Lənkəran hallabonqun 5-ci vətənidir

post-img

Subtropiklər diyarında havaların kəskin dəyişməsi, qışın buz nəfəsi aydın hiss olunur. Sitrus və subtropik meyvə yığımı başa çatdığından bağlardan əl-ayaq yığışıb. Fermerlər anbarlarda saxladıqları məhsulu bazarlara çıxararaq satışı ilə məşğul olurlar. Təsərrüfat işlərinin yekunlaşdığı bir vaxtda Lənkəran rayonunun Sütəmurdov və Velədi kəndlərində bu yerlər üçün ənənəvi olmayan yeni bir meyvənin yığımına start verilib.

Söhbət dünya bazarlarında “Dekopon”, “Şiranui”, “Sumo mandarin” adları ilə tanınan, 2015-ci ildə Lənkərana cənubi Koreyadan gətirilmiş və orada “hallabonq” adlandırılan məhsuldan gedir. Dünyada 10 ən qiymətli meyvədən biri sayılır. Tumsuzdur, ətirlidir, dadlıdır, lətlidir, insan orqanizmi üçün olduqca faydalıdır.

Müsahibim Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilk və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran təcrübə bazasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fərman Abdullayev hallabonq haqqında daha geniş məlumat verərək deyir:

–Məlumdur ki, dünyada 11 coğrafi iqlim qurşağından 9-u ölkəmizdən keçir. Hələ 1936-cı ildə Bakıda keçirilən subtropiklərin I konfransında məşhur akademik N. İ. Vavilov qeyd etmişdir ki, “Azərbaycan dünyanın endemik bitki bankıdır, Talış (Lənkəran-Astara bölgəsi nəzərdə tutulur) isə onun ən varlı və gözəl gəlinidir.” Görkəmli alimin bölgəmizin iqliminə, bitki aləminə verdiyi dəyər bu gün də özünü doğruldur. Həqiqətən, Lənkəran bölgəsinin unikal iqlim şəraiti, zəngin və münbit torpaqları müxtəlif növ və sort çay, sitrus, feyxoa, kivi, zeytun, nar, əncir, püstə, badam, zəfəran, nəcib dəfnə, bambuk, yapon əzgili və digər subtropik meyvə və texniki bitkilərin yetişdirilməsi, sənaye miqyasında inkişaf etdirilməsi üçün geniş imkanlar açır. 

 Hallabonqun vətəni Yaponiya sayılır, - deyə Fərman müəllim söhbətini davam etdirir. Dekopon adı ilə ilk dəfə 1972-ci ildə  Yaponiyada kiyomi və ponkan adlı sitrus sortlarının hibridi kimi təbii seleksiya yolu ilə yaradılıb. 2006-cı ildən hər il mart ayının 1-i Yaponiyada “Dekopon günü” qeyd olunur. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin ABŞ və Braziliyada yetişdirilməsinə başlanılıb. Dünyada cəmi 5 ölkədə hallabonq becərilir ki, onlardan biri də Azərbaycandır. 

Cənubi Koreyadan Lənkərana gətirilmiş hallabonq tingləri və meyvəsi  üzərində alimlər tədqiqat işləri apararaq onun yerli şəraitə uyğunluğunu öyrəniblər, sınaq müddətindən sonra reyestrə daxil edilib. Yüksək məhsuldarlığa malik, iqtisadi cəhətdən rentabelli, sərfəli olduğu üçün əkilib-becərilməsi yerli təsərrüfatlara məsləhət görülüb. 

Naringi və portağalın hibridi olan bu sitrus meyvəsi görünüşü, dadı, ətri və məhsuldarlığına görə digər meyvələrdən fərqlənir. Hallabonq uzunömürlüdür. Şaxtaya davamlıdır. İki-üç ildən sonra məhsul verməyə başlayır. Meyvəsi qış fəslində yetişir, dekabr-fevral aylarında dərilir. Hallabonqun meyvəsinin çəkisi 300-500, hətta 750 qrama qədər olur. Örtük altında becəriləndə payız aylarında, mart və mayda da çiçək açır. Düzgün aqrotexniki qulluq göstəriləndə il ərzində 3 dəfə də məhsul verir. Hektardan 60-80, bəzən 100 tona yaxın məhsul götürmək olur. Məhsuldarlığı, qiyməti digər sitrus bitkilərindən yüksəkdir. Portağalın kilosu 1,5-2 manata, hallabonqun kilosu 4-5 manatadır. Tərkibi C və digər vitaminlərlə zəngindir. Ürək-damar, beyin, diabet və digər xəstəliklərin müalicəsində olduqca faydalıdır. Bu meyvə insan orqanizmində olan zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını almaq üçün xeyirlidir. Xoş ətrə, dada malik hallabonqdan kosmetika, ətriyyat, qənnadı, şirə və şərabçılıq sahələrində də geniş istifadə olunur.

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri İlqar Həsənov bildirir ki, dövlətimizin yüksək qayğısı sayəsində aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu sahədə yeni sitrus bağlarının salınması xüsusi əhəmiyyətə malikdir. Rayonda 15 hektar hallabonq bağı mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2017-ci ilin sentyabr ayının 2-də Lənkərana növbəti səfəri zamanı Sütəmurdov kəndində salınmış hallabonq növlü yeni sitrus bağı ilə yaxından tanış olub, tövsiyə və məsləhətlərini verib. Son günlərdə şaxtalı havalar ağaclara heç bir ziyan vurmayıb. Hallabonqun üstünlüyü həm də xəstəliklər və zərərvericilərə qarşı davamlı olmasıdır. Ağaclara vaxtında yüksək səviyyədə aqrotexniki qulluq göstərilir. Odur ki, məhsul boldur, fermerlər bağlardan yüksək məhsul gözləyirlər.

Qabaqcıl və təcrübəli təsərrüfatçı Elgiz Vəliyevin hallabonq bağı Velədi kəndində yerləşir. Söhbət zamanı qeyd edir ki, 2015-ci ildə 5 hektar sahədə Cənubi Koreyadan gətirilmiş hallabonq tingləri əkib. Ağaclara müasir aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən 3 ildən sonra məhsul verməyə başlayıb. Hektarda təxminən 500 ağac olur. Bir ağac 60-70, bəzən 100 kiloqrama yaxın bar verir. Orta hesabla hektardan 30-35 ton məhsul yığılır. 

Ölkəmizdə hallabonq ancaq Lənkəranda yetişdirilir. Bağlarda feyxoa, naringi, portağal dərilib qurtardıqdan sonra hallabonq yığımı başlanır. Dekabr ayından yığıma start vermişik, - deyə Elgiz Vəliyev bildirir. Müalicəvi xüsusiyyətlərinə görə bu qiymətli meyvəyə tələbat ilbəil artır. Astaradan, Masallıdan, digər ətraf rayonlardan, Bakıdan bura meyvə almağa gəlirlər. Yerindəcə ağaclardan dərilərək kilosu 4-5 manata satılılr. Bakıda qiymət daha yüksəkdir. Paytaxtda kilosu 8-10 manata satılır. 

Lənkəran rayonunun Girdəni kəndindən Hacağa Hacıyev xəstə üçün meyvə almağa gəldiyini deyir.  Elgizin bağında yetişən hallabonqun keyfiyyətindən, qiymətinin münasib olmasından razlılıq edir. Bu il şəxsi təsərüfatında hallabonq tingləri əkəcəyini bildirir. Zəhmət, qulluq və qayğı tələb edən hallabonq bağlarında xeyli sayda fəhlə işləyir. Gündəlik qazancları yaxşıdır. Bu da yerli əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətlidir. Rayonun digər kəndlərində də iqtisadi cəhətdən sərfəli və perspektivli olan hallabonq bağlarının salınmasına hazırlıq görülür.

Əlisəfa HƏSƏNOV,

“XQ”nin bölgə müxbiri

 

 



Sosial həyat