İclası Şuranın sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. MEK-in 2025-ci ildəki fəaliyyəti barədə şura üzvlərini məlumatlandıran H.Hüseynov kitabxananın ənənəvi iş istiqamətləri ilə yanaşı, burada aparılan yeni islahatlar mərhələsindən söz açıb. O qeyd edib ki, kitabxananın texniki bazasının təkmilləşdirilməsi nəticəsində rəqəmsallaşdırılan nəşrlərin sayı sürətlə artır və MEK-in geniş tammətnli elektron resurs bazası formalaşıb.
Daha sonra iclas çərçivəsində görülən elmi-təşkilati işlər barədə məlumat verilib. Kitabxananın 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfransın təşkili və nəticələrini şura üzvlərinin diqqətinə çatdırılıb. Həmçinin Mərkəzi Elmi Kitabxanada nəşr fəaliyyətinin mövcud vəziyyəti müzakirə edilib, MEK-in 100, AMEA-nın 80 illik yubileyləri münasibətilə hazırlanmış biblioqrafik və məlumat xarakterli nəşrlər təqdim olunub.
Gündəlikdə duran cari məsələlər çərçivəsində MEK-in beynəlxalq kitabxanalar və ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumlarının imzalanması ilə bağlı məlumat verilib. Bildirilib ki, ötən il MEK ilə Türkiyənin Rami Kitabxanası arasında “Qardaş Kitabxanalar Anlaşma Memorandumu”, eləcə də Türkiyənin Sinop Universiteti və Mərakeş Krallığının Milli Kitabxanası ilə əməkdaşlıq memorandumları imzalanıb.
Bundan əlavə, Şura üzvləri AMEA Mərkəzi Elmi Kitabxanasında davam edən könüllülük fəaliyyətinin mövcud vəziyyətini və “MEK könüllüləri” proqramının üçüncü mərhələsinin başlanması ilə bağlı məsələləri müzakirə ediblər. Onlar “MEK könüllüləri” hərəkatını kitabxana tarixində mühüm addım kimi qiymətləndirib, həmçinin hər ayın ilk iki iş günü təşkil olunan “Açıq qapı” günlərinin kitabsevərlər üçün gözəl fürsət yaratdığını qeyd ediblər.
İclas zamanı Şura üzvləri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri fil.e.d., dosent Sərxan Xavəri, AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı gündəlikdəki məsələlərlə bağlı rəy və təkliflərini bölüşüblər.
Sonda MEK tərəfindən tərtib olunmuş “Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” monoqrafiyası, “AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş” xüsusi buraxılış və “İnformasiya bülleteni”nin 2025-ci il üzrə dördüncü sayı Elmi-Metodiki Şuraya təqdim edilib.
XQ

