Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq əlaqələrini genişləndirməyə davam edir. Belə ki, AMEA ötən 3 il ərzində tarixində ilk dəfə olaraq bir sıra nüfuzlu beynəlxalq elmi təşkilatın - Beynəlxalq Elmi Şuranın (ISC), Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) səsvermə hüququna malik olan üzvü seçilib.
Beynəlxalq elmi təşkilatların işində tamhüquqlu üzv kimi iştirak etmək Akademiya əməkdaşlarının dünya elminin nailiyyətlərini, aparıcı istiqamətlərini, problemlərini daha yaxından öyrənmələrinə, beynəlxalq tədbirlərdə bərabər hüquqlara malik olan üzv kimi daha fəal iştirak etmələrinə, dünya elminə inteqrasiya proseslərinin daha intensiv şəkildə təşkilinə imkan yaradır.
Bu istiqamətdə Milli Elmlər Akademiyası daha bir uğura imza ataraq Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) ilkin (müvəqqəti) üzvlük statusundan tam üzvlüyə keçib.
Bununla bağlı IAP-ın prezidentləri Masresha Fetene və Margaret A. Hamburg adından AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə məktub göndərilib.
Məktubda deyilir:
“Hörmətli akademik İsa Həbibbəyli,
Akademiyalararası Tərəfdaşlıq Təşkilatı (IAP) adından Sizə məlumat verməkdən məmnunluq duyuruq ki, IAP Baş Assambleyası tərəfindən Akademiyanızın ilkin (müvəqqəti) üzvlük statusundan tam üzvlüyə keçidi təsdiq olunub və bu, IAP-nin veb saytında əks olunacaq. Bu nailiyyət münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Tam üzvlüyünüz artıq qüvvədədir və IAP-nin fəaliyyətində və təşəbbüslərində davamlı və fəal iştirakınızı səbirsizliklə gözləyirik. Üzvlük məlumatlarınızın tamamlanması üçün əlavə məlumat lazım olduğu təqdirdə, IAP Katibliyinin nümayəndəsi sizinlə əlaqə saxlaya bilər.
Eyni zamanda, bu fürsətdən istifadə edərək, sizi 2025-ci ilin dekabr ayında Misirin Qahirə şəhərində keçiriləcək IAP Konfransı və Baş Assambleyasında iştirak etməyə dəvət edirik. Bu tədbir üzv akademiyalarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını araşdırmaq üçün yaxşı fürsət olacaq. Proqram, təşkilati məsələlər və qeydiyyatla bağlı əlavə məlumatlar bütün üzvlərlə yaxın zamanda paylaşılacaq. Bəzi ilkin məlumatlarla bu linkdən http://www.interacademies.org tanış ola bilərsiniz.
Tam üzv kimi Akademiyanızı aşağıdakı fəaliyyətlərə təşviq edirik:
- IAP-nin regional və qlobal proqramlarında və tədqiqatlarında iştirak etmək;
- IAP-nin işçi qrupları və komitələri üçün ekspertlərin namizədliyini təqdim etmək;
- IAP-nin bəyanatlarına və məsləhətləşmələrinə töhfə vermək;
- IAP-nin kommunikasiya və potensialın artırılması təşəbbüslərinə qoşulmaq;
- Ümumi prioritetlərimizin müəyyənləşdirilməsinə yardım üçün IAP-nin sorğularına və fikir bildirmək üçün çağırışlarına cavab vermək.
Ümid edirik ki, Akademiyanız IAP-nin gələcəyinin formalaşmasında fəal iştirak edəcək və elmin, səhiyyənin və siyasətin qlobal səviyyədə təşviqinə fənlərarası və akademiyalararası əməkdaşlıq yolu ilə töhfə verəcək. Bir daha sizi bu mühüm addım münasibətilə təbrik edirik və IAP-nin tamhüquqlu üzvü kimi salamlayırıq.
Səmimi hörmətlə,
Margaret (Peggy) Hamburg
Masresha Fetene”
Qeyd edək ki, mərkəzi Yunanıstanın paytaxtı Afinada yerləşən Beynəlxalq Platon Akademiyasından da üzvlüyə razılıqla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə məktub göndərilib.