Limon əsrlərdir həm mətbəximizdə, həm də təbabətdə geniş istifadə olunan təbii məhsullardan biridir. C vitamini ilə zəngin olması, təravətləndirici dadı və çoxşaxəli tətbiqi onu həm qida rasionunda, həm də xalq təbabəti ənənəsində xüsusi yerə malik edib.
Mütəxəssislərin fikrincə, limon orqanizmin immun müdafiəsini gücləndirən C vitamini ilə zəngindir. Soyuqdəymə mövsümündə limonlu içkilər immun sistemini dəstəkləməyə kömək edir. Tərkibindəki bioflavonoidlər və antioksidantlar hüceyrələrin yaşlanmasının qarşısını almağa, sərbəst radikalların təsirini azaltmağa kömək edir. Səhər içilən isti limonlu su bəzi insanlarda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin daha aktiv işləməsinə dəstək verir. Limon tərkibindəki kalium və antioksidantlar sayəsində qan təzyiqi və xolesterin səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər. C vitamini kollagen sintezində mühüm rol oynayır. Buna görə limon dəri tonunu bərabərləşdirmək və iltihabi prosesləri azaltmaqda faydalı ola bilər.
Bununla yanaşı, limonun düzgün istifadə edilmədikdə bəzi mənfi təsirlərə səbəb ola biləcəyi də unudulmamalıdır. Faydalı olduğunu düşünüb gündəlik qida rasionuna əlavə etdiyimiz bu meyvə sağlamlıqla bağlı bir çox problemlərə yol aça bilər. Belə ki, mütəxəssislər limonun mədə turşusunu artırdığını, yanma və ya həzmsizlik kimi şikayətlərə səbəb olduğunu bildirirlər. Məhz bu səbəbdən mədəsində problemi olanların limondan uzaq durması tövsiyə edilir. Tez-tez istehlak edildikdə zamanla diş minasının incəlməsi ilə də nəticələnir. Ona görə də limon qəbul etdikdən sonra ağız mütləq su ilə yaxalanmalıdır. Onun tərkibində olan bəzi komponentlər xüsusilə böyrəyində daş olan insanlar üçün risk yarada bilər. Belə şəxslərə limon istehlakını məhdudlaşdırmaq məsləhət görülür. Onun həddindən artıq istehlakı böyrəklərdə kristallaşmanı sürətləndirir. Bundan əlavə, limon müəyyən dərmanlarla birgə qəbul edildikdə onların təsirini artıra və ya azalda bilər. Xüsusilə qandurulducu dərmanlardan istifadə edənlər diqqətli olmalıdırlar.
Bəli, limon gündəlik rasionda həm faydalı, həm də ehtiyatla yanaşılmalı məhsullardan biridir. Onun sağlamlığa olan müsbət təsirləri elmi araşdırmalarla geniş şəkildə təsdiqlənsə də, düzgün istifadə edilmədikdə müəyyən narahatlıqlara səbəb ola bilər. Hər bir qida məhsulunda olduğu kimi, limondan da ölçülü və məqsədəuyğun istifadə etmək tövsiyə olunur.
N.ADİLQIZI
XQ

