Dövlət Neft Fondunun aktivləri 54 milyard dolları ötüb
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 20 ildə sürətli tərəqqi yolu keçib. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici sərmayələrin cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr reallaşdırılıb.
Bütün bu tədbirlərin uğurlu nəticəsi Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə vurğulanan göstəricilərdə də öz ifadəsini tapıb. Sənəddə bildirilir ki, cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 milyard 915,1 milyon ABŞ dollarına çatıb.
ARDNF-in məlumatına əsasən, cari ilin yanvar-iyun ayları ərzində Fondun büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.
İlin ilk 6 ayı ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 milyard 77,1 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 977, 6 milyon manata çatıb.
Hesabat dövründə Fondun 2023-cü il büdcəsinin icrası çərçivəsində 2 milyard 661 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 3,6 milyon manat yönəldilib. Bu ilin yanvar-iyun ayları ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 11 milyon manat təşkil edib.
Cari ilin ilk yarım ilində aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarəsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə edilib. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrinin artmasını istisna etmir. Aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib.
Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə 2023-cü ilin faktiki daxilolmaları nəzərə alınmaqla xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisində 2024-cü il 1 yanvar tarixinə ARDNF-in aktivlərinin 51,7 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.
Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 2024-cü il 1 yanvar tarixinə Fondun aktivlərinin xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisi ilə müqayisədə təqribən 0,7 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olur. Belə ki, gələn il yanvarın 1-nə aktivlər xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisinə nəzərən 40 ABŞ dolları ssenarisində 1,4 milyard ABŞ dolları az olmaqla 50,3 milyard ABŞ dolları, 80 ABŞ dolları ssenarisində isə 1,4 milyard ABŞ dolları çox olmaqla 53,1 milyard ABŞ dolları gözlənilir.
Yeri gəlmişkən, xatırladaq ki, bu gün beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi ölkəmizin valyuta rezervləri göstərilir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə, Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlardır. Makroiqtisadi şoklar çərçivəsində toplanan və idarəolunan ehtiyatlar isə enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin dayanıqlılığının, həmçinin sabitliyinin qorunması üçün yeganə zəmindir. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehtiyatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam formalaşdırması makroiqtisadi dayanıqlılıq üçün əlavə zəmanət rolunu oynayır.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsaslanıb deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdışından sonra ğlkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi və bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində bir sıra önəmli islahatlar həyata keçirib. Ulu öndər qısa zaman ərzində uzunmüddətli dövr üzrə sosial-iqtisadi inkişaf strategiyasının müəllifi olaraq tarixi uğurlara imza atıb. Məhz dahi şəxsiyyətin həyata keçirdiyi sosial-iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik bərpa olunub, inflyasiya üçrəqəmli səviyyədən təkrəqəmli səviyyəyə düşüb, büdcə kəsiri dəfələrlə azalıb, manatın məzənnəsi sabitləşib və bank sistemi sağlamlaşdırılıb.
Ümummilli liderin əzmkarlığı və fədakarlığı ilə yaradılan iqtisadi potensial əsasında onun layiqli davamçısı Prezident İlham Əliyev qızıl inkişaf dövrünə nail olub. Dövlətimizin başçısının qarşıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib.
2003-cü ildən başlayaraq son 20 ildə həyata keçirilən strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşdirilib.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
SOCAR-ın açıqlamasına görə, 2023-cü ilin I yarısında Azərbaycan neftinin bir barelinin orta ixrac qiyməti 82,84 dollar təşkil edib, yəni bu gün dünya bazarında yaşananlar cari ili 80 dollardan yuxarı göstəricilərlə başa vurmaq ehtimalını xeyli artırır.
Hazırda isə dünya bazarında “Azeri Light” markalı neftin bir bareli 88,76 dollara satılır. Xatırladaq ki, bu sort neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.
Bəs bu bahalaşma bizə nə verir? Birincisi, azalan neft həcmləri fonunda gəlirlərimiz hiss ediləcək səviyyədə qalır. İkincisi, Maliyyə Nazirliyinin proqnozuna görə, neftin orta ixrac qiymətinin hər barel üçün 10 dollar artımı icmal büdcənin 1,3-1,4 milyard manat artımına gətirir. Üçüncüsü, ölkənin valyuta ehtiyatlarının artımına 1 iyul 2023 tarixinə Neft Fondunun aktivləri 54 milyard 915,1 milyon, Mərkəzi Bankın valyuta ehtiyatları isə 31 iyul 2023-cü il tarixinə 9 milyard 244 milyon təşkil edir və nəticə etibarı ilə makroiqtisadi göstəricilərin sabitliyi gerçəkləşir. Nəhayət, əlavə gəlirlər hesabına işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirmək imkanı yaranır.
Burada onu da qeyd edim ki, artan neft-qaz gəlirləri Azərbaycana Rusiyanın, Qərbin və İranın sakitcə müşahidə etdikləri 30 illik işğala son qoymaq üçün imkanlar açdı.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


