İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PASHA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə “Holberton School Azerbaijan”da yüz faizlik təqaüd proqramına start verilir.
Proqram çərçivəsində 2025–2026-cı illər üzrə proqram təminatının əsasları və müasir texnologiyalar üzrə təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq nüfuza malik Holberton Məktəbi modelinə əsaslanacaq.
Proqramda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Bakı və ətraf ərazilərdə yaşayan iştirakçıların tədris müddətində kampusda həftəlik ən azı 15 saat iştirak etmələri zəruridir. Bölgələrdə yaşayan şəxslər isə təlimlərə onlayn formada qoşulmaq imkanı əldə edəcəklər.
Proqram çərçivəsində ümumilikdə 200 nəfər məzunun hazırlanması nəzərdə tutulur. Proqramı uğurla tamamlayan iştirakçıların “aparıcı” və ya “baş mütəxəssis” səviyyəsində məzun olacaqları planlaşdırılır.
Təlim müddətində tələbələr üçün LMS (Learning Management System) platforması istifadəyə veriləcək. Hər bir iştirakçı üçün fərdi profil yaradılacaq, öyrənmə prosesləri izləniləcək, tapşırıqlar və qiymətləndirmələr sistem üzərindən aparılacaq.
Tədris proqramları “Full-Stack Web Development və AI” (9 ay), “Cybersecurity”, (12 ay) “Machine Learning” (12 ay), “Computer of Science” (9 ay) olmaqla 4 istiqamətdə həyata keçiriləcək.
Layihə çərçivəsində təşkil olunacaq təlimlərin əsas məqsədi İKT sahəsində ixtisaslı kadrlar hazırlamaq, orta təhsilini tamamlamış və ya təhsilini yarımçıq qoymuş şəxsləri bu sahəyə cəlb etmək, peşə dəyişikliyi etmək istəyənlərə dəstək olmaq, eyni zamanda ölkədə İKT savadlılığını artırmaq və bu istiqamətdə iqtisadi inkişafa töhfə verməkdir.
Qeyd edək ki, “Holberton School Azərbaycan” dünyaca məşhur “Holberton School” şəbəkəsinin bir hissəsidir. Layihənin əsas məqsədi tələbələrə müstəqil öyrənmə, tədqiqat aparma və real layihələr üzərində işləməklə praktiki təcrübə qazandırmaqdır. İRİA İKT sahəsində beynəlxalq təcrübənin ölkədə tətbiqi məqsədilə artıq iki ildir ki, “Holberton School”la əməkdaşlıq edir.
2016-cı ildən fəaliyyət göstərən “Holberton School” hazırda 20-dən çox ölkə, 30-dan çox şəhərdə qlobal təhsil şəbəkəsini formalaşdırır. Bu məktəblərin məzunları “LinkedIn”, “Google”, “Tesla”, “Docker”, “Apple”, “Dropbox”, “Facebook”, “Pinterest”, “Genentech”, “Cisco” və IBM kimi aparıcı texnologiya şirkətlərində karyera qurublar.
Son qeydiyyat tarixi: 29 oktyabr 2025-ci il
Qeydiyyat üçün link: https://holbertonschool.az/admission
XQ