Hindistan Ermənistanda nə axtarır?

post-img

Hindistanın Müdafiə Qərargahının rəisi, general Anil Çauhan İrəvana səfər etdi və Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşdü. Bu, Hindistanın ali hərbi rəhbərliyini təmsil edən bir şəxsin Ermənistana ilk səfəridir və görüş təkcə rəsmi diplomatik çərçivədə qalmayıb. Tərəflər təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və uzunmüddətli tərəfdaşlığın inkişafını müzakirə ediblər. Görüş zamanı hər iki tərəf əməkdaşlığı dərinləşdirmək və tədarük olunan sistemlərin real istismarını təmin etməkdə maraqlı olduqlarını bildiriblər.

Bu səfərə qədər Hindistan və Ermənistan arasında bir sıra hərbi müqavilələr imzalanıb. Son iki ildə bu sahədə ümumi dəyəri 1,5 milyard dolları ötən müqavilələr həyata keçirilib və silahların bir hissəsi artıq Ermənistana çatdırılıb. Perspektivdə bu rəqəmin 2 milyard dollara qədər yüksəlməsi gözlənilir.

Tədarüklər yalnız silah satışı ilə məhdudlaşmır. Müqavilələr çərçivəsində birgə təlimlər, şəxsi heyətin hazırlanması, texnikanın istismarı, hərbi obyektlərin yoxlanılması və müdafiə sənayesi sahəsində mümkün kooperasiya məsələləri də nəzərdə tutulub. Bu, səfərin, sadəcə, formal xarakter daşımadığını və konkret razılaşmaların icrasına yönəldiyini göstərir.

Beləliklə, Rusiyadan gözlədiyi hərbi dəstəyi və müasir silahları ala bilməyən İrəvan üçün Hindistan faktiki olaraq alternativ “təhlükəsizlik dayağı”na çevrilib. Lakin Ermənistan bu seçimlə öz milli təhlükəsizliyini real döyüş şəraitində geniş sınaqdan keçməmiş silah sistemlərinə bağlamış olur. Hindistan üçün isə Ermənistan sırf kommersiya tərəfdaşı deyil, həm də silahlarının təbliği üçün imkandır. Məsələn, Yeni Dehli bu ölkəni silahlandırmaqla bir neçə strateji hədəfi eyni vaxtda reallaşdırmağa çalışır: hərbi sənayesini qlobal bazara çıxarmaq, Türkiyə və Pakistanın regiondakı təsirini balanslaşdırmaq və öz silahlarını real münaqişə zonasına yaxın mühitdə “vitrin” kimi təqdim etmək.

Bu əməkdaşlıqda zəif nöqtələr də var. Bu, ilk növbədə, logistika məsələsidir. Dənizə çıxışı olmayan və qonşuları ilə gərgin münasibətlər yaşayan Ermənistan Hindistan silahlarının çatdırılmasında tam şəkildə İran marşrutundan asılı vəziyyətdədir. Bu “təchizat dəhlizi” beynəlxalq sanksiyalar, regional gərginliklər və Tehranın xarici siyasətindəki mümkün dəyişikliklər fonunda son dərəcə həssasdır. Məhz bu riskləri azaltmaq məqsədilə tərəflər artıq bəzi komponentlərin Ermənistan ərazisində istehsalı, birgə müəssisələrin yaradılması və texniki xidmət mərkəzlərinin qurulması imkanlarını müzakirə edirlər. Ermənistan da bunda maraqlıdı görünür. Silahların təyyarə ilə daşınması əlavə xərc yaradır.

General Çauxanın İrəvana səfəri göstərdi ki, Hindistan Cənubi Qafqazda müvəqqəti oyunçu olmaq niyyətində deyil və Ermənistanın təhlükəsizlik arxitekturasında yaranmış boşluqları doldurmağa çalışır. Bu proses dərinləşdikcə regionda hərbi-siyasi balans daha mürəkkəb və çoxqatlı xarakter alır.

Bu fonda Azərbaycan regionun əsas güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib. 2020-ci il Vətən müharibəsindən sonra ölkənin hərbi potensialı və diplomatik nüfuzu əhəmiyyətli dərəcədə artıb. Ölkəmiz regional nəqliyyat infrastrukturunun əsas qovşağına çevrilib və strateji mövqeyini gücləndirib. Bakı regionda sülhün, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın tərəfdarıdır.

Hindistanın Ermənistana silah tədarükü isə bu müsbət dinamika ilə ziddiyyət təşkil edir və regionda qeyri-sabitlik risklərini artırır. Xüsusilə Narendra Modi hakimiyyəti dövründə Hindistanın Azərbaycana münasibətində müşahidə olunan soyuqluq Bakı–İslamabad strateji tərəfdaşlığı ilə əlaqələndirilir. Halbuki Azərbaycan Kəşmir münaqişəsinin tərəfi deyil və hər zaman qarşılıqlı faydalı əməkdaşlıq xəttini əsas götürüb.

Şübhəsiz ki, Azərbaycan da bu çağırışlara qarşı həm hərbi, həm də strateji müstəvidə kompleks cavab tədbirləri həyata keçirir. Bakının yanaşması “keyfiyyət üstünlüyü” və “çoxşaxəli arsenal” prinsipinə əsaslanır. Ermənistanın Hindistandan aldığı sistemlərə qarşı Azərbaycan ordusu real döyüşlərdə sınaqdan keçmiş, daha geniş imkanlara malik silahlarla təchiz olunub. İsrail və Türkiyə texnologiyalarına əsaslanan HHM, PUA və raket sistemləri Azərbaycanın hava və zərbə üstünlüyünü qoruyur. Pakistanla hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə edilən müasir qırıcılar isə bu üstünlüyü daha da möhkəmləndirir.

Bununla bağlı politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, General Anil Çauhanın Ermənistana rəsmi səfəri ilə bağlı məlumatların məhdudluğuna baxmayaraq, bu, sırf protokol qaydası kimi qiymətləndirilə bilməz: “Son illər Ermənistanın Hindistandan intensiv şəkildə silah və hərbi texnika alması fonunda bu səfər hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi ilə bağlıdır. Faktlar göstərir ki, 2022–2024-cü illər ərzində Ermənistan Hindistan müdafiə sənayesinin istehsal etdiyi silahların təxminən 43 faizini satın alıb. Bu, Ermənistanı Hindistan üçün strateji əhəmiyyətli ixrac bazarına çevirib. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Ermənistana tədarük edilən “Akash” HHM sistemləri, ATAGS haubitsaları və MArG 155 özüyeriyən artilleriya qurğularının bir hissəsi real döyüş şəraitində sınaqdan keçirilməyib. Bu isə iki qənaət yaradır. Birincisi, Ermənistan öz təhlükəsizliyini hələ tam təsdiqlənməmiş texnologiyalara bağlayır. İkincisi, Hindistan faktiki olaraq Ermənistandan yeni silah sistemləri üçün sınaq poliqonu kimi istifadə edir.

Hindistan üçün bu əməkdaşlıq aydındır: Dehli müdafiə ixracını artırır, məhsullarını real istismar şəraitində nümayiş etdirir və geosiyasi baxımdan Türkiyə–Azərbaycan–Pakistan xəttinə qarşı dolayısı balans elementi formalaşdırır. Ermənistan isə bu strategiyada alıcıdan daha çox “vitrin” rolunu oynayır.

Regional təhlükəsizlik prizmasından yanaşdıqda Ermənistanın silahlanması Cənubi Qafqazda etimad mühitini gücləndirmir, əksinə, bu proses hərbi risklərin artmasına zəmin yaradır. Xüsusilə də Ermənistanın qonşularından heç birinin ona qarşı açıq hərbi təhdid irəli sürmədiyi bir şəraitdə”.

Beləliklə, Ermənistan–Hindistan hərbi-texniki əməkdaşlığı İrəvan üçün alternativ mənbə kimi təqdim olunsa da, onun real dəyəri və təhlükəsizlik effekti açıq sual olaraq qalır. Sınaqdan keçməmiş silah sistemlərinə güvənmək və regionda həssas balansı dəyişmək Ermənistanın uzunmüddətli strateji maraqlarına uyğun olmaya bilər. Azərbaycanın artan hərbi gücü, iqtisadi layihələri və strateji mövqeyi bu ambisiyaları balanslaşdırmaq potensialına malikdir. Cənubi Qafqazda uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanın maraqları nəzərə alınmadan atılan istənilən addım yeni geosiyasi risklər doğura bilər.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət