Gəncədə Polşanın Azərbaycandakı Səfirliyi, Arts Council Azerbaijan və “Gence Mall”ın birgə təşkilatçılığı ilə “Polşa azərbaycanlı rəssamların gözü ilə” adlı sərgi açılıb. Tədbir Polşa–Azərbaycan mədəni əlaqələrinin inkişafına töhfə verməklə Bakı və Gəncədən olan rəssamları bir yaradıcılıq platformasında bir araya gətirib.
Açılışdan əvvəl rəssamların iş prosesinin ictimaiyyətə açıq nümayişi qonaqlara onların yaradıcılığını yaxından izləmək və suallar vermək imkanı yaradıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Polşanın Azərbaycandakı səfiri Pavel Radomski, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və digər rəsmi qonaqlar iştirak ediblər. Onlar sərgidə təqdim olunan əsərlərlə tanış olaraq beynəlxalq mədəni layihələrin regionların və yaradıcı gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Sərgidə Bakı və Gəncəni təmsil edən gənc rəssamların əsərləri nümayiş olunur. Çıxışlarda bu cür layihələrin şəhərin yaradıcı mühitinə töhfə verdiyi və gənclərin incəsənətə marağının artırılması baxımından əhəmiyyətli olduğu bildirilib.
Sərgi hazırda “Gence Mall”da davam edir və ziyarətçilərə Azərbaycan rəssamlarının Polşa mədəniyyətinə müasir baxışını görmək imkanı təqdim edir.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri


