Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2025-ci il üzrə illik hesabatlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, müxtəlif elm sahələri üzrə təqdim olunan hesabatlar ötən illərlə müqayisədə, statistik göstəricilər baxımından müsbət dinamikanı nümayiş etdirir. Belə ki, impakt faktorlu jurnallarda çap olunan elmi məqalələrin sayının artması, fundamental və tətbiqi tədqiqatların nəticələri, səmərələşdirici təkliflər və patentlər Azərbaycan elminin ardıcıl inkişaf etdiyini əyani şəkildə göstərir. Hesabatlardan əvvəl təşkil olunan sərgilərdə nümayiş etdirilən elmi məhsullar, tədqiqat nəticələri və nəşrlər də ölkə elminin mövcud prioritetlərini və inkişaf istiqamətlərini aydın şəkildə əks etdirir.
AMEA prezidenti vurğulayıb ki, ölkə başçısının elm qarşısında müəyyən etdiyi mühüm vəzifələr elmi müəssisələr tərəfindən mərhələli və məsuliyyətli şəkildə icra olunur, bu da elmdə müşahidə olunan inkişaf meyillərini və əldə edilən mühüm nəticələri aydın görməyə imkan verir. Bildirib ki, iclasda dinləniləcək məruzələr və aparılacaq müzakirələr tədqiqatların daha da dərinləşdirilməsinə və yeni istiqamətlərin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, bölmələrin daxili hesabatlarından fərqli olaraq, Rəyasət Heyətinin iclaslarında təqdim olunan hesabatlar daha ümumiləşdirilmiş xarakter daşıyır və ölkə miqyasında əhəmiyyət kəsb edən əsas elmi nailiyyətləri əhatə edir. Bir neçə bölmənin hesabatının eyni iclasda müzakirə olunması isə elmi nailiyyətlərin daha geniş auditoriyaya çatdırılmasına, elmin populyarlaşdırılmasına, müəssisələr arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və birgə fəaliyyət üçün yeni imkanların formalaşdırılmasına xidmət edir. Bu format alimlərin bir-birinin tədqiqatları ilə yaxından tanış olmasına, dialoqun genişlənməsinə və qəbul olunan ümumiləşdirici qərarların elmi mühitdə real nəticələrə çevrilməsinə şərait yaradır.
XQ

