Hüseyn Arif, Nəriman Həsənzadə, Tələt Əyyubov, Nüsrət Kəsəmənli, Yusif və Vaqif Səmədoğlular və digərlərindən üzübelə Qazax ədəbi mühiti hər zaman Kür kimi aşıb-daşıb.

“Söz mülkünün beşiyi” adlanan Qazaxdakı Ədəbiyyat Muzeyində, Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun adını daşıyan Poeziya Evində, Göyəzən dağının ətəyində, Damcılı bulaqda və digər ünvanlarda çoxsaylı ədəbi-bədii tədbirlər keçirilir. Ölkə başçısı İlham Əliyev 2011-ci ildə Yuxarı Salahlı Poeziya evinin açılışında iştirak edib. Bu məkanlar klassiklərin xatirəsinə bir ehtiram ünvanı, söz-sənət vurğunlarının daimi görüş yeridir.

Artıq bir qərinədir ki, Azərbaycan Yazıçılar Birliyinin Qazax regional bölməsinə tanınmış şair-publisist, Əməkdar incəsənət xadimi Barat Vüsal rəhbərlik edir. Onunla ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı Qazaxdakı döyüş səngərlərində əsgərlərlə görüşdə tanış olmuşam. Onda şair döyüşçülərimizin mübarizə əzmini artıran odlu-alovlu şeirləri ilə hər kəsi duyğulandırmışdı. Ümumiyyətlə, onun vətənpərvərlik mövzusunda yazdığı bədii nümunələr səmimiliyi, inandırıcılığı və poetikliyi ilə seçilir.

44 günlük Vətən müharibəsinə həsr edilmiş şeirlərdən ibarət kitablarda da bunun şahidi oluruq. Barat Vüsal qəhrəmanlıq tariximizi bədii boyalarla əks etdirir.

Məsələn, bizi qalib millət edən Ali Baş Komandanımıza minnətdarlıq duyğularını, görün, necə qələmə alıb:

Kişi kişiliyi yaşadar canda,
Tarixdə kişilər qəhrəman olur.
Ocağın başında kişi duranda,
Torpağı qorumaq çox asan olur!

Ömrünün 75-ci baharını yaşayan Barat Vüsalla söhbətimizdə Qazax yazarlarının yaradıcılığında böyük Zəfərimizin bədii salnaməsi barədə danışdıq. Təvazökarlıq göstərib bölgədəki qələmdaşlarından daha çox bəhs etdi. Amma bildiyimiz qədərilə o özü bu sahədə ağsaqqallıq nümunəsi göstərir, örnək yazıları ilə öndə gedir. Onunla ünsiyyətimiz vaxtı ölməz Məmməd Arazın bir zaman Lənkəranda yaşayıb-yaradan Şəkər Aslana ünvanladığı bir fikrini xatırladıq: “Sən bölgə şairi deyilsən, sən ölkə şairisən”. Bu sözləri tam mənasında Barat Vüsala da aid edə bilərik.

Bölgənin ədəbi aləmində tanınan İsa Cavadoğlu, Saqif Qaratorpaq, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Məzahir Yaqub, Məzahir Alıyev, Bilal Qoca, Əli Cəfəroğlu, Aydın İbrahimoğlu, gənc şairlər Rüfət Axundlu və Nuranə Təbrizin yaradıcılıq uğurları da təqdirəlayiqdir.

– Ənənə üzrə hər il Qazaxda Səməd Vurğun Poeziya Günləri keçirilir, - deyə o bildirdi. Vaqif Poeziya Günləri Şuşadan əvvəl buradan başlanır. Bu il Qazax ədəbi camiəsinin “Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarıdır” mövzusunda keçirdiyi görüş, şair Vəli Xramçaylının 70, aşıq Saqif Məzəmlinin 65, aşıq Kərəm İncəlinin 80 illik yubileyləri, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyi və sair tədbirlər də söz sənətinin təbliği amalına xidmət edib.

Vətənpərvərlik yazarlarımızın üz tutduqları aparıcı mövzulardandır. Sentyabrda Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət gənclər siyasətinin təşviqi, vətənpərvərlik ruhunun gücləndirilməsi və yaradıcı gəncliyin formalaşdırılması məqsədilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi sayca 3-cü - “Şanlı vətən oğulları” kitabı təqdim olunub. Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Zəfər Gününə həsr olunmuş məclisdə də həmin kitab haqqında ətraflı danışılıb, xatirələr dilə gəlib və şeirlər səsləndirilib.

Vətən müharibəsindən sonra rayon rəhbərliyinin təşəbbüsü ilə “Qanları ilə dastan yazanlar” (50 qazaxlı şəhid), “Vətəni canından əziz bilənlər” kitabları da çap edilib və şəhid ailələrinə, oxuculara ərməğan olunub. Ön söz müəllifi Xalq şairi Nəriman Həsənzadə olan kitabda torpaqlarımızı işğaldan azad etmiş şəhid qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb.

Bu yaxınlarda Qazaxda böyük Zəfərimizin 5-ci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi, eləcə də Xuraman Yusif-Əzimovanın Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyev haqqında “O, bizim Adildi” kitabının təqdimat mərasimi olub. Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə keçirilən tədbirin iştirakçıları əvvəlcə Adil Əfəndiyevlə bərabər, digər şəhid məzunlar - baş leytenant Xaliddin Nəsibovun, gizirlər Sərxan Abdullayevin, Tahir İsmayılovun, Elvin Əhmədovun xatirəsinə tikilən bulağın önünə tər qərənfillər düzərək igid Vətən oğullarını ehtiramla anıblar.

Mərasimdə qeyd olunub ki, qəhrəmanlar bizim qəlbimizdə, ruhumuzda, yazılan əsərlərdə, musiqilərdə, kitablarda ölməzlik qazanıblar. İcra başçısı Rəcəb Babaşov “Əziz şəhid ailələri, yaxşı ki, sizlər varsınız və belə qəhrəman övladlar böyütmüsünüz”, – deyərək onlarla qürur duyduğumuzu, onlara borclu olduğumuzu dilə gətirib. AYB region bölməsinin sədri Barat Vüsal deyib ki, qəhrəman oğullarımızın əziz xatirəsini yaşatmaq üçün bulaqlar inşa olunur, küçə adları verilir, kitablar yazılır və yenə də yazılacaq. Adil haqqında yazılmış kitab da həmin silsilədəndir. “O, bizim Adildi” kitabının adında səsləndiyi kimi, Adil Əfəndiyev hər birimizin, bütün Azərbaycan xalqının övladıdır”, - söyləyən şair igid Vətən oğluna həsr etdiyi “Adil bulağı” adlı şeiri səsləndirib.

“Rəşadət” ordenli kapitan Samir Çobanov Qazax rayonunun ərazi bütövlüyümüz uğrunda savaşda ümumilikdə 348 şəhid verdiyini xatırladıb. “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin inşa olunduğunu, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında Xatirə guşəsinin yaradıldığını, Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələrin vurulduğunu bildirib. Vətən Müharibəsi Qərhəmanı, şəhid, polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev də ürək sözlərini ifadə edib.

Şairlər Asimə Hüseyn, Rüfət Axundlu qəhrəman Vətən oğluna həsr etdikləri şeirləri oxuyublar. Aşıq Samir Cəlaloğlu “Ruhani” saz havasında “Türkəm” şeirini səsləndirib.

Ə.DOSTƏLİ
XQ



Sosial həyat