Şəhər 35 ildən sonra doğma sakinlərini qoynuna aldı
Azad Xankəndidə zəfər tariximizin yeni, qürurverici səhifələri yazılır. Yanvarın 21-də “Böyük Qayıdış”ın növbəti ünvanına çevrilən Xankəndi 35 ildən sonra ilk dəfə doğma sakinlərini qarşıladı. İlkin mərhələdə 162 nəfər xankəndlinin çoxillik yurd həsrəti sona çatdı.
...Dünən günorta saatlarında 36 ailəlik köç karvanı Xankəndiyə çatdı. Bununla da daha bir ata-baba yurdumuza əsl sahiblərinin qayıdışı başladı. Bir vaxtlar erməni vəhşiliyinin qurbanına çevrilərək ev-eşiklərindən didərgin düşmüş insanlar sonsuz sevinc və qürur içində geri dönürlər. Xankəndi üçün yeni, ümid dolu, işıqlı gələcək başlayır, daha bir əzəli yurd yerimizdə evlər insan nəfəsi ilə hərarətlənəcək, ocaqlar qalanacaq!
Şəhərin mərkəzində, “Pianino parkı”nda şanlı üçrəngli bayraqlarımız vüqarla dalğalanır. Bura toplaşan xankəndililər, rəsmi şəxslər, jurnalistlər həyəcanla ilk sakinləri gözləyirlər. Nəhayət, Azərbaycan küçəsi boyunca irəliləyən köç karvanı ünvana çatır və bu möhtəşəm gün münasibətilə tədbirin startı verilir. Dövlət Himnimizin ürəkləri riqqətə gətirən sədası ətrafa yayılır, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilər sürətlə yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur, məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir.
S.Qəhrəmanov ailələri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik etdi, onlara firavan həyat arzuladı. Xankəndinin ilk sakinlərindən olan şəhid atası Kamran Nəsirov bu tarixi anlardan, torpağa qovuşmağın xoşbəxtliyindən danışdı. Çıxış edən digər xankəndili Nadir Rəşidov da bu anı illərlə gözlədiklərini, bundan sonra doğma şəhərdə alnıaçıq, üzüağ yaşayacaqlarını bildirir.
...Açarların təqdimetmə mərasimi sakinlərin “Qarabağ” mahnısının xoş sədaları altında rəqsləri ilə bitir. Qol qaldırıb oynayan xankəndililər bununla bütün dünyaya tarixi şəhərimizin əsl sahiblərinin qayıtdığını nümayiş etdirirlər. Bu sevincə, bu qürurverici anlara şahidlik etməyin bəxtiyarlığı ilə sakinlərə yaxınlaşıb təəssüratlarını soruşuruq.
38 yaşında ev-eşiyindən zorla didərgin salınmış Murad Hüseynov bu gün öz nəvə-nəticələri ilə Xankəndiyə qayıtmağın xoşbəxtliyini yaşayır. Deyir ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sayəsində bu gün ata-baba yurduna dönməyimiz bizim üçün ən böyük bayramdır.
Bəkir Mixaylov, həyat yoldaşı Ema Mixaylova 4 otaqlı, yeni təmir olunmuş, yaşayışları üçün hər cür şərait yaradılmış mənzillərinin açarlarını göstərib hiss etdikləri duyğuları sözlə ifadə etməyin asan olmadığını dedilər. Əlavə edirlər ki, bundan sonra Xankəndi onlar üçün daha əziz, daha müqəddəs məkan olacaq. Çünki bu torpaqlarımızın hər qarışı canlarını Vətən uğrunda qurban vermiş şəhidlərimizin qanı ilə suvarılıb.
Rübabə Abbasova Xankəndini tərk etməyə məcbur qaldıqları o acı günləri xatırlayaraq bugünkü anlar üçün Allaha şükürlər etdi:
– Nə zülmlərlə evimizdən çıxmışdıq. Ermənilər bizi daş-qalaq edirdilər, evlərimizi yandırırdılar. Ancaq bu gün dövlətimiz bizi necə böyük hörmətlə, qayğı ilə geri qaytarır. İlahi ədalətin bərqərar olması, bax, budur!
Söhbətə Rübabə xanımın qızı, Xankəndinin erməni separatçıları tərəfindən işğalına start verildiyi 1988-ci ildə anadan olmuş Vəfa Abbasova da qoşuldu. Bildirdi ki, bu şəhərdə doğulsa da ona doğma şəhərində yaşamaq məhz bu gündən sonra qismət olacaq:
– Xoşbəxtəm ki, evimizin açarlarını özüm aldım. İllər boyu Bakıda bu günlərin arzusu ilə yaşamışıq. Çox şükür, bu gündən biz də artıq məcburi köçkün deyilik!
...Açarlarını alan xankəndililər yeni mənzillərinə tələsirlər. Bu gündən etibarən onlar daha “harada yaşayırsan” sualına “məcburi köçkün kimi məskunlaşmışam deyil, fəxrlə “Xankəndi sakiniyəm!” deyə cavab verəcəklər. Xankəndi şəhərinə ilk köç isə bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində atılmış mühüm mərhələyə, unudulmaz tarixə çevriləcək.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri.
Xankəndi


