Bu xətt Çindən Avropaya daşımaları 50 sutkadan 18 günə endirəcək
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin Xalq Respublikasını Avropa İttifaqı ölkələri ilə birləşdirən strateji əhəmiyyətə malik alternativ nəqliyyat arteriyasıdır. Geniş coğrafiyanı əhatə etməklə yanaşı, Orta Dəhliz ən qısa, səmərəli və operativ marşrutlardan biri hesab olunur. Təsadüfi deyil ki, son zamanlar Çin Xalq Respublikası Avropaya yüklərin məhz Azərbaycan ərazisi ilə göndərilməsini xeyli intensivləşdirib.
Asiya nəhənginin bugünlərdə Orta Dəhliz üzrə işə saldığı yeni yükdaşıma marşrutu Şərqi Çinin Tszyansi əyalətinin inzibati mərkəzi Nançan şəhərini Azərbaycanın paytaxtı Bakı ilə birləşdirəcək. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, sözügedən marşrut üzrə ilk qatar fevralın 2-si mərmər məmulatları, pambıq parça, divar kağızı və müxtəlif sənaye mallarını Nançan beynəlxalq “quru limanı”ndan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırmaq üçün yola düşüb. Bildirilib ki, qatar Xorqos nəzarət-buraxılış məntəqəsi vasitəsilə dövlət sərhədini keçərək Xəzər dənizinə çatanadək Qazaxıstan ərazisi ilə hərəkət edəcək.
Nançan şəhərinin Dəmir Yolu Logistika Xidmətləri Mərkəzinin yaydığı məlumata görə, Orta Dəhliz vasitəsilə yükdaşıma müddəti 50 gündən 18 günə qədər azalacaq. Üstəlik, bu zaman Süveyş kanalı və Qırmızı dəniz akvatoriyasını keçmək zərurəti yaranmayacaq. Bundan əlavə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu uzun məsafəli dəniz daşımaları ilə bağlı yüklərin zədələnməsi riskini və dəfələrlə boşaldılması nəticəsində yaranan xərcləri minimuma endirəcək. Bu da ixracatçıların logistika xərclərininin orta hesabla 15-20 faiz azalmasına imkan yaradacaq.
Nəzərdə tutulan qrafikə əsasən, Orta Dəhliz üzrə beynəlxalq multimodal yükdaşımalarının əsas qovşağı kimi fəaliyyət göstərən Bakıya məhsullar yeni marşrutla çatdırıldıqdan sonra Türkiyəyə və dünyanın bir sıra digər ölkələrinə və regionlarına daşına bilər. Ümumilikdə isə, Nançan– Bakı yeni yükdaşıma marşrutu Orta Dəhliz vasitəsilə Çin–Azərbaycan logistik əlaqələrini gücləndirən strateji addım kimi diqqət çəkir.
Yeri gəlmişkən, Çindən Orta Dəhliz vasitəsilə hərəkət edən ilin ilk yük qatarı yanvarın 1-də Sian şəhərindən yola salınıb. “Çin Enerji İnşaat Korporasiyası”na məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsilə Bakıya çatıb. Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Orta Dəhlizin quruculuğunda fəal iştirakı, eləcə də sözügedən marşrutun üzv tərəfdaşları ilə birgə xərclərin azaldılması və səmərəliliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində mümkün olub.
Yanvarın 19-da isə bu ölkənin şimalındakı Tiencin bələdiyyəsindən Bakı şəhərinə Xəzər dənizi üzərindən ilk yük qatarı yola salınıb. Paslanmayan polad borular və məişət texnikası da daxil olmaqla müxtəlif mallar yüklənmiş qatar Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Bölgəsindəki Horqos sərhəd-keçid məntəqəsindən ölkə sərhədlərini aşaraq Qazaxıstan ərazisindən və Xəzər dənizindən keçməklə Bakıya çatacaq.
Tiencin Konteyner Mərkəzi Stansiyasının nümayəndəsi Yanq Cunyonq bildirib ki, 7 min kilometr məsafəni 20 günə qət edən bu marşrut ənənəvi dəniz nəqliyyatı ilə müqayisədə daşınma müddətini, təqribən, 10 gün azaldır. Azərbaycanın paytaxtının Xəzər dənizi üzərindən keçən beynəlxalq multimodal nəqliyyat dəhlizində mühüm mərkəz rolunu oynadığını vurğulayan Y.Cunyonqun sözlərinə görə, Tiencindən gətirilən yüklər Bakıya çatdıqdan sonra digər ölkə və regionlara da paylana bilər.
Xatırladaq ki, başlanğıcını Çindən götürən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi getdikcə aktuallığını artırır. Bu nəhəng nəqliyyat arteriyası Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrinin ərazilərini qət edərək Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatır. Bu marşrut, həm də Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirən daha uzun dəniz yollarından yan keçməklə quru yolu da təklif edir.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Hazırda həyata keçirilən yükdaşımalar Orta Dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır, onun funksional olaraq davamlı və effektiv olduğunu nümayiş etdirir. Ümumilikdə, region iqtisadiyyatının inkişafına ciddi töhfə verən sözügedən marşrut Qazaxıstan–Azərbaycan–Gürcüstan–Türkiyə üzərindən keçməklə Çinlə Avropa arasında daha qısa və sürətli yükdaşımaya imkan yaradır, eyni zamanda, Süveyş kanalından asılılığı azaldır.
Bu amil beynəlxalq logistika və ticarət şirkətləri üçün cəlbedici alternativ formalaşdırır və qlobal ticarət axınlarının şaxələndirilməsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, Orta Dəhliz üzərindən daşınan yüklərin həcmi son illərdə kəskin şəkildə artaraq 2021-ci illə müqayisədə, təxminən, beş dəfə yüksəlib. Bu artım Çinlə Avropa arasında konteyner qatarlarının sayının çoxalması, birgə logistika layihələrinin genişlənməsi və nəqliyyat infrastrukturuna yönəldilən investisiyaların artması ilə birbaşa bağlıdır.
Orta Dəhlizin inkişafı ticarət xərclərinin azalmasına da mühüm təsir göstərir. Daşıma müddətinin qısalması və tariflərin optimallaşdırılması nəticəsində logistik xərclər aşağı düşür ki, bu da beynəlxalq ticarətin daha səmərəli həyata keçirilməsinə imkan verir. Yükdaşımaların intensivləşməsi isə regionun iqtisadi fəallığını daha da artırır. Bu proses Azərbaycanın iqtisadiyyatına da müsbət təsir göstərir. Ölkənin tranzit ölkə kimi mövqeyi möhkəmlənir, liman və logistika xidmətlərindən əldə olunan gəlirlər artır, tranzit haqları yüksəlir. Eyni zamanda, liman və nəqliyyat infrastrukturu beynəlxalq yük axınları üçün daha cəlbedici olur ki, bu da regional iqtisadi artımı dəstəkləyən əsas amillərdən biridir.
Çinlə əməkdaşlıq çərçivəsində Bakı–Nançan dəmir yolu marşrutunun istifadəyə verilməsi Trans-Avrasiya nəqliyyat strategiyasının əhəmiyyətini daha da artırır. Bu marşrut Çin və Avropa arasında alternativ və sürətli nəqliyyat bağlantısı yaratmaqla yanaşı, region ölkələri arasında iqtisadi inteqrasiyanı da dərinləşdirir. Nəticə etibarilə, Orta Dəhliz qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar formalaşdırır, Azərbaycanın regional logistika habı kimi rolunu gücləndirir və ölkənin nəqliyyat-coğrafi üstünlüklərini qlobal miqyasda daha da möhkəmləndirir.
Mirbağır YAQUBZADƏ
XQ


