Azərbaycanın və dünyanın aparıcı şahmatçıları Milli Xalça Muzeyində rapid və blits üzrə “Çempionların savaşı” adlı turnirdə mübarizə aparacaqlar. Yarışda qədim sənət növü ilə dünyanın ən qədim oyunu vəhdət təşkil edərək, zəka sahiblərinin mübarizəsinə çevriləcək.
“Çempionlar savaşı”nda Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandla (Hindistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə qarşılaşacaq.
Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə təşkil ediləcək yarış aprelin 27-dən 30-dək davam edəcək.
Qeyd edək ki, Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də ölkə birinciliyinin qalibi olan yeniyetmə şahmatçılara seans keçirəcəklər.
L.QURBANOVA
XQ