Azərbaycan poeziyasında kənd mövzusu yalnız etnoqrafik və ya nostalji təzahür kimi deyil, həm də milli-mənəvi kimliyin poetik ifadə forması kimi çıxış edir. “80-cilər ədəbi nəsli”nin ən parlaq nümayənlərindən biri olan, Şəkinin Kiçik Dəhnə kəndində yaşayıb yaradan Qoca Xalid yaradıcılığı bu kontekstdə xüsusilə diqqətəlayiqdir. Onun şeirlərində kənd, torpaq, təbiət və yaddaş motivləri bədii dekorasiya funksiyası daşımır; əksinə, poetik düşüncənin mərkəzi ideya-emosional oxunu təşkil edir.
Bugünlərdə Qoca Xalidin bir qədər nasazladığını və Şəki Mərkəzi Xəstəxanasında müalicə aldığını eşidən kimi ziyarətinə getdim və ona ürək-dirək verdim.
Təbii ki, Qoca Xalidlə poeziya haqqında da söhbətimiz oldu. Bir daha əmin oldum ki, kəndə bağlı “kövşən iyi” anlayışı onun əsas poetik simvollardan biridir. Bu, zəhmət və torpaq yaddaşı, təbiilik və səmimiyyət, süni şəhər estetikası ilə qarşıdurmadır.
Düşmən sevincini duydum uzaqdan,
Bezdim dinləməkdən dost gileyini...
Süni ətirlərin artdığı vaxtda
Sevən olacaqmı kövşən iyini?−
Kövşən iyi gəlir şeirlərimdən.
Qoca Xalidin şeirlərində təbiət insaniləşdirilir: çinar susur, külək pıçıldayır, bildirçinlər giley edir, çöllər yatır. Bu antropomorfizm şairin dünyagörüşündə insan–təbiət vəhdətinin ifadəsidir.
Unutmuram bütün ağrı-acını;
Nə olsun ki girən yoxdu qoluma?−
Külək özü sığallayır saçımı,
Günəş özü nur çiləyir yoluma...
Yaxud “Kim deyir ki qaya kardır, dərə key?” misrasında təbiətin “eşidən” və “duyğulu” varlıq kimi təqdimatı xalq poeziyası və folklor düşüncə tərzi ilə səsləşir. Qoca Xalid peoziyasında mühüm tematik xətlərdən biri şəhər–kənd qarşıdurmasıdır. Şəhər imtahan, şöhrət, imkan və təzyiq məkanıdır; kənd isə bahar, torpaq, yaddaş və azadlıq deməkdir.
Dostlar da cürbəcür işə qoşulub,
Köçdülər, köçəri quşa qoşulub.
Mən isə doqqazda daşa qoşulub
İlişib qalmışam kənddə-kəsəkdə...
***
Bürüyür qəlbimi həm də bir həsəd −
Bəlkə də bu dərdi çoxusu çəkir;
Şairin şəklini şəhərdə − qəzet,
Kənddəsə − arxlardan axan su çəkir.
Şeir mahiyyət etibarilə belə bir sual qoyur: Şöhrət üçün köklərdən qopmaq olarmı? Lirik qəhrəman nə şəhəri tam qəbul edə bilir, nə də kəndi tərk edə bilir.
Şeir yazdım burda aydın səhərdən,
Nəğmə qoşdum burda adi yarpağa.
Köçsəm də, heç baş açmaram şəhərdən,
Amma kənddə lap yaxınam torpağa.
Şairin “kövşən ətirli” poeziyasında əsas problematik xətt “harada yaşamaq” sualından çox, “harada və necə özün olaraq qalmaq” məsələsi üzərində qurulur. Kənd və şəhər burada dəyərlər iyerarxiyasında biri digərindən üstün tutulan məkanlar deyil; onlar insan taleyinin, həyat təcrübəsinin və mənəvi inkişafın müxtəlif mərhələlərini ifadə edən simvolik müstəvilərdir.
Qoca Xalidin poeziyası müasir Azərbaycan ədəbiyyatında kənd yaddaşının estetik müdafiəsi, təbiətə söykənən mənəvi fəlsəfə və şəxsi dürüstlüyün poetik ifadəsi kimi dəyərləndirilə bilər. Onun şeirlərində torpaq, kövşən, yağış, külək və xatirə – obraz olmaqla yanaşı, həm də mənəvi yaddaş, milli kimlikdir...
Şairlə görüşümüzdə, beləcə, xeyli duyğulandım və sonda ona tezliklə sağalıb Kiçik Dəhnəyə qayıtmasını, həmişəki kimi gözəl şeirlər yazıb oxucularını sevindirməsini arzuladım.
Tural ADIŞIRIN,
AMEA-nın Şəki Regional Mərkəzinin elmi işçisi

