Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi AMEA-nın Naxçıvan Bölməsində qeyd olunub.
Elmi sessiyanı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan cəmiyyətinin elmi-mədəni mühitinə, ictimai-siyasi həyatına, kadr hazırlığına, cəmiyyətin elmi potensialının artırılmasına göstərdiyi xidmətləri diqqətə çatdırıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmi sessiyada “Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf yolu və müasir dövr” mövzusunda məruzə edib. Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı, müxtəlif bölgələrimizdə açılan yeni şöbələrin fəaliyyəti, süni intellektin elmə olan təsiri kimi məsələlərə toxunub. Türkologiya, Qərbi Azərbaycan, Qarabağ müharibəsi məsələlərindən ətraflı söz açıb. Akademik İsa Həbibbəyli dövlət başçısına Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyi qayğı və etimada görə AMEA kollektivi adından minnətdarlığını bildirib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli AMEA Naxçıvan Bölməsinə azərbaycançılıq və elm fəlsəfəsinin əks olunduğu tablo, Azərbaycan Milli Elmlər Akademiyası Elektron Kitabxanasının limitsiz istifadə üçün oxucu kartı, “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar” (ikicilddə) kitablarını və AMEA-nın emblemi əks olunan xatirə saatını hədiyyə edib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Vəli Baxşəliyev, Naxçıvan Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tarıyel Talıbov çıxışlarında AMEA-nın inkişafından, Prezident İlham Əliyevin elmə göstərdiyi qayğıdan, rəhbərlik etdikləri qurumlarda elmi fəaliyyətin təşkilindən, süni intellektin elmə tətbiqindən bəhs ediblər və AMEA əməkdaşlarına təbriklərini çatdırıblar.
Sonda xatirə şəkli çəkilib.