Prokurorluq orqanlarında  qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib

post-img

Yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Bu barədə XQ-yə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Şəhidlər xiyabanına gələn gənc əməkdaşlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. 

Tədbirdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları, prokurorluğun veteranları ilə yanaşı, fəxri qonaq qismində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltaraş Ömər Eldarov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, əməkdar memar Elbay Qasımzadə istirak edib.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi və qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, dünya şöhrətli siyasi xadimin unudulmaz xatirəsini dərin ehtiramla anıblar. 

Sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralılara şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror bildirib ki, ötən il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xüsusi məna kəsb edir. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil dövlətçilik tariximizin əsas sütunlarına verilən ali dəyərin bariz ifadəsidir. 

Vurğulanıb ki, avqustun 8-də ABŞ-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ olub. Eyni zamanda həmin gün “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin tətbiqini dayandırması ilə bağlı sənədin imzalanması ABŞ-Azərbaycan münasibətlərində etimadın və tərəfdaşlığın gücləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Bundan başqa, 2025-ci ilin aprel ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən görüş Azərbaycan - Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu.

Bundan başqa, qeyd olunub ki, Azərbaycan 2024-cü ilin dekabrında Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında yekdilliklə bu nüfuzlu quruma üzv qəbul edilmiş, 2025-ci ilin mart ayında Milli Məclisin ratifikasiyasından sonra tamhüquqlu üzv statusu qazanıb.

28 may 2025-ci il tarixdə Laçın şəhərində Azərbaycan və Türkiyə Prezidentlərinin, eləcə də Pakistanın Baş nazirinin iştirakı ilə keçirilmiş Zirvə görüşü regionda iqtisadi inkişaf, infrastruktur layihələri və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm siyasi hadisə olub.

Nəzərə çatdırılıb ki, bütün bu sadalananlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, müstəqil və prinsipial xarici siyasət kursunun nəticəsidir. Həmçinin dövlətimizin gücü ölkə daxilində sabitliyin, təhlükəsizliyin, sosial rifahın və hüquqi dövlət prinsiplərinin təmin olunmasında da özünü göstərir. Məhz bu baxımdan, 2025-ci il ərzində həyata keçirilən tədbirlər Azərbaycanın suverenliyinin real və dayanıqlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirir. Bu möhkəmlənmənin ən bariz təzahürü isə cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış Proqramının ardıcıl və sistemli şəkildə icrasıdır.

Diqqətə çatdırılıb ki, xalqın öz dövlətinə olan dərin inam və etimadına əsaslanan bu sarsılmaz missiya ölkəmizi “Şəhərsalma və Memarlıq İli” elan  olunan 2026-cı ildə yalnız yüksək rifah cəmiyyəti və iqtisadi tərəqqi məkanı kimi deyil, həm də çoxəsrlik tarixə malik quruculuq diyarı kimi bir daha dünyaya tanıdacaqdır.

Bildirildi ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 15 aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqənin nəticələri üzrə 51 gənc hüquqşünas qulluğa qəbul olunub.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş prokuror tərəfindən təqdim olunub.

Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli və Elbay Qasımzadə işə qəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlət müstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi yerə malik olduğunu bildirib.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Nərmin Həmzəyeva və Orxan Səhratzadə çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başçısına öz minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib. 

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

Nurəngiz Adilqızı
XQ



















Sosial həyat