Ölkəmizin alternativ enerji potensialı dünyada yüksək dəyərləndirilir
Avropa İttifaqı 2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyib. Bu məqsədlə ənənəvi enerji mənbələrini ekoloji cəhətdən daha təmiz olanlarla əvəz etmək üçün mühüm tədbirlər həyata keçirilir. Ekoloji cəhətdən ən təmiz enerji növlərindən biri də yaşıl hidrogendir. Hidrogen özü yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcəyin yanacağı” adlandırırlar. Yeri gəlmişkən, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, əsrimizin ortalarına qədər enerji istehsalının 12 faizi məhz hidrogenin payına düşəcək.
Hidrogen planetimizdə ən bol elementlərdən biri olmaqla yanaşı, təmiz yanacaq növü kimi getdikcə daha çox maraq kəsb edir. Hazırda Avropada “yaşıl keçid” platformasının əsas istiqamətlərindən sayılan hidrogenin istehsalı və ixracına nail olunması sahəsində intensiv iş aparılır. Yeri gəlmişkən, 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında imzalanmış BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasında alternativ enerji mənbərindən, o cümlədən hidrogendən geniş istifadəyə nail olmaqla emissiyaların sıfıra endirilməsi nəzərdə tutulur. Xatırladaq ki, sözügedən sazişə imza atan 171 ölkədən biri də Azərbaycan Respublikası olub.
Qeyd edək ki, alternativ və bərpaolunan enerji sahəsində yükək potensiala malik olan Azərbaycan Avropanın prioritet elan etdiyi “yaşıl enerji” platformasına qoşulan ilk ölkələrdəndir. Bu da təsadüfi deyil. Çünki ölkəmiz uzun illərdir ki, Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqu var, bura təkcə qaz deyil, həm də bərpaolunan enerji və yaşıl hidrogen daxildir.
Bu baxımdan gələcək uğurlu əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji, o cümlədən yaşıl hidrogen istehsalına nail olmalıdır. Bunun üçün isə ölkəmizin bərpaolunan enerji potensialı kifayət qədərdir. Yaşıl hidrogenə gəldikdə isə, Azərbaycan özünün zəngin qaz ehtiyatları hesabına hidrogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malikdir. Ölkəmizin “yaşıl enerji” potensialı artıq dünyanın bir sıra nüfuzlu elmi-tədqiqat və beyin mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir.
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının nüfuzlu beyin mərkəzlərindən sayılan Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin ştatdankənar baş elmi işçisi Çarlz Ellinas deyib ki, Azərbaycan Avropanın yaşıl hidrogen tədarükçüsü olmaq üçün çox gözəl imkana malikdir. Onun sözlərinə görə, ölkəmizin Avropaya ixrac etmək məqsədilə ekoloji təmiz hidrogen istehsalını inkişaf etdirmək üçün zəngin potensialı və lazımi infrastrukturu var.
Avropanın 2030-cu ilədək iqlim sahəsində çox iddialı hədəflərə çatmağın və 2050-ci ilədək tullantıların səviyyəsini sıfıra endirməyin tərəfdarı olduğunu vurğulayan Çarlz Ellinas bildirib ki, qazıntı yanacağının istehlakını əvəzləmək üçün “yaşıl enerji” tədarüklərinin artırılması tələb olunur. Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin eksperti bu baxımdan ölkəmizin imkanlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini vurğulayıb: “Beynəlxalq Enerji Agentliyi Azərbaycanı həm daxili istifadə, həm də ixrac üçün bərpa olunan enerji mənbələrinin mühüm potensialına malik ölkə olaraq müəyyən edib. Ölkədə Avropaya ixrac etmək məqsədilə yaşıl hidrogen istehsalını inkişaf etdirmək üçün resurs və lazımi infrastruktur mövcuddur. Avropanın yaşıl hidrogen üzrə hədəflərinə çatmaq üçün məhdud daxili potensialını nəzərə alsaq, ona idxal lazım olacaq ki, bu da Azərbaycanın qarşısında çox gözəl imkanlar açır”.
Qeyd edək ki, nüfuzlu beyin, düşüncə mərkəzi sayılan Atlantik Şura 1961-ci ildə NATO-nun nəzdində yaradılıb. Qərargahı Vaşinqtonda yerləşən şuranın təsis edilən zamanı əsas məqsədi NATO-ya üzv ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsindən ibarət olub. Atlantik Şura siyasi, işgüzar və intellektual liderlərin forumu kimi yüksək nüfuza malikdir. Bir çox qlobal siyasət və iqtisadiyyat yönümlü proqramları və layihələri inkişaf etdirən şuranın 10 regional mərkəzi mövcuddur.
Yeri gəlmişkən, hazırda bütün dünyada hidrogenin istehsalı və istifadəsi ilə yanaşı, onun ixracı məsələsi də xüsusi aktuallıq kəsb edir. Mütəxəssislər bu yanacağın boru kəmərləri ilə nəqlini ən optimal variant hesab edirlər. Hazırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilməsi ilə bağlıdır. Digər variant isə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur.
Ekspertlər Azərbaycanın gələcəkdə istehsal edəcəyi hidrogeni dünya bazarlarına ixracı üçün Cənub Qaz Dəhlizinin imkanlarından istifadəni ən məqbul variantlardan biri hesab edirlər. Onların fikrincə, hidrogen qarışığının elə təbii qazla birlikdə ixracı mümkün olacaq. Bununla yanaşı, hazırda hidrogen ixracı üçün ayrıca boru kəmərinin çəkilməsi imkanları da nəzərdən keçirilir.
Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən aparılan tədqiqatlar Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlilini yekunlaşdırıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.
Bütövlükdə, Azərbaycan böyük qaz yataqları, zəngin ehtiyatları hesabına hidrogenə keçid baxımından yaxşı imkanlara malikdir. Hidrogenin istehsalı üçün isə ölkəmizdə yeni emal müəssisəsi tikilməlidir. Həmin müəssisənin günəş panellərindən və külək qurğularından alınan enerji hesabına fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Azərbaycan Respublikası Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, artıq ölkəmizdə hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanmasına başlanılıb.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

