Yəmənə hava zərbələri dünyanı titrədir

post-img

Dünən ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yenidən hava zərbələri endirib. Hücum Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə başlayıb. Hərbi əməliyyat barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hərbi əməliyyatda iştirak edən ölkələr silah–sursat anbarları və buraxılış qurğuları da daxil olmaqla, 16 obyektdə 60-dan çox hədəfə zərbələr endirib. 

Bu hücumdan sonra dünya bazarla­rında yanacağın qiymət artımı ilə yana­şı, neft və dəniz nəqliyyatı şirkətlərinin səhmləri bahalaşıb. 

Ekspertlər xəbərdarlıq ediblər ki, bu vəziyyət tədarükdə böhran yaradacaq. Artıq bunun ilk əlamətləri görünməyə başlayıb. Böyük dəniz konteyner da­şıyıcı şirkətlər “AP Moller-Maersk” və “Hapag-Lloyd” Qırmızı dənizdə yük daşı­maqdan imtina ediblər. Onların gəmiləri Qırmızı dəniz və Ədən körfəzini birləş­dirən Bab əl-Məndəb boğazından keç­məyəcək. Gəmi sahibləri və brokerlərin sözlərinə görə, son həftələr Bab əl-Mən­deb boğazında ən azı səkkiz gəmiyə hücum edilib. Bölgədəki dəyişikliklər isə yükgöndərənlərin xərclərini artırır və bəzi ölkələri təhlükəsizlik tədbirlərini yenidən düşünməyə vadar edir. Bu, öz növbə­sində konteyner daşımalarındakı malları bahalaşdırır. Həm də yanacaq bahalaşır. Artıq “Brent” markalı neft 2 faizdən çox bahalaşıb. Onun mart fyuçersləri bir ba­rel üçün 79,33 dollara təklif edilib. WTI markalı neftin fevral fyuçersləri 2,32 faiz artaraq bir barel 73,92 dollara satılıb. Analitiklər etiraf edirlər ki, regionda gər­ginliyin artması qiymətlərin bir barel üçün 10 dollar bahalaşmasına gətirib çıxara­caq.

“Bloomberg” agentliyi isə bildirib ki, daşımalarda fasilələrin yaranması və münaqişənin daha geniş regiona yayıl­ması qorxusu var. Nəzər alsaq ki, husilər gəmilərə hücumları davam etdirəcək, deməli, neft bazarları üçün geosiyasi risklər artacaq. Təhlilçi Covanni Stauno­vonun fikrincə, “qara qızıl”ın qiymətinin sıçrayışı da bununla bağlıdır. Əgər Yaxın Şərqdən neft tədarükü İsrail və Qəzza zolağı arasında münaqişə səbəbindən davam edərsə, 2024-cü ildə “Brent” nefti­nin orta qiyməti bir barel üçün 120 dollara çata bilər. 

Hazırda əsas məsələlərdən biri İranın husilərə dəstəyidirsə, digəri husilərin Qır­mızı dənizdə ABŞ və Böyük Britaniyaya qarşı cavab tədbirləridir. Onların kifayət qədər hərbi potensialı var. Süveyş kana­lında daşımaların tam bərpası üçün isə ilkin şərtlər yoxdur.

P.ƏFƏNDİYEV
XQ

Dünya