Yeni baza idmanın bu növündə uğurlara meydan açıb
“ASK Arena”da ağırlıqqaldırma üzrə yığma komandaların yeni istifadəyə verilmiş təlim-məşq bazasında səhərdən başlayan məşq prosesi sona çatmaq üzrədir. 12 məşq körpücüyü, əsas və köməkçi avadanlıqlar, fiziki hazırlıq üçün tələb olunan bütün lazımi alətlərin yerləşdirildiyi və müasir standartlara uyğun qurulan zalda komandamızla yanaşı, Özbəkistan millisi də hazırlıq keçir.
İdmançıların başları üzərinə qaldırdıqları ştanqaların yerə çırpılan zaman çıxardıqları gurultulu səs əks- səda verir. Nəzərə alaq ki, bu idman növündə atletlərin daha böyük fiziki gücə sahib olması tələb olunduğuna görə, gücü artıran məşqlərə böyük önəm verilir. Özü də, ştanqa və digər alətlərlə, eləcə də alətsiz müxtəlif hərəkətlər sürətlə yerinə yetirilməlidir. Necə deyərlər, yavaş məşq etsən, meydanda da ağır hərəkətlər edəcəksən. Sürətlə məşq etsən, daha güclü olacaqsan, prinsipi burada da öz sözünü deyir.
Məşqdən sonra bizimlə söhbətində Özbəkistan millisinin üzvü, Olimpiya çempionu Ruslan Nurudinov bildirir ki, builki hazırlıqlar mühüm əhəmiyyət daşıyır:
– İlk dəfədir Azərbaycanda hazırlıq keçirik. Məşqlərimiz yüksək səviyyədə təşkil olunub. İnanıram ki, gələcəkdə yenidən bu gözəl zala üz tutacağıq. Gələn ay Asiya çempionatı başlayacaq. Yarışa yaxşı hazırlaşmaq və yüksək əhvali-ruhiyyədə turnirə yollanmaq əsas məqsədimizdir, – deyə sözlərinə əlavə edir.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov hazırlıqda əsas məqsədin qarşıdan gələn Avropa və dünya çempionatında uğurlu çıxış etmək və Paris Olimpiadasına lisenziya qazanmaq olduğunu deyir:
– Ağırlıqqaldırma Federasiyasının yeni dayaq təlim-məşq bazası istifadəyə verilib. Özbəkistan millisi də yığmamızla birgə məşq keçir. Bu cür təlim-məşq toplanışlarını ənənə halına salmaq istəyirik. Gələcəkdə Türkiyə və digər ölkələrin yığmaları ilə birlikdə də toplanışlar keçirməyi planlaşdırırıq. Əsas yığmalarımız hazırda ölkə xaricində təlim-məşq toplanışındadır. Qadınlar Türkiyənin paytaxtı Ankarada, kişilər isə Çorum şəhərində hazırlıq keçirlər. Qarşıda Olimpiadaya lisenziya xarakterli turnirlər – Avropa çempionatı, dünya kuboku yarışı gəlir.
Qurum rəsmisi qeyd edir ki, federasiya rəhbərliyi tərəfindən idmançılar üçün hər cür şərait yaradılıb. Əsas hədəf kütləviliyi artırmaq, yeniyetmə və gənclərin məşq proseslərini düzgün şəkildə davam etdirməkdir. Bu yaxınlarda yeni məşqçilər korpusu artıq təsdiq olunub. Onların da qarşısına yarışlarla bağlı məqsəd qoyulub. Dövlətimizin idmançılara göstərdiyi diqqət və qayğıya böyük qələbələrlə cavab verməliyik. Yüksək hazırlıq uğurlu nəticələr vəd edir.
Azərbaycan millisinin üzvü Ömər Cavadov bu il həm Avropa çempionatında, həm də dünya kuboku yarışında qızıl medalı hədəflədiklərini vurğulayır:
– Bu turnirlər lizenziya xarakterli yarış olduğu üçün qızıl medal qazanmaq istəyirik. Çünki Paris Yay Olimpiya Oyunlarında iştirakımız bu yarışlardakı nəticələrdən asılı olacaq. İnanıram ki, çətin də olsa, Olimpiadaya lisenziya əldə edəcəyik.
Leyla QURBANOVA
XQ