Şimal dairəvi yolu Bakı – Sumqayıt magistralında tıxac problemini aradan qaldıracaq
Bakı–Sumqayıt magistralında hər gün səhər və axşam saatlarında müşahidə olunan uzunmüddətli tıxaclar paytaxtın ən ciddi nəqliyyat problemlərindən biri olaraq qalır. Bu istiqamətdə sürət qatarının fəaliyyət göstərməsi, avtobuslar üçün xüsusi zolaqların ayrılması, yolun müəyyən hissələrdə genişləndirilməsi kimi addımlar atılsa da, məsələnin köklü həlli hələlik mümkün olmayıb. Mövcud vəziyyət göstərir ki, tıxaclar təkcə yolun fiziki imkanları ilə deyil, bütövlükdə nəqliyyat sisteminin planlaşdırılması və idarə olunması ilə bağlıdır.
Ekspertlərin fikrincə, Bakı–Sumqayıt nəqliyyat şəbəkəsinin və yol infrastrukturunun düzgün qurulmaması problemin əsas səbəblərindən biridir. Hətta bəzi hallarda hərəkətin təşkili ilə bağlı qüsurlar da tıxacların dərinləşməsinə səbəb olur. Məsələn, Xırdalan dairəsinin Sumqayıt, Masazır və Ceyranbatan istiqamətlərində günün müəyyən saatlarında yaranan uzun tıxacların əsas səbəbi yolun bu hissəsinin tam və optimal şəkildə genişləndirilməməsidir. Bu isə nəqliyyat axınının balansını pozur və hərəkətin sürətini kəskin şəkildə azaldır.
Bakı istiqamətində də analoji mənzərə müşahidə olunur. Xüsusilə “Şamaxinka” və “Alatava” ərazilərində yolun genişləndirilməsinə ciddi ehtiyac duyulur. Bu hissədə yol şəbəkəsinin optimallaşdırılması nəqliyyat axınının nisbətən zəifləməsinə və sıxlığın azalmasına imkan verə bilər. Maraqlı məqam ondan ibarətdir ki, sözügedən ərazinin yaxınlığından dairəvi yol keçir. Lakin bu yoldan istifadə edən avtomobillərin sayı Bakı – Sumqayıt magistralı ilə hərəkət edən nəqliyyat vasitələrinin sayı ilə müqayisədə xeyli azdır. “20 Yanvar” və “Şamaxinka” istiqamətində şəhərə daxil olmadan hərəkət etmək istəyən sürücülərin azlığı isə göstərir ki, dairəvi yolun fəaliyyət imkanları tam reallaşdırılmayıb, həm infrastruktur, həm də təşkilati problemlərin həlli diqqətdən kənar qalıb.
Ekspertlər hesab edirlər ki, Bakı – Sumqayıt yolunda tıxacların qarşısını almaq üçün təkcə yolun genişləndirilməsi deyil, həm də şəhərə girişin sistemli şəkildə tənzimlənməsi vacibdir. Çünki bu magistraldan paytaxta daxil olmaqla bərabər, şimal sərhədi istiqamətinə hərəkət edən nəqliyyat vasitələri də istifadə edir ki, bu da axının həddindən artıq artmasına gətirib çıxarır. Mütəxəssislər şəhərin girişlərində parkinq zonalarının yaradılmasını, şəxsi avtomobillə paytaxta gələn sürücülərin avtomobillərini bu ərazilərdə saxlayaraq ictimai nəqliyyata yönləndirilməsini əsas həll yollarından biri kimi qiymətləndirirlər. Bu yanaşma Avropa şəhərlərində tətbiq edilən “park et və davam et” modelinə əsaslanaraq həm nəqliyyat sıxlığını azaltmaq, həm də ekoloji yükü yüngülləşdirmək baxımından səmərəli mexanizm hesab olunur.
Nəqliyyat eksperti Ərşad Hüseynov problemin daha dərin xarakter daşıdığını bildirir. Onun fikrincə, tıxacların əsas səbəbi yolun özü deyil, magistrala qoşulan giriş və çıxış nöqtələridir. Bakı – Sumqayıt yolu istiqamətində tıxaclar əsasən avtovağzal ətrafından, “Şamaxinka” və “20 Yanvar” ərazilərindən başlayaraq uzun məsafəni əhatə edir. Bu baxımdan, təkcə yolun genişləndirilməsi ilə problemin həllinin mümkün olmadığını deyən ekspert çıxış yolunu ictimai nəqliyyatın keyfiyyət və əlçatanlıq baxımından inkişafında görür. Onun fikrincə, rahat, sürətli və inteqrasiya olunan ictimai nəqliyyat sistemi yaradılmadan paytaxtın nəqliyyat yükünü azaltmaq çətin olacaq.
Yuxarıda diqqətə çatdırılan ekspert rəylərinin hər birində müəyyən həqiqət payı var. Lakin Bakı və ətraf ərazilərdə nəqliyyat probleminin həllinə daha geniş strateji yanaşma zəruridir. Bu baxımdan, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Sənəddə Bakı – Sumqayıt şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının azaldılması, Xırdalan şəhəri üçün alternativ giriş-çıxış yollarının yaradılması məqsədilə M-1 və M-4 avtomobil magistrallarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşdirən paytaxtın strateji ikinci şimal-qərb giriş-çıxış şosesinin yaradılması planlaşdırılır. Dövlət Proqramına əsasən, bu layihənin icrası 2025 – 2030-cu illəri əhatə edir və Bakı – Sumqayıt nəqliyyat yükünün azaldılmasına mühüm töhfə verməsi gözlənilir.
Paytaxtın iki əsas yaşayış məntəqəsini – Sabunçu və Sulutəpə qəsəbələrini əhatə edəcək dairəvi yolun tikintisinin planlaşdırılması strateji baxımdan xüsusi önəm daşıyır. Dövlət Proqramında yer alan bu yolun Ziya Bünyadov prospektinə alternativ olacağı və şərq-qərb istiqamətində intensiv hərəkətin müşahidə edildiyi əsas nəqliyyat marşrutlarından birində tıxacların azalmasına təsir göstərəcəyi proqnozlaşdırılır. Layihə yük daşımalarının şəhər mərkəzindən yan keçməsinə imkan yaradacaq ki, bu da ümumi nəqliyyat sisteminin optimallaşdırılmasını və şəhər daxilində hərəkətin səmərəliyini şərtləndirəcək. Bundan əlavə, yeni yolun istifadəyə verilməsi ictimai nəqliyyat marşrutlarının genişləndirilməsinə, eləcə də mikromobil nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun formalaşdırılmasına əlavə imkanlar yaradacaq.
Dövlət Proqramında Bakı–Sumqayıt yolunda tıxac probleminin həllinə müsbət təsir göstərə biləcək digər layihələr də nəzərdə tutulub. Belə ki, Bakı dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi magistralın layihələndirilməsi, tikintisi və istismara verilməsi, həmçinin Bakı – Şamaxı – Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirən müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır. Bununla yanaşı, M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunu M-1 Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirəcək yol ötürücüsünün tikintisi də 2025 ¬– 2030-cu illər ərzində həyata keçiriləcək layihələr sırasındadır.
Bundan başqa, Dövlət Proqramında Xırdalan şəhəri ərazisində (Nizami Gəncəvi küçəsi) M-1 Bakı – Quba avtomobil yolu ilə Masazır – Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, eləcə də Bilgəh – Novxanı – Xırdalan, Binəqədi –Novxanı, Mehdiabad – Baksol – Ziya Bünyadov prospekti avtomobil yollarının inşası və istismara verilməsi nəzərdə tutulur. Bütün bu layihələrin mərhələli şəkildə reallaşdırılmasının Bakı və ətraf ərazilərdə nəqliyyat axınının şaxələndirilməsinə, alternativ marşrutların formalaşmasına və nəticə etibarilə Bakı – Sumqayıt magistralında tıxacların azalmasına şərait yaradacağı gözlənilir.
Nəticə etibarilə, Bakı – Sumqayıt yolunda tıxac problemi yalnız lokal infrastruktur çatışmazlığı deyil, eyni zamanda, paytaxtın sürətli urbanizasiyası, əhali artımı, avtomobilləşmə səviyyəsinin yüksəlməsi və nəqliyyat siyasətinin kompleks xarakteri ilə bağlıdır. Bu problemin həlli üçün yol genişləndirilməsi ilə yanaşı, “ağıllı” nəqliyyat sistemlərinin tətbiqi, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması, şəhərə girişin tənzimlənməsi və regional nəqliyyat planlamasının gücləndirilməsi zəruri görünür. Dövlət Proqramında nəzərdə tutulan layihələrin vaxtında və koordinasiyalı şəkildə həyata keçirilməsi isə Bakı – Sumqayıt nəqliyyat dəhlizində uzun illərdir ki, mövcud olan tıxac probleminin mərhələli şəkildə aradan qaldırılması üçün real imkanlar yarada bilər.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Bakı–Sumqayıt magistralı paytaxtla ölkənin ikinci ən böyük şəhəri arasında əsas nəqliyyat arteriyası olmaqla yanaşı, həm də Abşeron yarımadasının sosial-iqtisadi həyatında mühüm rol oynayır. Bu yol təkcə gündəlik iş-güc axınının deyil, eyni zamanda, sənaye zonalarının, logistika mərkəzlərinin və regionlararası nəqliyyatın əsas marşrutlarından biri hesab olunur. Lakin son illər bu magistralda müşahidə olunan xroniki tıxaclar artıq yalnız nəqliyyat problemi deyil, eyni zamanda, iqtisadi və sosial risk amilinə çevrilməkdədir.
Bu yolda tıxacların əsas səbəbi təkcə yolun fiziki imkanlarının məhdudluğu deyil. Məsələ daha çox nəqliyyat sisteminin kompleks planlaşdırılmaması, alternativ marşrutların kifayət qədər inkişaf etdirilməməsi və şəhərə giriş-çıxış mexanizmlərinin balanslaşdırılmaması ilə bağlıdır.
Onu da qeyd edim ki, Bakı – Sumqayıt yolunda tıxacların yaratdığı iqtisadi itkilər çox zaman diqqətdən kənarda qalır. Halbuki beynəlxalq təcrübə göstərir ki, iri şəhərlərdə tıxaclar ÜDM-in 2-5 faizi həcmində iqtisadi itkilərə səbəb ola bilər. Azərbaycan reallığında bu göstəricini, təxmini, modelləşdirsək, deyə bilərəm ki, gündəlik minlərlə sürücü, təqribən, 30-60 dəqiqə vaxt itirir. Yanacaq sərfiyyatı artır və avtomobil amortizasiyası yüksəlir, logistika və yükdaşımada gecikmələr baş verir və əmək məhsuldarlığı azalır. Təbii ki, ekoloji yük də artır.
Hesablamalara görə, təkcə Bakı – Sumqayıt istiqamətində vaxt itkisi və əlavə yanacaq xərcləri illik on milyonlarla manatlıq iqtisadi zərərə səbəb olur. Dolayı təsirlər – biznes proseslərinin ləngiməsi, investisiya mühitinə təsir və şəhər həyatı keyfiyyətinin aşağı düşməsi isə bu məbləği daha da artırır.
Xatırladım ki, Bakı – Sumqayıt yolunda tıxac problemi təkcə nəqliyyat məsələsi deyil, bu, həm də paytaxtın urbanizasiya modelinin, iqtisadi inkişaf strategiyasının və şəhər idarəçiliyinin göstəricisidir. Bu problemin həlli üçün, ilk növbədə, kompleks yanaşma zəruridir. Belə ki, alternativ yol şəbəkəsinin genişləndirilməsi, ictimai nəqliyyatın keyfiyyət və sürət baxımından modernləşdirilməsi, şəhərə girişin tənzimlənməsi və parkinq siyasətinin dəyişdirilməsi, “ağıllı” nəqliyyat sistemlərinin tətbiqi, eləcə də şəhərsalma və nəqliyyat siyasətinin inteqrasiyası gerçəkləşdirilməlidir.
Bu baxımdan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin ardıcıl və koordinasiyalı şəkildə həyata keçirilməsi Bakı –Sumqayıt nəqliyyat dəhlizində tıxac probleminin mərhələli şəkildə aradan qaldırılması üçün real zəmin yarada bilər. Əks halda, yol genişləndirilməsi ilə müşayiət olunan avtomobilləşmə prosesi paytaxtın nəqliyyat yükünü daha da ağırlaşdırar və problem yeni formada yenidən ortaya çıxar.
Vaqif BAYRAMOV
XQ



