Azərbaycan dilində məktəblər milli varlığımızı qoruyur, yaşadır
Azərbaycan dilinin qorunması və inkişafı təkcə ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla azərbaycanlının milli-mənəvi kimliyinin yaşadılması baxımından da önəmlidir. Qloballaşmanın sürətləndiyi, assimilyasiya proseslərinin gücləndiyi müasir dövrdə vətəndən kənarda ana dilinin unudulmaması milli varlığın qorunmasının zəruri şərtlərindən biridir. Bu mənada soydaşlarımızın yığcam yaşadığı ölkələrdə Azərbaycan dilinin tədrisi və təbliği dövlətin diaspor siyasətinin diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə xüsusi toxunaraq vurğulayıb: “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər”.
Hazırda dünyanın müxtəlif ölkələrində – Türkiyə, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ və s. azərbaycanlıların sıx məskunlaşdığı ölkələrdə ana dilimizin tədrisi məqsədilə müxtəlif təşəbbüslər həyata keçirilir. Diaspor təşkilatları, həftəsonu məktəbləri, mədəniyyət mərkəzləri və ictimai birliklər bu istiqamətdə fəal rol oynayır.
Xarici ölkələrdə Azərbaycan dilini tədris və təbliğ edən soydaşlarımızla həmsöhbət olduq.
Səfayə NAİBOVA,
Kiyevdə Azərbaycan dili müəllimi:
– 2009-cu ildən etibarən Azərbaycan dilinin tədrisi və təbliği ilə məşğulam. Bu illər ərzində Kiyevin 37, 135, 188, 247 və 291 nömrəli ümumtəhsil məktəblərində Azərbaycan dili siniflərində dərs demişəm, yüzlərlə azərbaycanlı və ukraynalı şagirdə ana dilimizi öyrətmişəm. Hazırda isə Kiyevdə 247 saylı orta məktəbdə Azərbaycan dili və tarixini tədris edirəm.
Azərbaycan dili ecazkar, şeirə və musiqiyə yatımlı dildir. Ukraynalılar da bunu tez-tez vurğulayır, Azərbaycan dilini “musiqi dili” adlandırırlar. Hətta azərbaycanlılarla ailə quran ukraynalılar ana dilimizi öyrənmək üçün xüsusi dərslərə qatılmaq istəyirlər. Təəssüf ki, müharibə şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin sayı xeyli azalıb. Buna baxmayaraq, milli-mənəvi dəyərlərimizi fəal şəkildə, layiqincə təbliğ edirik.
Rəhbərlik etdiyim “Azərbaycanın mədəniyyət tarixi” dərnəyində xalqımızın tarixi, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərlərini şagirdlərə aşılayırıq. Qurban bayramı, Novruz bayramı, milli mətbəximiz, geyimlərimiz, musiqimiz və folklorumuz əsas mövzular sırasında yer alır. Dərs dediyim məktəbdə isə fəallığına görə fərqlənən 7 şagirddən 3-ü azərbaycanlıdır ki, bu da bizim uğurumuzdur.
Pandemiya və müharibə dövrünə qədər müxtəlif məktəblərdə “Azərbaycan mədəniyyəti günləri” təşkil edirdik. Tədbirlər bir həftə davam edir, həmin müddət ərzində fasilələrdə Azərbaycan musiqisi səsləndirilirdi. Məktəbin foyesində milli geyimlərimiz, kitablarımız, musiqi alətlərimizin nümayişi həm şagirdlərin, həm də müəllim və valideynlərin böyük marağına səbəb olurdu.
Xüsusilə Novruz bayramı ərəfəsində keçirilən tədbirlər yaddaqalan olurdu. Valideynlər də bu prosesə fəal şəkildə cəlb edilirdi. Hər kəs öz imkanına görə Novruz xonçası hazırlayır, biri boyanmış yumurta, digəri şəkərbura, paxlava, qoğal gətirirdi.
35 nömrəli məktəbdə Azərbaycan mədəniyyəti ilə bağlı təşkil olunan tədbirlərin birində mənə 13 dəqiqə vaxt ayrılmış və ölkəmizi təmsil etmək imkanı verilmişdi. Bu çıxışa görə üçüncü yerə layiq görülməyim mənim üçün böyük stimul oldu.
Həmin təqdimatda dünya miqyasında tanınmış görkəmli elm adamlarımız haqqında məlumat vermişdim. Üçrəngli bayrağımızın rənglərinin mənası səhnə kompozisiyası şəklində göstərilmişdi. Tədbirdə Estoniya, Latviya, Litva, Qazaxıstan və digər ölkələrdən olan şagirdlər dahi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirmişdilər. Eyni zamanda, səhnədə milli geyimlərimiz nümayiş etdirilmişdir.
Əsas məqsədimiz xaricdə yaşayan həmvətənlərimizin ana dili ilə bağını qorumaq, eyni zamanda, digər xalqlara Azərbaycan dilini və mədəniyyətini tanıtmaqdır. İnanıram ki, belə təşəbbüslər milli kimliyimizin yaşadılması baxımından son dərəcə vacibdir.
Fəridə PƏNAHOVA,
Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri, Londonda “Qarabağ” məktəbinin təsisçisi:
– Vətəndən uzaqda yaşayan uşaqlar müxtəlif mədəniyyətləri öyrənirlər və bu böyük üstünlükdür. Lakin düzgün istiqamət verilməzsə, onların vətənlə bağlılığı zəifləyə bilər. Güclü milli kimlik uşaqlarda özünəinam, daxili tarazlıq yaratmaqla yanaşı, digər mədəniyyətlərə hörmət etməyi də öyrədir. Məqsədimiz Böyük Britaniya cəmiyyətinə uğurla inteqrasiya olunmuş, Azərbaycanı sevən və onun dəyərlərinə sadiq nəsil yetişdirməkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Böyük Britaniyada təsis edilən Qarabağ məktəbi 27 sentyabr 2021-ci ildən fəaliyyət göstərir. Bu tarix torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq seçilib. Qarabağ məktəbinin yaradılmasında əsas məqsədimiz xaricdə böyüyən övladlarımızın öz köklərinə bağlı qalması, ana dilimizi, tariximizi, mədəniyyətimizi, musiqimizi və hər şeydən önəmlisi milli kimliyimizi öyrənə və qoruya biləcəkləri bir mühit yaratmaqdır.
Xaricdə yaşamaq geniş imkanlar açsa da, milli kimliyimizin və dəyərlərimizin qorunması xüsusi məsuliyyət tələb edir. Valideynlər xüsusilə Vətən müharibəsindən sonra uşaqlarının Azərbaycanla daha möhkəm əlaqələrinin olmasını vacib hesab edirlər.
Həftə sonları icma məktəbi modeli ilə fəaliyyət göstəririk. Tədris yaşa uyğun qruplar üzrə, dil, musiqi, rəqs, mədəniyyət və tarix elementlərini birləşdirən inteqrativ proqramla, interaktiv, yaradıcı və uşaqlar üçün cəlbedici metodlarla aparılır.
Şagirdlərimiz Böyük Britaniyada keçirilən mədəni, maarifləndirici və ictimai tədbirlərdə fəal iştirak edirlər. Onlar ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə ilk dəfə olaraq böyük səhnəyə çıxaraq geniş proqramla Azərbaycan mədəniyyətini layiqincə təqdim ediblər. Xocalı faciəsinin ildönümü ərəfəsində təşkil olunan tədbirdə “King’s College London”da Xocalı ilə bağlı şeirlər söyləyib, hekayə oxuyublar.
Bu yaxınlarda şagirdlərimiz Londonun Ealing bölgəsində xeyriyyə məqsədi daşıyan beynəlxalq musiqi festivalına və London meri tərəfindən Novruz şənliyinə dəvət olunublar. Bununla yanaşı, torpaqlarımızın işğaldan azad olunmasına, sülh və gələcəyə ümid mesajlarını əks etdirən videoçarxlar hazırlayıblar. Məktəbimizin məzunları ana dilində sərbəst danışan, milli kimliyinə sahib çıxan, tarixini və milli-mənəvi dəyərlərini qoruyan, gələcəkdə akademiya, mədəniyyət, media, diplomatiya və ictimai sahələrdə Azərbaycanı təmsil edə biləcək şəxslər kimi formalaşırlar.
Eyni zamanda, onlar diplomatiya və beynəlxalq münasibətlər sahəsində iki ölkə arasında etibarlı körpü rolunu oynayaraq, ictimai və qeyri-hökumət sektorunda Azərbaycan icmasının səsini beynəlxalq platformalarda layiqincə etdirəcəklər. Böyük Britaniyada təhsil almış, lakin Azərbaycanla güclü mənəvi bağlarını qoruyan bu uşaqlar həm bu gün, həm də gələcəkdə Azərbaycan üçün böyük dəyərdir, onlar dünyanın müxtəlif yerlərində ölkəmizin səsi, yaddaşı və kimliyi olacaqlar.
Hazırladı:
Ləman TƏHMƏZ
XQ


