Bakı Ali Neft Məktəbi (BANM) 2026-2030-cu illər üçün strateji inkişaf proqramının hazırlanmasına başlayıb. Proqram təsdiqləndikdən sonra növbəti 5 ildə BANM-in inkişaf istiqamətləri və hədəfləri aydın olacaq. Məqsəd ölkə daxilindəki nüfuzu qorumaq və istehsalat sahəsi ilə əməkdaşlığı gücləndirməkdir.
BANM-in rektoru Elmar Qasımov AZƏRTAC-a bildirib ki, bu məsələ ilə bağlı tədbirlər görülür. Rektor qeyd edib ki, əsas hədəf beynəlxalq səviyyədə uğurlar qazanmaqdır. Ali məktəb dünya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mühəndislər hazırlamağa fokuslanır. Bu mütəxəssislərə yalnız Azərbaycanda deyil, qlobal səviyyədə də ciddi ehtiyac var.
“Afrika və Asiya ölkələrində kadr hazırlığında fəal rol oynamaq gələcək planlarımız arasında yer alır. Bu istiqamətdə ilkin addımlar atılıb. Özbəkistanda ikili diplom proqramları fəaliyyət göstərir, Konqo və digər Afrika ölkələrində isə müvafiq təhsil qurumları ilə əməkdaşlıq imkanları genişləndirilir”, - deyə rektor bildirib.

