Dünən Azərbaycan Respublikası Mərkəzi Bankında faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2,4 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 4 faiz olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, 2027-ci ildə ölkədə ÜDM-in 2,9 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 4,3 faiz təşkil edəcəyi gözlənilir. Bu isə illik əsasda 19,8-20 faiz artım deməkdir.
Qeyd olunub ki, ötən il Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 14 milyard dollar artaraq 85,1 milyard dollara çatıb. Bunun da 11,5 milyard dolları Mərkəzi Bankın payına düşür.
T.Kazımov bildirib ki, 2025- ci ildə Azərbaycanın xarici ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qeydə alınmış inflyasiyaya 2,91 faiz bəndi artırıcı təsir edib. Bundan başqa, il ərzində kənd təsərrüfatı istehsalçılarının qiymət indeksinin inflyasiyaya 2,69 faiz artırıcı təsiri qeydə alınıb. Yeri gəlmişkən, Mərkəzi Bankın yenilənmiş proqnozlarına əsasən, illik inflyasiyanın 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 4 faiz təşkil edəcəyi gözlənilir.
Azərbaycan hökumətinin və siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində ölkəmizin, demək olar ki, qlobal iqtisadi müharibədən kənarda qaldığını vurğulayan T. Kazımov deyib: “Biz birbaşa təsir görmürük. Amma dolayısı təsir–həmin müharibədə iştirak edən ölkələrdə inflyasiyanın artımının bizim idxal edəcəyimiz malların qiymətlərinə təsiri ola bilər. Azərbaycan Mərkəzi Bankı olaraq bu məsələləri daim diqqət mərkəzində saxlayırıq. Təkcə bizim deyil, bütün ölkələrin mərkəzi banklarının bu tip inflyasiya ilə mübarizə aparmaq üçün alətləri çoxdur. Amma yenə də düşünürük ki, qlobal ticarətdə olan proseslər bizim ticarət tərəfdaşlarımızda inflyasiyanın artımına təsir edəcək”.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda uçot dərəcəsinin manatla yerləşdirilən depozit və manatla verilən kredit faizlərinə təsiri getdikcə daha çox hiss olunur. Rəhbərlik etdiyi qurumun bu təsiri qiymətləndirdiyini bildirən T.Kazımov əlavə edib ki, 2024- cü ildə Mərkəzi Bankın yeni monetar siyasət çərçivəsinin son mərhələsi başlanandan bəri uçot dərəcəsi siyasət aləti kimi tətbiq edilir. “Məsələn, son 6 ayda uçot dərəcəmizi aşağı salmışıq. Bunun nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faiz 0,11 faiz bənd azalaraq 9,5 faizə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faiz isə 0,78 faiz bəndi azalaraq 5,87 faizə düşüb”.
Mətbuat konfransında, həmçinin cari ilin əməliyyatlar balansı ilə bağlı məlumat verilib. Bildirilib ki, bu istiqamətdə proqnoz orta müddət üçün müsbətdir. Belə ki, 2026-cı ildə cari ilin əməliyyatlar balansı profisitinin 2,8-3 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Gələn il isə əməliyyatlar balansı profisitinin 2,7–2,8 milyard dollar təşkil edəcəyi gözlənilir.
Ötən il valyuta bazarında təklifin tələbi üstələdiyini diqqətə çatdıran Mərkəzi Bank sədrinin sözlərinə görə, orta hesabla bir hərracda təklif 70 milyon dollar olduğu halda, tələb 54 milyon dollar olub. Qeyd olunub ki, yanvar ayında əhalinin dollar alışında son 3-4 ilin ən aşağı nəticəsi qeydə alınıb ki, bu da 18 milyon dollar təşkil edib. T. Kazımov onu da bildirib ki, il ərzində hətta Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsi qarşısında öhdəliyinin bir hissəsini dollarla yerinə yetirib: “Həmin məbləği manata, avroya, funt sterlinqə də çevirə bilərsiniz. Biz buna “yastıq altındakı vəsait” deyə bilərik. Əsas məqsədimiz odur ki, o pullar real sektora gəlsin, ölkə iqtisadiyyatına yönəlsin”. Xatırladaq ki, ötən il Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib. Yeni monetar siyasətin nəticəsi olaraq ötən il unikal əmanətçilərin sayı 2024-cü illə müqayisədə 81,3 faiz artıb. Belə ki, 2024-cü ilin sonunda ölkə üzrə unikal əmanətçilərin sayı 106 min nəfər təşkil etdiyi halda, bu göstərici keçən ilin müvafiq dövrünə 190 mini ötüb. Bununla da, son 30 il ərzində formalaşan, təxminən, 100 minlik əmanətçi bazası cəmi 2 il ərzində iki dəfə artım nümayiş etdirib.
Maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi üçün likvidliliyin örtülməsi əmsalının tətbiq edildiyini bildirən T.Kazımovun sözlərinə görə, bu da banklara tələb gətirdi ki, daha çox müddətli depozitlərin cəlb edilməsi ilə məşğul olsunlar: “Sistem əhəmiyyətli bankların depozit faizləri 6 faiz həddində idi. Likvidliliyin örtülməsi əmsalı və faiz xərclərinə ədalətlilik prinsipi tətbiq edildikdən sonra bankların faiz xərcləri artdı. Bu islahatların nəticəsi olaraq 2024-cü ildə müddətli depozitlərin həcmi 1,8 milyard manat, ötən il isə 2,3 milyard manat artıb”.
Hazırda Azərbaycanda konkret sahə üzrə fəaliyyət göstərən banklara ehtiyac olmadığını xatırladan T.Kazımov deyib ki, ölkəmizdə aqrar sahədə bankçılıqla bağlı təcrübə olub. “Hazırda banklarımızın əksəriyyəti universaldır, mən düşünmürəm ki, bazarda sahəvi banka tələbat var. Bizim istəyimiz odur ki, banklararası rəqabət artsın. Bəlkə də gələcəkdə hansısa banklar müəyyən sahələri hədəf götürəcəklər, məsələn, ancaq ipoteka kreditləşməsi ilə məşğul olacaqlar. Amma bu gün bildiyim qədər belə banklara ehtiyac yoxdur”,– deyə o əlavə edib.
Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
M.YAQUBZADƏ
XQ

