Azərbaycan və Çin “Bir kəmər, bir yol” təşəbbüsü və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər.
Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Lu Mey Bakıda keçirdiyi brifinqdə Azərbaycan və Çin tərəfindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı çərçivəsində əməkdaşlığın fəal şəkildə inkişaf etdirildiyini bildirib. O daha sonra Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün İpək yolunun ruhunu qoruyub saxlamaq, əməkdaşlıq üçün açıq platforma yaratmaq və müxtəlif ölkələrin inkişafına yeni təkan vermək məqsədi daşıdığını qeyd edib.
Onun sözlərinə görə, Çin nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin inkişafına böyük əhəmiyyət verir və bu, Azərbaycanın öz tranzit potensialını açmaq strategiyasına tam uyğundur.
“Çin gömrük prosedurlarının asanlaşdırılmasının səviyyəsini və yük daşımalarının səmərəliliyini davamlı şəkildə artırmaq üçün Azərbaycan və marşrut üzrə digər ölkələrlə əməkdaşlığa, eləcə də Xəzər dənizi vasitəsilə Çin ilə Avropa arasında təhlükəsiz və sabit nəqliyyat xəttinin birgə qurulmasına hazırdır”, – Lu Mey vurğulayaraq əlavə edib ki, 2024-cü ildə bu marşrut üzrə daşımaların həcmi əhəmiyyətli dərəcədə (369 qatar göndərilib ki, bu da əvvəlki ildən 36 dəfə çoxdur) artıb.