Fransanın Tuluza şəhərində fəaliyyət göstərən Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor potensialının gücləndirilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb, perspektiv planlar haqqında məlumat verilib.
İcmanın fəaliyyəti, yerli cəmiyyətə inteqrasiya, mövcud dərnəklərin işinin təkmilləşdirilməsi, gələcək layihə və təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb. Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün təşkil olunan ana dili dərsləri, şahmat turnirləri və müxtəlif yaradıcılıq dərnəklərindən bəhs edilib. İcma üzvlərinin təklif və təşəbbüsləri diqqətlə dinlənilib, onların reallaşdırılması imkanlarına dair müzakirələr aparılıb.
İştirakçılar Azərbaycan Evində fəaliyyət göstərən həftəsonu məktəbinin tədris prosesi ilə yaxından tanış olublar. Vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara və gənclərə məktəbin tədris proqramı, Azərbaycan dili, tarixi və mədəniyyətinin aşılanması istiqamətində görülən işlərdən danışılıb.





