Əvəz RÜSTƏMOV,
Azərbaycan Mətbuat Şurasının icraçı katibi
Yaxud həqiqət axtarışında “bulanan sular”
Media orqanları və jurnalistlər işlərini cəmiyyətdə yaşanan hadisə və proseslərə reaksiya verməklə qurmalı, əsl həqiqətləri müəyyənləşdirməyə çalışmalıdırlar. Bu fəaliyyət insanların yanlış yönləndirilməsinin qarşısının alınması baxımından həlledicidir. Amma məsələ yalnız bununla bitmir. Daha ciddi mətləblər var ki, yazımızda onların üzərində dayanacağıq.
Təəssüf ki, bəzən peşəkar media fəaliyyətindən uzaq mənzərənin şahidi oluruq. Fikrimizi əsaslandırmaq üçün son günlərin hadisələrindən birinə diqqət yetirərək deyək ki, ölüm faktı media üçün ictimai əhəmiyyət daşıya bilər. İctimai əhəmiyyətlilik ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyi, yaxud buna dair şübhələrin olduğu durumlarda daha da artır. Çünki söhbət insan sağlamlığının qorunmasından gedir. Ona görə də medianın məsələyə həssas yanaşması mütləqdir. Yəni jurnalist həqiqət axtarışındadırsa, dəqiq və soyuqqanlı olmalıdır. Necə? İlk növbədə, düşünülməlidir ki, insan ölümü, o cümlədən geniş müzakirə mövzusuna çevrilmiş xəstəxanada insan ölümü faktı hüquqi qiymət verilməsi məcburi xarakter daşıyan olaydır. Axı biz hüquqi dövlətdə yaşayırıq. O da düşünülməlidir ki, olay sosial şəbəkə müstəvisində müzakirəyə çıxarılırsa, hüquq-mühafizə orqanlarının da ona həssas yanaşması kimi durum var. Həssas yanaşma hadisəyə dair hüquqi zəmində reallaşdırılan zəruri prosedur fəaliyyət barədə cəmiyyətin operativ məlumatlandırılmasını tələb edir.
Məsələn, deyək ki, xəstəxanada ölüm faktı üzrə araşdırma aparılır və Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılır. Həmin cinayət işi üzrə materiallar müvafiq qaydada məhkəməyə göndərilir və cəmiyyətə verilmiş məlumat da bu barədə olur. Deməli, hüquq-mühafizə orqanı məlumatı ilə ictimai əhəmiyyət daşıyan olaya adekvat reaksiya verdiyini göstərir. Bəs media?
Təəssüf doğuran məqam odur ki, media ancaq həmin prosedur fəaliyyətə dair məlumatla məhdudlaşır. Daha doğrusu, prosedur fəaliyyətin həqiqəti tapmağın yalnız bir yolunun olduğunu unudaraq davranır. Yəni media, ilk növbədə, səs-küylü sərlövhə axtarışına çıxır. Əksər hallarda tapılan sərlövhə mahiyyəti, informasiya mənbəyi olan müvafiq orqanın məlumatındakı məzmunu əks etdirmir. Amma niyəsə jurnalist və ya media vasitəsi zənn edir ki, tutduğu yol baş vermiş olayın doğurduğu ictimai reaksiyaya adekvatdır. Halbuki, yumşaq desək, ortada ciddi tələskənlik var. Hərçənd, tələskənlik heç də adi məsələ sayıla bilməz. Çünki durum həssasdır və hansısa yanlışlıq daha böyük fəsadlar doğurmaq potensialındadır. Bəs nə etməli?
Ümumi şəkildə deyək ki, təqsirsizlik prezumpsiyası tam ciddiyyəti ilə qorunmalıdır. Unudulmamalıdır ki, heç kəs məhkəmə hökmü olmadan cinayətkar adlandırıla, yaxud cinayətkar qismində təqdim oluna bilməz. Amma səs-küylü sərlövhələr məhz buna fokuslanır. Beləliklə, sosial şəbəkələrdə sərt reaksiyalarla müzakirə edilən hadisə və ya proses yenidən həmin sosial şəbəkələrin müzakirəsinə qaytarılır. Media özünü vəziyyəti daha da mürəkkəbləşdirən ampluasında çıxış etdiyinin fərqinə varmır. Belə durumlarda, obrazlı desək, əsl həqiqət səs-küy və dedi-qoduların arxasınca sürünür. Nəticə etibarilə, media sosial şəbəkə profillərindən heç nə ilə fərqlənmir. Söhbət konkret həkim səhlənkarlığından gedirsə, cəmiyyətdə rəy formalaşır ki, bütün həkimlər səhlənkardırlar və xəstəxanaya düşən hər kəs həyatını itirməlidir. Beləmi olmalıdır? Əlbəttə ki, yox!
Üstəlik, təkcə inamsızlıq yaranmır. Axı həkim də insandır, o da cəmiyyət üzvüdür, onun da yaşantıları, sağlamlıq qoruyucusu adını qazanmaq üçün keçdiyi bəlli yol var. Hər halda, insanın illərini və zəhmətini verdiyi peşəsindən iyrənməsi kimi acınacaqlı durum ola bilməz. Bu gün media, faktiki olaraq, toplumu qəzəbləndirməklə, həmin toplumun sağlamlığını qorumağa mükəlləf həkimi iyrəndirir. Çünki əsl həqiqətlər meydana çıxmadan həkimə cinayətkar damğası vurulur. Özü də yalnız sərlövhələrlə deyil, eyni zamanda, foto təqdimatlarla. Bəs yekunda kim uduzur? Əlbəttə ki, bütövlükdə cəmiyyət və medianın özü.
Media ona görə uduzur ki, tələsərək böyük ölçüdə həqiqəti çatdırmır, sosial şəbəkələrin əsirinə çevrilir. Təsəvvür edək ki, məhkəmə qərarı səhlənkarlıq səbəbindən ölümə səbəb olmaqda təqsirli bilinən həkimin günahsızlığını sübuta yetirir. Deməli, həmin həkim barədə “hökm vermiş”, onu “təqsirli bilmiş” media cəmiyyətin inamını itirmiş vəziyyətə düşür. Cəmiyyət isə ona görə uduzur ki, media kimi prinsipial həqiqət və ədalət carçısına inanmağı bir kənara qoyur. Gerisini düşünək. Amma təkcə düşünməyək...


