Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub.
Mərasimi giriş nitqi ilə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov açaraq Nazirliyin rəhbərliyi adından yubilyarı təbrik edib, onun həyat və fəaliyyət yolunun hər bir alim və mütəxəssis üçün əsl məktəb olduğunu söyləyib. Bildirib ki, Azərbaycan aqrar elminin görkəmli nümayəndələrindən biri olan professor İbrahim Cəfərov ömrünün yarım əsrdən çoxunu kənd təsərrüfatı sahəsinin inkişafına həsr etmiş dəyərli ziyalılarımızdandır. O, ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə və peşəkar kadr hazırlığının təşkilinə həsr edib.
Nazir müavini vurğulayıb ki, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov uzun illər Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik edib və rektor olduğu dövrdə universitet mühüm inkişaf mərhələsi keçib. Alimin gənclərə aşıladığı bilik, onlara göstərdiyi qayğı bu gün də nümunə kimi dəyərləndirilir.
Elçin Zeynalov hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən professor İbrahim Cəfərovun öz zəngin elmi və idarəçilik təcrübəsini aqrar sahənin inkişafına yönəltdiyini vurğulayıb. Qeyd edib ki, onun apardığı elmi tədqiqatlar kənd təsərrüfatının inkişafına, eləcə də ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.
O, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun müəllifi olduğu elmi əsərlərin, dərslik və dərs vəsaitlərinin, tədris materiallarının gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün etibarlı elmi mənbə olduğunu və mühüm istiqamətverici rol oynadığını vurğulayıb. Bildirib ki, alim peşəkar fəaliyyəti ilə yanaşı, dərin intellekti, vətənpərvərliyi, sadəliyi və səmimiyyəti sayəsində böyük hörmət və nüfuz qazanıb.
Çıxışın sonunda Elçin Zeynalov AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun aqrar elm və təhsilin inkişafındakıı çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirərək, Nazirliyin adından yubilyara Təşəkkürnamə təqdim edib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinın adından salamlayıb, Akademiya rəhbərinin yubilyara təbrikini çatdırıb. O, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun zəngin elmi və təşkilati fəaliyyəti ilə bağlı məlumat verib, alimin elmi yaradıcılığının məhsuldarlığı və praktik əhəmiyyəti ilə seçildiyini vurğulayıb.
Akademik İradə Hüseynova bildirib ki, Azərbaycan elminə töhfə vermiş görkəmli alimlərin yubileylərinin qeyd olunması ölkədə intellektual dəyərlərə verilən önəmin bariz göstəricisidir və bu ənənə ulu öndər Heydər Əliyevin elmə və alimlərə göstərdiyi dərin ehtiram üzərində formalaşmışdır. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs ardıcıl şəkildə davam etdirilir və elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu strateji yanaşmanın nəticəsi olaraq bu gün Azərbaycan aqrar elminin inkişafında mühüm xidmətləri olan, elmi prinsipiallığı və dövlətçilik mövqeyi ilə seçilən professor İbrahim Cəfərovun yubileyi geniş elmi ictimaiyyətin iştirakı ilə qeyd olunur”.
Vitse-prezident alimin dövlətə və xalqa sədaqəti, milli prioritetlərə bağlılığını xüsusi qeyd edərək bildirib ki, professor İbrahim Cəfərov elmi fəaliyyətini daim dövlətin aqrar siyasəti ilə uzlaşdıraraq kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar elmin istehsalata yaxınlaşdırılması ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyələrini əsas fəaliyyət prinsipi kimi rəhbər tutub. Onun rəhbərlik etdiyi qurumlarda dövlət maraqlarına xidmət və elmin praktik faydasının artırılması əsas prioritet olub.
Akademik İradə Hüseynova vurğulayıb ki, professor İbrahim Cəfərovun aqrar elm sahəsində apardığı tədqiqatlar bitki mühafizəsi problemlərinin həlli, ərzaq təhlükəsizliyinin təmin olunması və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən müəyyən edilmiş qlobal prioritetlərin elmi əsaslarla reallaşdırılmasına xidmət edir.
O, alimin iqlim dəyişiklikləri və antropogen təsirlər fonunda güclənən biotik stress amillərinə qarşı dayanıqlı və elmi əsaslı mübarizə mexanizmlərinin formalaşdırılmasına yönəlmiş tədqiqatlarını xüsusi qeyd edib. Bildirib ki, bu istiqamətdə əldə olunan nəticələr kənd təsərrüfatı istehsalının sabitliyinin və məhsuldarlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
AMEA-nın vitse-prezidenti, həmçinin professor İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etdiyi dövrdə aqrar təhsil və elmin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Əlavə edib ki, universitetdə aparılan struktur islahatları, maddi-texniki bazanın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi dövlətin aqrar sahəyə göstərdiyi diqqətin real nəticələrinə çevrilmişdir.
“Hazırda AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun rəhbərlik etdiyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ölkədə bitki mühafizəsi, pambıqçılıq və digər strateji əhəmiyyətli sahələr üzrə elmi tədqiqatların əsas mərkəzlərindən biridir”, – deyən akademik İradə Hüseynova burada aparılan işlərin yalnız elmi nəticələrlə məhdudlaşmadığını, eyni zamanda fermerlərin real ehtiyaclarına cavab verən, istehsalatda tətbiq olunan, Dövlət Proqramlarının icrasına xidmət edən nəticələr ortaya qoyduğunu diqqətə çatdırıb.
Vitse-prezident qeyd edib ki, alim yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb.
Akademik İradə Hüseynova professor İbrahim Cəfərovun 70 illik yubileyi və uzun illər ərzində apardığı səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunduğunu bildirib, mükafatı alimə təqdim edib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq, bu sahənin ölkənin sosial-iqtisadi inkişaf strategiyasında mühüm yer tutduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının çıxışlarında aqrar sahəyə münasibət ardıcıl islahatlar, elmi yanaşma və dayanıqlı inkişaf prinsipləri ilə müşayiət olunur.
O, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun uzun illər ərzində aqrar elmin inkişafına verdiyi töhfələri, elmi-təşkilati fəaliyyətini və dövlət maraqlarına əsaslanan mövqeyini diqqətə çatdırıb. Bildirib ki, professor İbrahim Cəfərov görkəmli alim və elm təşkilatçısı olmaqla yanaşı, həm də ictimai xadim kimi tanınır. O, Gəncədə baş vermiş faciəli hadisələr zamanı nümayiş etdirdiyi qətiyyətli vətəndaş mövqeyi, ictimai fəallığı və xalqla həmrəyliyi ilə seçilib. İbrahim Cəfərovun bu mövqeyi alimin dövlətə, xalqa və milli dəyərlərə sadiqliyinin bariz ifadəsidir.
Akademik Fuad Əliyev Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan İbrahim Cəfərovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayıb.
Mərasimdə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov, “Botanika İnstitutu” Publik Hüquqi Şəxsin direktoru v.i.e., professor Səyyarə İbadullayeva, Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Günel Seyidzadə, ADAU-nun dosenti Anar Hətəmov və Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov çıxış edərək yubilyarın Azərbaycan elm və təhsilinin inkişafındakı xidmətlərindən, milli dəyərlərə sadiqliyindən, yüksək insani keyfiyyətlərindən danışıb, ona xoş arzularını bildiriblər. Çıxışlarda bu gün ömrünün şərəfli illərini yaşayan professor İbrahim Cəfərovun həyat yolunun, uzunmüddətli axtarışlarının gələcək nəsillər üçün örnək olduğu bildirilib.
Sonda AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək Azərbaycan elminin və təhsilinin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb. O, yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qabil YUSİFOĞLU
XQ





