2026-cı ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Azərbaycan Respublikası arasındakı strateji dialoq həlledici mərhələyə qədəm qoyub. Qlobal güc mərkəzləri arasındakı rəqabətin kəskinləşdiyi dövrdə Cənubi Qafqaz regionu Avro-Atlantik məkanın təhlükəsizlik arxitekturasının ayrılmaz komponenti kimi çıxış edir. Rəsmi Bakının yürütdüyü çoxvektorlu, milli maraqlara söykənən və müstəqil xarici siyasət kursu Qərb institutları tərəfindən yüksək qiymətləndirilir. Alyans rəsmilərinin ritorikası, diplomatik təmasların intensivliyi onu deməyə əsas verir ki, Azərbaycan artıq regionun şəriksiz lideri və etibarlı təhlükəsizlik tərəfdaşı statusunu tam şəkildə təsbit edib.
Bu strateji yaxınlaşmanın ən bariz nümunəsi kimi, 2026-cı ilin yanvar ayında NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana reallaşan rəsmi səfərini xüsusi qeyd etmək zəruridir. Sözügedən səfər sadəcə protokol xarakteri daşımır, əksinə, tərəflər arasındakı münasibətlərin dərinliyini və gündəliyin zənginliyini nümayiş etdirir. Səfər çərçivəsində Radmila Şekerinskanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə keçirdiyi görüşlər siyasi dialoqun miqyasını göstərən mühüm indikatorlardır. Keçirilən görüşlərdə tərəflər Azərbaycan– NATO tərəfdaşlığının mövcud vəziyyətini hərtərəfli nəzərdən keçirmiş, Ermənistan– Azərbaycan normallaşma prosesinin cari statusu, eləcə də alyansın Qara dəniz regionunda sabitliyin təmin edilməsinə verdiyi dəstək kimi qarşılıqlı maraq doğuran strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparıbalar. Qara dəniz və Xəzər hövzəsi təhlükəsizliyinin vahid bir kontekstdə müzakirə olunması Qərbin Azərbaycana baxış bucağının dəyişdiyini, ölkəmizin Avropanın enerji və fiziki təhlükəsizliyində oynadığı rolun əvəzsiz olduğunu sübut edir.
Enerji təhlükəsizliyi faktoru NATO-Azərbaycan münasibətlərinin əsas sütununu təşkil edən həlledici məsələlərdən sayılır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji xəritəsinin yenidən cızılması prosesində rəsmi Bakı lider rolunu oynayır. Avropa İttifaqı və NATO üzvü olan dövlətlərin enerji təchizatında yaranan boşluqların doldurulmasında Azərbaycan qazının və gələcəkdə "Yaşıl Enerji" dəhlizi vasitəsilə ixrac ediləcək elektrik enerjisinin rolu danılmazdır. Xəzər dənizinin dibi ilə Qara dənizə, oradan isə Avropaya uzanacaq elektrik kabeli layihəsi Alyansın enerji təhlükəsizliyi doktrinası ilə tam uzlaşır. Bu layihə strateji bağlılıq yaradır. Kritik enerji infrastrukturunun qorunması məsələsi hər iki tərəf üçün prioritet təşkil edir. NATO rəsmiləri Azərbaycanın enerji resurslarının ixrac coğrafiyasını genişləndirmək istiqamətindəki səylərini və infrastrukturun fiziki mühafizəsi sahəsində nümayiş etdirdiyi peşəkarlığı yüksək dəyərləndirir.
Hərbi sahədəki əməkdaşlıq və Azərbaycan Ordusunun modernləşdirilməsi prosesi tərəfdaşlığın digər mühüm istiqamətidir. İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordu modelinə keçid prosesi sürətlənib. Türkiyə ordusunun NATO-nun ən güclü ordularından olduğu nəzərə alınarsa, Azərbaycan ordusunun da standartlarının alyans normalarına uyğunlaşdığı aydın görünür. Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Azərbaycan hərbçiləri NATO qüvvələri ilə uzlaşma qabiliyyətini artırır, birgə təlimlərdə iştirak edir və beynəlxalq sülhməramlı missiyalara töhfə verirlər. Azərbaycan sülhməramlılarının keçmişdə Əfqanıstanda, xüsusilə Kabil hava limanının təxliyəsi zamanı göstərdiyi şücaət alyansın yaddaşında dərin iz buraxıb. NATO rəhbərliyi Azərbaycanı beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən təhlükəsizlik təminatçısı kimi qəbul edir. NATO Azərbaycanın hərbi islahatlarını dəstəkləyir və Silahlı Qüvvələrin peşəkarlığının artırılması istiqamətindəki səyləri alqışlayır.
Regionda sülh və sabitlik məsələsinə gəldikdə NATO-nun mövqeyi birmənalıdır. Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını qətiyyətlə dəstəkləyir. Şekerinskanın səfəri zamanı normallaşma prosesinin xüsusi müzakirə mövzusu olması təsadüfi deyildir. Qərb dairələri yaxşı anlayır ki, dayanıqlı sülh olmadan nəqliyyat və enerji layihələrinin tam potensialını reallaşdırmaq mümkün olmayacaq. Rəsmi Bakı tərəfindən irəli sürülən sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Bu, NATO tərəfindən də təqdir olunur. Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası və regionun vahid iqtisadi məkana çevrilməsi Avro-Atlantik məkanın maraqlarına cavab verir. Çünki Orta Dəhlizin funksionallığının artması Şərq-Qərb ticarət yolunun təhlükəsizliyini təmin edəcək və Çin-Avropa ticarətində Rusiyadan yan keçən alternativ marşrutun dayanıqlığını artıracaqdır.
Proseslərin gələcək inkişaf ssenarilərinə nəzər saldıqda Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yaxın gələcəkdə tamamilə yenidən formalaşacağı aydındır. Baş verə biləcək hadisələrin konsepti Azərbaycanın regiondakı dominant mövqeyinin daha da möhkəmlənməsi üzərində qurulacaq. Sülh müqaviləsinin imzalanması və ya münasibətlərin tam normallaşması prosesindən sonra NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın "Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramı" (ITPP) çərçivəsində daha yüksək səviyyəyə qalxacağı gözlənilir. Ehtimal etmək olar ki, regionda logistik haba çevrilən Azərbaycan NATO yüklərinin Mərkəzi Asiyaya və Əfqanıstana tranziti üçün əsas qovşaq rolunu oynamağa davam edəcək. Həmçinin, Xəzər dənizinin təhlükəsizliyi məsələsi Qərbin gündəliyinə daha ciddi şəkildə daxil olacaq.
Gələcək perspektivdə Bakı ilə Brüssel arasında kiber müdafiə, hibrid təhdidlərə qarşı mübarizə və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində ixtisaslaşmış mərkəzlərin yaradılması istisna edilmir. İqlim dəyişmələrinin təhlükəsizlik aspektləri də əməkdaşlığın yeni trendinə çevriləcək. Azərbaycanın COP29-a uğurlu ev sahibliyi etməsi və yaşıl enerji keçidi istiqamətində atdığı addımlar NATO-nun "İqlim Dəyişmələri və Təhlükəsizlik" gündəliyi ilə üst-üstə düşür. Bu sahədə texnoloji mübadilə və infrastrukturun iqlim risklərindən qorunması üzrə birgə təlimlərin sayı arta bilər.
NATO-nun Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirməsi təsadüfi xarakter daşımır və müvəqqəti maraqlara əsaslanmır. Bu münasibətlər otuz ildən artıq davam edən ardıcıl dövlət siyasətinin, strateji səbrin və praqmatik diplomatiyanın məntiqi nəticəsidir. Bu prosesdən sonra regionda yaranacaq yeni nizam, şübhəsiz ki, Azərbaycanın milli maraqlarına xidmət edəcək və ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Avro-Atlantik məkanla inteqrasiya yolunda ölkəmiz müstəqil siyasətini qoruyaraq suveren hüquqlarından güzəştə getmədən, bərabərhüquqlu tərəfdaş kimi qlobal təhlükəsizlik sistemində layiqli yerini tutub. Qarşıdan gələn illər ərzində bu strateji bağların daha da möhkəmlənəcəyi, Azərbaycanın Şərq ilə Qərb arasında siyasi və təhlükəsizlik körpüsü rolunu daha effektiv icra edəcəyi şübhəsizdir.
Yusif ŞƏRİFZADƏ
XQ

