Aİ 20-dən çox Rusiya bankını SWIFT-dən ayırır

post-img

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiya paketi çərçivəsində 20-dən çox Rusiya bankının beynəlxalq ödəniş sistemi SWIFT-dən ayrılmasına qərar verib. Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris sosial şəbəkə X-də açıqlama yayıb.

Nazirin sözlərinə görə, “22 Rusiya bankına qarşı” tətbiq edilən yeni məhdudiyyətlər Rusiyanın maliyyə resurslarının ciddi şəkildə azalmasına gətirib çıxaracaq. Bloomberg agentliyi də xəbər verir ki, sanksiyalar çərçivəsində SWIFT-dən daha 20-dən çox Rusiya bankı çıxarılacaq.

SWIFT nədir?

Qeyd edək ki, SWIFT sistemi dünyada banklararası ödənişlərin əsas platforması hesab olunur. ABŞ və Aİ Rusiyanın bu sistemdən mərhələli şəkildə uzaqlaşdırılmasına 2022-ci ilin fevralında – Ukraynada müharibənin başlanğıcında başlamışdı.

Yeni sanksiya paketi yoldadır

Estoniyanın xarici işlər naziri Margus Tsahkna isə bildirib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı 19-cu sanksiya paketi üzərində işə başlayıb.

Kreml reaksiya verdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Aİ-nin yeni sanksiyaları ilə bağlı açıqlamasında bildirib ki, Moskva bu məhdudiyyətləri "birtərəfli və qeyri-qanuni" hesab edir. Onun sözlərinə görə, sanksiyaların nəticələrini minimuma endirmək üçün hökumət tərəfindən təhlillər aparılır.

Peskov, həmçinin NATO ilə münasibətləri şərh edərək qeyd edib ki, Alyansın Rusiyaya qarşı "düşmən mövqeyi" rəsmi Moskvanı əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edir. ABŞ ordusunun Avropa və Afrikadakı komandanı, general Kristofer Donahunun Kalininqradın mümkün ələ keçirilməsi ilə bağlı dedikləri isə Kreml tərəfindən "düşmən ritorikasının davamı" kimi qiymətləndirilib.

Rusiya-Ukrayna danışıqları

Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlar prosesində dinamika görmək istəyir. Prezident Zelenskinin dialoqun intensivləşdirilməsi ilə bağlı açıqlamaları Kremlin dəyərləndirməsinə görə "müsbət siqnal" hesab olunur. Eyni zamanda, o vurğulayıb ki, Ukrayna ərazisindəki hərbi obyektlər Rusiya üçün qanuni hədəf olaraq qalır.

ABŞ ilə münasibətlər

Rusiya ilə ABŞ arasındakı münasibətlərin hazırkı vəziyyəti "acınacaqlı" kimi qiymətləndirilsə də, rəsmi Moskva Trampın Ukrayna ilə bağlı bəyanatlarının Vaşinqton-Moskva münasibətlərinin normallaşması imkanlarını tam istisna etmədiyini düşünür.

Texnoloji məkan və WhatsApp məsələsi

Dmitri Peskov, həmçinin WhatsApp messencerinin Rusiyada populyar olduğunu vurğulayaraq, bu platformanın da ölkə qanunvericiliyinə riayət etməli olduğunu bildirib.

S.ELAY

XQ

 

Dünya