Bu ilin 9 ayında yataqdan 20 milyard kubmetr qaz və 3 milyon ton kondensat çıxarılıb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən dünya səviyyəli “Şahdəniz” yatağı uzun illərdir ki, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə, ölkəmizin potensial qaz tədarükçüsü kimi rolunun artmasına xidmət edir. XXI əsrin ən böyük eneji marşrutu sayılan Cənub Qaz Dəhlizi ilə Avropaya göndərilən qaz həcmlərinin artırılması isə “Şahdəniz” layihəsi səhmdarlarının səmərəli fəaliyyətindən asılıdır.
“BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2023-cü ilin 9 ayında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə, təxminən, 1 milyard 738 milyon dollar, əsaslı məsrəflərinə isə 653 milyon dollar xərclənib. Həmin vəsaitin isə böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf edilib.
Cari ilin ötən dövründə təbii qazın “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib.
Məlum olduğu kimi, layihə səhmdarlarının yekdil qərarına əsasən, “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi qərara alınıb. Xatırladaq ki, birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, ilk qaz isə 2006-cı ilin sonlarında hasil edilib. Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü təxminən 72,1 milyon (ildə 26,3 milyard kubmetrdən artıq) kubmetr təşkil edir. Cari ilin doqquz ayında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından, ümumilikdə, təqribən 20 milyard kubmetr qaz və 3 milyon tondan artıq kondensat çıxarılıb. Yeri gəlmişkən, hasilata başlanıldığı və Cənubi Qafqaz boru kəmərinin istismara verilməsindən 16 il yarım sonra “Şahdəniz” layihəsi üzrə əlamətdar hadisə, uğurlu nəticə qeydə alınıb. Belə ki, layihənin səhmdarları avqust ayının 26-da “Şahdəniz” yatağından 200 milyard kubmetr qaz əldə olunmasını təntənəli şəkildə elan ediblər.
Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasrukturdur. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi daxildir.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını işlənməyə daxil ediblər.
2023-cü ilin üçüncü rübündə sözügedən layihə çərçivəsində aparılan işlər yatağın şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun davam etdirilib. Həmin cinahdan hasilatın başlanması üçün quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasının üst modullarında aparılıb. Hesabat dövründə layihə çərçivəsində şərq-şimal cinahının istismar sınaqlarına gəmidən dəstək işləri uğurla tamamlanıb. Hazırda isə bütün sistemin təhvil verilməsi üçün platformada istismar sınaqları həyata keçirilir.
Bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasının qazma qurğusunda aparılan profilaktik işlər səbəbindən yeni quyu qazılmayıb. Bununla belə, “İstiqlal” qazma qurğusu vasitəsilə SDF03z quyusunun tamamlama işləri yekunlaşdırılıb və SDF05 quyusunda analoji tədbirlərə başlanılıb. Ümumilikdə isə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 21 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şimal, 4-ü qərb, 4-ü şərq, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qazılıb.
Hazırda layihənin səhmdarları tərəfindən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş çərçivəsində yeni bir kəşfiyyat quyusunda qazma işləri aparılır. Qeyd edək ki, SDX-8 adlandırılan həmin quyunun qazılmasına 2023-cü il yanvarın 20-də Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə başlanılıb. “Şahdəniz” yatağının şərq cinahında yerləşən quyu yatağın hazırda istismarda olan məhsuldar laylarının altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə qazılır.
“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. Cari ilin üç rübü ərzində terminaldan, həmçinin gündəlik orta hesabla, təxminən, 71 milyon kubmetr “Şahdəniz” qazı göndərilib.
Məlum olduğu kimi, Səngəçal terminalındakı mövcud qurğular qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə ötürür. Ötən il Cənubi Qafqaz boru kəmərinin əməliyyat tədbirlərinə təqribən 49 milyon dollar, əsaslı məsrəflərinə isə 4,5 milyon dollar xərclənib.
Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alıcılara daha çox qaz çatdırmaq məqsədilə kəmərin imkanları xeyli genişləndirilib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. Bu ilin 9 ayı ərzində Cənubi Qafqaz boru kəmərinin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,5 milyon kubmetr təşkil edib.
Mirbağır YAQUBZADƏ
XQ

