ABŞ-ın Ukrayna ilə bağlı sülh planının təfərrüatları açıqlanıb

post-img

ABŞ Londonda Ukrayna münaqişəsinin nizamlanması üzrə yeddi bənddən ibarət sülh planını təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, Vaşinqtonun planının təfərrüatları “The Telegraph” qəzeti tərəfindən açıqlanıb.

Planın ilk iki bəndinə atəşkəs rejiminin dərhal elan edilməsi və Moskva ilə Kiyev arasında birbaşa danışıqların başlanması daxildir. Üçüncü bənd Ukraynanın Avropa İttifaqına daxilolma imkanını saxlayaraq NATO-ya üzvlükdən imtina etməsidir.

Dördüncü və beşinci bəndlər ərazi məsələlərinə aiddir. Nəşrin məlumatına görə, ABŞ Krım üzərində Rusiyanın suverenliyini tanımağa və 2022-ci ildə Rusiyanın ilhaq etdiyi dörd vilayətin (Xerson, Zaporojye, Donetsk və Luqansk) Moskvanın nəzarətində olan ərazilər kimi qəbul etməyə hazırdır.

Altıncı bənd ABŞ və Ukrayna arasında resurs sazişinin imzalanmasını, yeddinci bənd isə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması imkanlarını, enerji sektorunda əməkdaşlığı və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvini nəzərdə tutur. Planda Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-ın nəzarətinə verilməsi təklifi də yer alıb.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Londonda keçiriləcək görüşdə Vaşinqtonun planını Ukrayna və Avropa nümayəndələrinə təqdim edəcək, xüsusi elçi Stiven Uitkoff isə təfərrüatları Rusiya tərəfinə çatdıracaq.

Nəşrin məlumatına görə, bunun müqabilində Ukrayna Avropadan təhlükəsizlik zəmanəti, kompensasiya və bərpa işləri üçün yardımlar alacaq, Rusiya isə Xarkov vilayətinin işğal etdiyi hissəsini tərk edəcək.

Aprelin 23-də Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır. Ukraynanın dövlət başçısı Volodimir Zelenski bu variantı qəbul etmədiyini söylədikdən sonra Dövlət katibi Marko Rubionun Böyük Britaniyaya səfəri ləğv olunub.

Dünya