Maradona və Peledən sonra dünya futbolunun daha bir əfsanəsi yenicə qarşıladığımız bu ildə bizi tərk etdi. Frans Bekkenbauer 79 yaşında həyatla əbədi vidalaşdı. “O, alman futbolu üçün böyük uğur idi və belə də qalacaq. Ondan yaxşısı yoxdur, olmayıb, heç olmayacaq da!”. Əfsanəvi alman futbolçusunun 65 yaşı olanda bu sözləri Bekkenbauerin həmkarı Günter Netzer yazmışdı. 2010-cu ildə nə Netzerin, nə də başqa bir adamın ağlına da gəlməzdi ki, həyatının son illərində alman futbolunun dahisinin adı 2006-cı il Dünya Çempionatı ilə bağlı qalmaqlda hallanacaq.
Alman futbolunun “kayzeri”
1945-ci ildə Münhendə anadan olan Frans Bekkenbauer “kayzer” ləqəbini təsadüfən almamışdı. O, futbol meydançasında şəriksiz lider idi. Lakin futbolçuya bu imperator ləqəbinin necə verildiyi haqqında bir çox versiyalar var. Bekkenbauer özü söyləyirdi ki, ona bu ləqəbi 1971-ci ildə Vyanada keçirilən yoldaşlıq görüşündən sonra Avstriya imperatoru I Frans İosifin büstü qarşısında şəkil çəkdirəndən sonra veriblər. Bir çoxları isə iddia edirlər ki, “kayzer” ləqəbi 1969-cu ildə “Şalke” və “Bavariya” klublarının ölkə kuboku uğrunda final oyunundan sonra “dünyaya gəlib”. Matç zamanı Bekkenbauer “Şalke”nin heyətində oynayan “Vestfaliya kralı”na qarşı qaydanı pozur və azarkeşlər onu fitə basırlar. Buna cavab olaraq Münhenin futbolçusu birbaşa qonaq tribunanın qarşısında 40 saniyə topla “janqlyorluq” edir. Bu təxribatdan sonra reportyorlar Bekkenbaueri “kayzer” adlandırmağa başlayırlar.
Frans Bekkenbauer “libero” (sərbəst) müdafiəçi mövqeyində gözəl oyunu ilə seçilirdi. Onun özünəməxsus görkəmi vardı– başını dik tutub oynayırdı, bundan da görünürdü ki, meydanda “kayzer” oynayır. Onun ötürmələri zərgər dəqiqliyi ilə seçilirdi. O, komandanın hücumlarına, ümumiyyətlə, oyuna dirijorluq edirdi. Matçlar zamanı Bekkenbauer, demək olar ki, soyuq, təkəbbürlü və əzəmətli, bir sözlə, imperator kimi təsir bağışlayırdı. Mütəxəssislərin onu artıq istedadlı oyunçu kimi görmələrinə baxmayaraq, ictimaiyyət “kayzeri” öz sevimlisinə çevirməyə tələsmirdi. Bekkenbauer özü sonralar bunu belə xatırlayırdı: “Məni iddialı və təkəbbürlü oyunçu hesab edirdilər”.
Bekkenbauer XX əsrin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. “Kayzer” karyerasının böyük bir hissəsini, hələ 13 yaşında heyətində top qovmağa başladığı Münhenin “Bavariya” klubunda keçirib. 1970-ci ildən 1977-ci ilə qədər Bekkenbauerin kapitanı olduğu “Bavariya” 3 dəfə ardıcıl olaraq Avropa Çempionlar Kubokunu qazanıb və bu nailiyyətinə görə kubok həmişəlik komandaya hədiyyə edilib. Bekkenbauer üçüncu qalibiyyətdən sonra özünün ikinci “Qızıl top”unu alıb.
“Kayzer” “Bundesliqa”da 400 matçda meydana çıxıb. İki dəfə futbol üzrə dünya çempionu tituluna sahib olub: birinci dəfə 1974-cü ildə oyunçu kimi, ikinci dəfə 1990-cı ildə isə baş məşqçi kimi.
“XX yüzilliyin futbolçusu”
Bekkenbauer Almaniya yığmasının heyətində 100-dən çox matçda oynayıb. 1971-ci ildən komandanın kapitanı kimi meydana çıxıb. 1972-ci ildə Avropa çempionatının finalında SSRİ komandası ilə qarşılaşmada qalib gələn Almaniya millisi qızıl medallara sahib olub. 1974-cü ildə isə ətrafında “Bavariya” klubunun Zepp Mayer, Paul Braytner, Uli Höness və Herd Müller kimi “ulduzlar”ını birləşdirən “kayzer” başda olmaqla, Almaniya yığması artıq öz doğma şəhərində Hollandiya millisinə 2-1 hesabı ilə qalib gələrək yeni dünya kubokuna sahib olub.
1974-cü ilin payızında Bekkenbauer Amerikaya köçür və orada “dünya futbolunun kralı” Pele ilə oynamağa başlayır. Okeanın o tayında da “kayzer” 3 dəfə çempion olur. 1982-ci ildə “Bundesliqa”ya qayıdan futbolçu “Hamburq” klubu ilə Almaniya çempionu olur. Əfsanəvi futbolçu kimi son mövsümünü Nyu-Yorkun “Kosmos” klubunda “yaşıl meydan”da sevimli “libero” mövqeyində oynayır. 1983-cü ilin sentyabrında “kayzer” son matçına çıxır.
Futbol əfsanəsinin mükafatlarını saymaqla qurtaran deyil. O, 4 dəfə AFR-də, 2 dəfə Avropada “İlin futbolçusu” seçilib. Almaniyada isə “kayzer” “XX yüzilliyin oyunçusu” fəxri adına layiq görülüb.
Almaniyanın tanınmış idman jurnalisti Hans Blikensdyorfer sonralar yazırdı ki, Bekkenbauer hələ oyunçu mövqeyində top qovanda artıq məşqçi idi. Ona görə də 1984-cü ildə “kayzer” futbolçu formasını çıxarıb məşqçi geyimində meydançanın kənarında görünəndə buna heç kim təəccüblənmədi. O, dərhal AFR “komandasının başçısı” oldu. Almaniya Futbol İttifaqının (DFB) məşqçilik üçün nə lisenziyası, nə də müvafiq təhsili olan Bekkenbauerə məxsusi olaraq belə vəzifə təklif etməsi aydın idi. Sonralar isə o, fəaliyyətinin nəticəsinə əsasən məşqçilik lisenziyası aldı.
1986-cı ildə Meksikada keçirilən Dünya çempionatında Almaniya millisi 2-ci oldu. Məşqçi ilə futbolçular arasında münasibətlər arzuedilən səviyyədən çox uzaq idi. Bekkenbauer bir çox oyunçuları çəkinmədən “qanmaz” adlandırdı. “Kayzer”i məsxərəyə qoyub “təlxək” adlandırdığına görə qapıçı Uli Ştaynı dərhal evə yola saldılar.
Dörd il keçdi. Bütün anlaşılmazlıqlar və fikir ayrılıqları unuduldu. 1990-cı ildə Romada keçirilən Dünya çempionatında Almaniya millisinin çıxışı qələbə ilə nəticələndi. Bekkenbauer sonrakı nəsillər üçün əsl ilham mənbəyinə çevrildi. Belə bir inam yaranmışdı ki, “kayzer” nəyə toxunursa, o, “qızıl”a çevrilir. Keçid mərhələsində o, iki dəfə “Bavariya” klubunun məşqçisi oldu. 1994-cü ildə Erix Ribbekin istefasından sonra Bekkenbauer komandası ilə birlikdə çempion oldu.
1996-cı ildə Otto Rehhagelin uğursuzluğundan sonra məşqçilik məsuliyyətini öz üzərinə götürən Bekkenbauer bavariyalıları UEFA kubokunun qalibi etdi. “Kayzer” 15 il “Bavariya”nın rəhbəri oldu: 1994-cü ildən 2009-cu ilə qədər, klubun prezidenti idi.
“Yay nağılı” qalmaqalı
Frans Bekkenbauer, məşqçi kimi uca zirvələr fəth edəndən sonra DFB-nin yüksək ranqlı futbol məmuru kimi də şöhrət qazanmağa başladı. 1998-ci ildən “kayzer” rəyasət heyətini idarə etməyə başladı. 2006-cı ildə o, Dünya çempionatını keçirmək üçün ölkəsi adından sifariş verən komitənin rəhbəri seçildi və Almaniyanın namizədliyinin uğur qazanmasına nail oldu. Beləcə, Frans Bekkenbauer “yay nağılı”nın (Almaniyada 2006-cı il Dünya Çempionatını məhz belə adlandırırlar–İ.R.) Almaniyada baş tutmasının səbəbkarı oldu. Almaniya mediası, xüsusən də həftəlik “Der Spiegel” nəşri onu diplomatiyanı futbol oynamaq qədər asanlıqla bacaran “xarici işlər naziri” adlandırdı.
Təəssüf ki, bir müddət sonra elə “Der Spiegel” jurnalı uzun müddət alman futbolunda görünməmiş bir qalmaqal haqqında açıqlamalar dərc edərək, “kayzer”in bu uğurunu gözdən saldı. Dövrün ən tanınmış həftəlik jurnallarından biri 2015-ci ildə oxuculara təqdim etdiyi sensasiyalı materialda DFB-nin futbol üzrə 2006-cı il Dünya Çempionatının Almaniyada keçirilməsi hüququnu FİFA-nın İcraiyyə Komitəsinin üzvlərinə rüşvət verməklə aldığını bəyan etdi. Jurnalistlər iddia edirdilər ki, onlar konkret bu faktın izinə düşüblər. Şübhələr göstərirdi ki, “yay nağılı” Almaniyaya təmiz yolla gəlməyib. Bu da “kayzer”in karyerasına kölgə salırdı. “Der Spiegel”in jurnalistlərinə bəlli olmuşdu ki, “Adidas” firmasının o zamankı icraçı direktoru Rober Lui Dreyfus 2002-ci ildə gizli şəkildə DÇ-2006-nın təşkilat komitəsinin rəhbəri Frans Bekkenbauerə 6,7 milyon avro kredit ayırıb.
İsveçrədə dələduzluqda ittiham edilən keçmiş futbol məmurlarının cinayət işinin istintaqı başladı. Təhqiqatı aparan İsveçrə müstəntiqləri bu qərara gəldilər ki, futbol məmurları DÇ-2006-nın təşkilat komitəsinin üzvlərinə ödənilən 6,7 milyon avronun əsl məqsədini gizlədiblər. Bekkenbauerə qarşı da istintaq aparılırdı, lakin onun səhhətində problem olması səbəbindən 2019-cu ildə “kayzer”in işinə ümumi istintaqdan ayrı baxıldı.
Bekkenbauer uzun müddət susdu, hər dəfə səslərin pulla alınmasını dandı. DFB-in ödəniş sənədi üzə çıxanda isə, Bekkenbauer məsuliyyəti öz üzərinə götürərək bəyan etdi ki, “ovaxtkı təşkilat komitəsinin prezidenti kimi bu səhvə görə məsuliyyət daşıyır”. İstintaq materiallarında keçən sənədlərdə onun imzası var idi. “Mən həmişə imzamı kor-koranə atıram, hətta ağ kağızlara belə”, – deyə “kayzer” etiraf etdi.
“Yay nağılı” ətrafındakı qalmaqala görə Bekkenbauer ictimai səhnədən qeybə çəkildi. O, həyatının son illərini Avstriyanın Zalsburq şəhərində, üçüncü həyat yoldaşının yanında keçirirdi. Bekkenbauerin 5 uşağı vardı. Onun oğlu Ştefan 2015-ci ildə ağır xəstəlikdən vəfat etmişdi. “Bu, həyatım boyu ən böyük itkim idi”, – deyə Bekkenbauer qeyd edirdi. “Mən bilmirəm, nə vaxtsa öz övladının ölümünə tab gətirmək mümkündürmü? Yəqin ki, yox...”
Son illər “kayzer”in səhhəti xeyli pisləşmişdi. İki dəfə ürəyindən əməliyyat olunmuşdu. Futbolçu, məşqçi məmur və Bekkenbauerin yoldaşı Uli Höness qeyd edir ki, təəssüf ki, “kayzer”ə çox ağır həyat nəsib olub. Onun nailiyyətləri əlçatmazdır, lakin o cibinə heç nə qoymayıb. Nə vaxtsa aydınlıq gətirilməlidir. Onu sakit buraxmaq lazımdır!”
Bir neçə il əvvəl reportyorlar Frans Bekkenbauerdən soruşublar ki, o, həyatda nəyə görəsə peşmanlıq çəkirmi?
“Peşmanlıq? Nə üçün?! Yox!” – deyə qürurlu “kayzer” qətiyyətlə cavab verib.
Həqiqətən də, futbolun əfsanəsi və bu ecazkar oyuna böyük sosial status bəxş edən insan nəyə görə peşmanlıq çəkməlidir ki?!
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ