Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Mərkəzi Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev nazirliyin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən təhlil və tədqiqat xarakterli işlər, bu sahədə yaradılmış institusional mexanizmlər barədə məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, data əsaslı qərarların qəbuluna dəstək məqsədilə görülmüş işlər diqqətə çatdırılıb. Aparılan təhlil və tədqiqatların əmək bazarında cari vəziyyətin öyrənilməsi və gələcək trendlərin müəyyən edilməsində, aktiv məşğulluq tədbirlərinin təşkilində, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi prosesində əhəmiyyəti qeyd olunub.
Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov qurumun təhlil və tədqiqat fəaliyyəti, bu sahədə metodoloji yanaşmalar barədə məlumat verib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhlil və tədqiqat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



