NATO-nun döyüş qabiliyyətinin qorunması məqsədilə keçirilən ən mühüm tədbirlərdən biri – “Steadfast Noon” (“Sabit Günorta”) adlı illik təlimlər bu həftə başlayıb. Təlimlər zamanı alyansa üzv ölkələrin hərbçiləri nüvə silahının real tətbiq edilmədən istifadəsi ssenarisini məşq edirlər. NATO rəhbərliyi bildirib ki, bu təlimlər planlı xarakter daşıyır və mövcud beynəlxalq vəziyyətlə birbaşa əlaqəli deyil. Bununla belə, builki təlimlərdə diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiya ilə sərhədləri olan və NATO-ya yeni qoşulmuş Finlandiya ikinci dəfə bu manevrlərdə iştirak edir.
Təlimlər 13–24 oktyabr tarixlərində keçirilir. Əsas baza kimi Niderlandın “Volkel” aviabazası seçilib. Bundan başqa, Belçikanın “Kleine-Brogel”, Böyük Britaniyanın “Lakenheath” və Danimarkanın “Skrydstrup” hərbi aerodromları da prosesə cəlb olunub. Sonuncu baza yaxınlığında bu ilin əvvəlində naməlum pilotsuz uçuş aparatlarının görünməsi barədə xəbərlər yayılmışdı. Danimarka hakimiyyəti həmin dronların mənşəyini təsdiqləməmişdi. “Kleine-Brogel” və “Volkel” bazaları Avropada yerləşən altı NATO obyektindən ikisidir (yeddinci baza Türkiyənin Asiya hissəsindəki “İncirlik” bazasıdır) ki, burada ABŞ-ın taktiki nüvə bombaları B61 saxlanılır. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu anbarlarda ən azı 100 ədəd belə silah mövcuddur.
Cari təlimlərdə keçənilki kimi təxminən 14 ölkədən 2000 hərbçi və 70 təyyarə iştirak edir. Təlimlərdə Almaniya Hərbi Hava Qüvvələrinin “Tornado” qırıcı-bombardmançıları da yer alır. Bu təyyarələr nüvə silahı daşımaq qabiliyyətinə malikdir. Eyni məqsədlə “Eurofighter Typhoon” çoxfunksiyalı qırıcıları da istifadə olunur. NATO-nun Baş katibi Mark Rütte təlimlər ərəfəsində bildirib ki, “Steadfast Noon” heç bir cari siyasi və ya hərbi hadisə ilə əlaqəli deyil.
Bu il təlimlərdə Finlandiya yenidən iştirak edir. Ölkənin müdafiə naziri Antti Hakkanen bildirib ki, manevrlərə F/A-18 Hornet tipli döyüş təyyarələri və qərargah zabitləri göndərilib. Müşahidəçilər qeyd edirlər ki, bu, ya davamlı hərbi əməkdaşlıq tendensiyası, ya da Avropa səmasında müşahidə edilən naməlum dron hadisələrinə reaksiya ola bilər. Qeyd olunur ki, Finlandiya əvvəllər də öz ərazisində ABŞ-ın nüvə daşıyıcı təyyarələrinin yerləşdirilməsində maraqlı olduğunu bildirib.
Təlimlərin konkret ssenarisi açıqlanmır – məlumatlar məxfi xarakter daşıyır. NATO mətbuat xidməti yalnız onu bildirir ki, uçuşların əsas hissəsi Şimal dənizi üzərində keçiriləcək. Baş katib Mark Rüttenin sözlərinə görə, bu kimi tədbirlər “alyansın nüvə çəkindirmə potensialının təhlükəsiz, etibarlı və effektiv qalmasını təmin edir”.
Səbuhi MƏMMƏDOV
XQ