Paytaxt və Abşeronun suyu bol olacaq

post-img

Yeni dövlət proqramı problemləri aradan qaldıracaq, inkişafı sürətləndirəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 12-də keçirilən müşavirə Bakı və Abşeron yarımadasında su təsərrüfatı sahəsində həyata keçirilən işlərin nəticələrini qiymətləndirmək və gələcək inkişaf strategiyasını formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müzakirə ölkənin gələcək su təhlükəsizliyi strategiyasını aydın şəkildə ortaya qoydu.  Dövlət başçısının çıxışında vurğulandı ki, su təchizatı, yağış və tullantı sularının idarə olunması yalnız kommunal xidmət kimi deyil, həm də ölkənin sosial-iqtisadi inkişafı, ekoloji balansın qorunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə sıx bağlı olan strateji sahədir.

Ümumilikdə,  dövlət proqramı su ehtiyatlarının qorunması, Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, Bakı şəhərinin iqlim dəyişikliklərinə davamlılığının artırılması, ölkənin davamlı inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyan kompleks və uzunmüddətli yanaşmadır.

Bakı, Abşeron yarımadası və Sumqayıt şəhəri ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi, sənaye, nəqliyyat və xidmət sahələrinin intensiv inkişaf etdiyi regiondur. Bu səbəbdən sözügedən ərazilərdə su infrastrukturunun müasir tələblərə uyğun qurulması dövlət siyasətinin prioritetlərindəndir. Bakı və Abşeron yarımadasında əhalinin sürətli artımı, yeni yaşayış massivlərinin salınması və iqtisadi fəallığın genişlənməsi mövcud su və kanalizasiya sistemlərinə əlavə yük yaradır. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bu sahədə daha səmərəli və qənaətcil idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir.

Nəticə etibarilə, 2026–2035-ci illəri əhatə edən dövlət proqramı Bakı və Abşeron yarımadasında su təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu strategiya şəhər mühitinin təhlükəsizliyinə, ekoloji tarazlığın qorunmasına və uzunmüddətli sosial rifaha xidmət edən əsaslı yol xəritəsidir.

Yeni dövlət proqramı Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etməklə, uzun illər yığılıb qalmış problemlərin sistemli həllini hədəfləyir. Proqram çərçivəsində təxminən 30 yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin 40–45 faiz səviyyəsindən kəskin şəkildə azaldılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, kanalizasiya xidmətlərinin əhatə dairəsinin 95 faizə çatdırılması və Xəzər dənizinə axıdılan kanalizasiya sularının tam təmizlənməsi paytaxtın ekoloji təhlükəsizliyi baxımından mühüm addımlar olacaq. İlk dəfə olaraq Abşeron yarımadasında duzsuzlaşdırma zavodunun tikilməsi isə alternativ su mənbələrinin yaradılması istiqamətində strateji yenilikdir.

Mütəxəssislər bildirirlər ki, ölkəmizin su ehtiyatları əsasən Araz və Kür çayı, onların qolları suya olan tələbatın əhəmiyyətli hissəsini ödəyir. Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunması üçün müxtəlif layihələr hazırlanır. Bunlara sudan səmərəli istifadə, suvarma texnikasının modernləşdirilməsi, suyun təmizlənməsi və s. kimi tədbirlər daxildir. 

Bundan əlavə, beynəlxalq əməkdaşlıq və su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı digər ölkələrlə aparılan danışıqlar da mühüm yer tutur. Bu məsələyə də toxunan dövlət başçısı İlham Əliyev qeyd edib ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir: “Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır”. 

Proqramın icrası mərhələli şəkildə həyata keçiriləcək, bu zaman maliyyə intizamına, şəffaflığa və səmərəliliyə xüsusi diqqət yetiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Dövlət proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlılığının artırılması, su anbarlarının, eləcə də supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və alternativ su mənbələrinin istifadəsi nəzərdə tutulur. Prezident müvafiq icra orqanları qarşısında konkret tapşırıqlar qoyaraq bildirmişdir ki, görülən işlər uzunmüddətli nəticələrə hesablanmalı və vətəndaşların gündəlik həyatında real müsbət dəyişikliklər yaratmalıdır. Dövlət proqramı paytaxt və Abşeron yarımadasında yaşayış mühitinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək, ekoloji risklərin azalmasına və şəhər infrastrukturunun davamlı inkişafına mühüm töhfə verəcək.

Ekspert rəyi

Rövşən Abbasov

coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sahəsində əsas problemlər köhnəlmiş infrastruktur, yüksək su itkiləri, artan əhali və iqlim dəyişiklikləri fonunda su resurslarına  tələbat, eləcə də çirkab və yağış sularının düzgün idarə olunmaması ilə bağlıdır. Su itkilərinin qarşısının alınmasında dövlət investisiyaları ilə yanaşı, ev təsərrüfatlarının rolu da xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, Bakı şəhərində və ətraf ərazilərdə yerləşən bağ sahələrində  içməli suyun suvarma məqsədilə istifadəsi  su ehtiyatlarının israfına səbəb olur.

2026–2035-ci illəri əhatə edən dövlət proqramı bu problemlərin kompleks və sistemli həllini nəzərdə tutur. Proqram çərçivəsində 200 kilometrdən artıq magistral və paylayıcı şəbəkələrin tikintisi, mövcud şəbəkələrin yenilənməsi, su itkilərinin azaldılması, alternativ su mənbələrinin tətbiqi və suya qənaət mədəniyyətinin formalaşdırılması əsas istiqamətlərdəndir. Proqramın mühüm komponentlərindən biri də Bakı şəhəri ətrafında yerləşən göllərin mərhələli şəkildə təmizlənməsi və bərpasıdır. Bu tədbirlər ekoloji tarazlığın qorunmasına, yerli mikroiqlimin yaxşılaşmasına, rekreasiya imkanlarının genişlənməsinə və şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edəcək.

Müasir yağış suları sistemlərinin qurulması da  xüsusi əhəmiyyət kəsb edir. Bu sistemlər vasitəsilə yağış suları çirkab sularla qarışmayacaq, ya birbaşa dənizə təhlükəsiz şəkildə axıdılacaq, ya da toplanaraq parkların, yaşıllıq sahələrinin və bağların suvarılmasında istifadə ediləcək. Yağış sularının effektiv idarə olunması   subasma hallarının azalmasına və şəhər infrastrukturunun dayanıqlılığının artırılmasına imkan verəcək.

Bununla yanaşı, Bakı şəhərindən Xəzər dənizinə axıdılan çirkab suların həcmi ciddi ekoloji risk yaradır. Hazırda 50 faizdən çox ev təsərrüfatlarından çıxan çirkab suların birbaşa və ya kifayət qədər təmizlənmədən Xəzərə axıdılması dənizin çirklənməsinə səbəb olur. Dövlət proqramı çərçivəsində bu suların müasir təmizləmə qurğularında emal edildikdən sonra axıdılması Xəzər dənizinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, Xəzər dənizi suyunun duzsuzlaşdırılması Bakı və Abşeron yarımadası üçün strateji alternativ su mənbəyi kimi çıxış edir. Duzsuzlaşdırma iqlim və hidroloji risklərdən asılılığı azaldır və uzunmüddətli su təhlükəsizliyini təmin edir. Müasir texnologiyalar tətbiq edildikdə bu yanaşma iqtisadi baxımdan da səmərəli hesab olunur.

Mustafa KAMAL

XQ

Sosial həyat